Bu gün top bizdədir: Anadoludan Qafqazadək ...
Tarix 100 ildən sonra bütün gerçəkliyi ilə tarix olur. Bu, sübut olunmuş teoremdir. Biz bizə tarix kimi təqdim olunan, amma heç 100 illiyi tamam olmadan belə həmin təqdimatların başdan-ayağa saxta olduğu haqda çox faktlarla qarşılaşdıq. Saxtalar gerçəyə, gerçək bildiklərimiz saxtaya çevirildi gözlərimiz önündə. Belə bir deyim də var: Biz xalq olaraq hər zaman özümüzə böyük qardaş axtarmışıq. Bunun alt mənası odur ki, balacayıq. Əlimizdən tutan olmasa, addımlaya bilmərik. Gərək, kimsə bizə böyük qardaşlıq eləsin ki, sağ qalaq. Elə bu da saxta bir teoremdir. Hər kəsə qardaş lazımdır. Böyük, ya kiçik. Vacib olar odur ki, qardaşımız bizə yuxarıdan aşağı baxmasın. Bizi öz kiçiyi hesab etməsin. Səmimiyyət də, qardaşlıq da, tərəfdaşlıq da budur. Azərbaycan və Anadolu türklərinin taleyi tarix boyu bir-birinə bağlı olub. Burada baş verən tufanın yeli Anadoluda, Anadoludakı tufanın soyuğu Qafqazda hiss olunub. Münasibətlərin, dostluğun yüksək səviyyədə olduğu vaxtlar da olub, bu münasibətlərin düşmənçilik həddinə çatdığı dönəmlər də olub. Amma bağ qırılmayıb heç zaman. Kədərimiz də, sevincimiz də bir olub. Bu gün isə hətta nəfəsimiz də birdir. Bəlkə də son 10 əsrdə Azərbaycan və Türkiyə coğrafiyasında mövcud olan siyasi quruluşlar arasında indiki qədər yaxın münasibət müşahidə olunmayıb. Ona görə də, birinci abzasda qeyd etdiyim fikrə qayıdıram. Bu gün yaşadığımız tarix gerçəkdir. İndi yaşadıqlarımız, mediada, ədəbiyyatda salnamələrə yazılan Türkiyə-Azərbaycan qardaşlığı 100 il sonra da olduğu kimi qalacaq. Buna adım kimi əminəm. Mənim adımın 10, 20, hətta 100 il sonra dəyişmək ehtimalı olmadığı kimi, Azərbaycan-Türkiyə münasibətlərində 2022-ci ildə mövcud olan səmimiyyət də 100 il sonra tarix dərsliklərində bu gün yazılan kimi, dəyişilmədən təqdim olunacaq. Biz əl-ələ, qol-qola tutanda güclü oluruq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Zəngilandadır. Zəngəzurun qapısında. Azərbaycan Prezidenti İlham Əliyevlə çiyin-çiyinə, türk PUA-larının, Azərbaycan əsgərinin açdığı böyük yolda yanaşı addımlayır. Bu iki siyasi lider nəinki regionun siyasi düzənində, dünyanın da siyasi düzənində yeni şərtlərin ortaya çıxmasına nail ola bildilər. Artıq diplomatik masalarda Qarabağ deyil, Zəngəzur məsələsi müzakirə olunur. Siz son 10-15 ildə dünya xəritəsində nəyinsə dəyişməsinə heç şahid oldunuzmu?! Amma indi biz yeni xəritələrin bu gün - sabah doğuşunu gözləyirik. Bu, pafos deyil. Böyük arzudur, eyni zamanda siyasi reallıqdır. Və düşmənin öz silahının özünə qarşı istifadə olunması strategiyasıdır. Siyasət maraqların üst-üstə düşməsidir. Ola bilər ki, sabah Azərbaycan və Türkiyənin hansısa maraqları üst-üstə düşməsin. Bu, normaldır. Amma önəmli olan bu deyil. Önəmli olan odur ki, son 2 ildə Azərbaycan və Türkiyə birliyi elə bir qarşılıqsız dostluğa çevrildi ki, bu həm Anadolu, həm də Azərbaycan türklərinin altşüurunda ehkam olaraq oturuşdu. İndi bizi ayrı təsəvvür etmək sadəcə, mümkün deyil. Missiya yerinə yetirilib. Biz elə bir zamanda yaşayırıq ki, indi xalqların böyük köçünə ehtiyac yoxdur. Deportasiya belə ötən əsrdə qalıb. İndi anlaşma, uzlaşma zamanıdır. Kim anlaşmayacaqsa, o artıq bizim problemimiz deyil. Bu gün top bizdədir. Son iki ilin siyasi prosesləri göstərdi ki, biz təkqapı oynamağı da bacarırıq. 2020-ci ildə olduğu kimi... Elnur Məmmədli