Hərbi ekspert: "Özümüzü aldatmadan QISA TƏHLİL"
Tanınmış hərbi ekspert Alparslan İmamqulu mövcud vəziyyətlə bağlı fikirlərini tezislər şəklində sosial mediada paylaşıb. "AzerTaym.az" musavat.com-a istinadən həmin tezisləri təqdim edir: 1. Rusiya tarix boyunca düşmənimiz olub və ondan hər hansı dəstək gözləmək yersizdir. Azərbaycan xalqına qarşı törədilmiş soyqrım və cinayətlərdə birbaşa iştirakı olan dövlətin atacağı hər hansı xoş məramlı addımın arxasında mütləq növbəti bir təxribat vardır. 2. Ermənistanın öz milli iradəsi və qərarı olmayan "dövlətdir". Hal-hazırda regionda baş verən iqtisadi və siyasi proseslərə təsir göstərə bilinməsinə hesablanmış olaraq Qərb, Rusiya və İran tərəfindən parçalanmaq üzrədir. Bu səbəblə Ermənistanın imzaladığı hər hansı sənəd əhəmiyyət kəsb etmir və mövcud vəziyyətdən zərərli çıxmamağımız üçün mütləq qabaqlayıcı tədbirlər görülməlidir. 3. Azərbaycan Vətən müharibəsində möhtəşəm zəfər qazandı. Amma əldə olunmuş qalibiyyətin təsdiqlənməsi üçün hybrid müharibə hələ də davam etməkdədir. Düşmənlər içəridən və xaricdən öz əməllərinə davam etməkdədirlər. Bir tərəfdə xarici düşmənlərlə diplomatiya, informasiya və iqtisadi müstəvilərdə mücadilə edərkən daxildə baş verən prosesləri də unutmamalıyıq. Hüququn, elmin, səhiyyənin, silahlı qüvvələrin və iqtisadiyyatımızın inkişafı adına ciddi islahatlara ehtiyac vardır. Unutmayaq ki, dövlətin əsl gücü onun vətəndaşlarının refahı və haqqının qorunması ilə təcəlli edər. Bugün dünyada yaşayan 350 milyon Türk soydaşımıza nümunə ola biləcək bir ölkə modeli qurmaq zamanıdır. Bunun üçün isə parçalanmış Azərbaycanın yenidən bərpa olunmasına inanmış və qətiyyətlə çalışmağa hazır mübariz yeni bir cəmiyyət formalaşmalıdır. Bu yola çıxa bilmək üçün ən başda içimizdəki fərqində olaraq və ya olmayaraq düşmələrimizə xidmət edən rüşvətxor, yaltaq, vicdansız və əqidəsiz məmur sürülərindən qurtulmalıyıq. Tarix yenidən yazılır və bu sürəcdə gələcək nəsillərə Müstəqil Böyük Azərbaycanı miras buraxmaq borcumuzdur!