Niyə ruslar Putinə Stalindən nümunə götürməyi məsləhət görürlər?..

  Bir tərəfdən Böyük Vətən müharibəsində on milyonlarla sovet insanının həlak olduğunu deyirlər. O biri tərəfdən də prezident V.Putinə İ.Stalindən nümunə götürməyi məsləhət bilirlər. 
Bəli, Böyük Vətən müharibəsinə müqəddəs müharibə deyirdilər və biz bunu qismən də olsa, anlayırıq, çünki bu müharibə sözün əsl-mənasında ölüm-dirim müharibəsi idi. O gün baxıram, tele-kanalların birində kinorejissor Karen Şaxnazarov deyir ki, Ukrayna ilə müharibə də müqəddəs müharibə hesab olunmalıdır...
Dərhal sual yaranır: Axı niyə? Nə üçün? Əfqanıstandakı müharibəyə "beynəlxalq borc” – filan dedilər, amma sovet təbliğatının qılıncının dalının-qabağının kəsdiyi bir vaxtlarda bir kimsənin ağlına da gəlmədi ki, Əfqanıstandakı savaşa müqəddəs müharibə desin...
Bəli, rusların, daha doğrusu, Kremlin və onun əlaltılarının Ukraynada gümanları doğrulmadı, ildırım sürətli müharibə alınmadı. 
Heç bir ay deyil ki, "referendum” keçirib Ukraynanın Şərq torpaqlarını öz əraziləri elan ediblər. İndi həmin torpaqlardan qaçırlar. Və təsadüfi deyil ki, belə bir hal rejimi və onun əlaltılarını narahat edir. Karen Şaxnazarov da belə əlaltılardan biridir. 
Bəli, İosif Stalin böyük qurbanlar verdi Böyük Vətən müharibəsindəki qələbə üçün. Amma bir daha deyirik ki, onu başa düşmək olardı. Fəqət anlamaq olmur ki, indi Ukrayna Rusiyanın nəyinə lazımdır? Tomas Ceffersonun sözləridir ki, azadlıq ağacı qanla suvarılmalıdır. Əgər bu sözləri bir azca dəyişərək "İmperiya ağacı qanla suvarılmalıdır” – desək, Ukraynadakı müharibənin niyə görə ruslar üçün "müqəddəs müharibə” olduğunu "başa düşmək” olar – aydın məsələdir ki, imperiya daim genişlənməyə çalışmalıdır ki, mərkəzdənqaçma proseslərinin daxilinə sirayət etməsinin qarşını alsın.
Bəli, Anatoli Çubays ziddiyyətli bir adam idi. Amma o, qərbçi idi və Ukrayna ilə müharibə başlayan kimi biz biləni dərhal Rusiyanı tərk etdi. Amma hətta bu adam deyirdi ki, Rusiya liberal imperiya olmalıdır. Bunu belə başa düşmək olar ki, Rusiya yalnız imperiya şəklində mövcud ola bilər, imperiyaların isə librealı olmur. Ən "liberal” imperiya Böyük Britaniya olub, amma onun mövcud olması üçün dünyanın ən müxtəlif yerlərində ingilis əsgərləri qan tökməli olublar. Elə ruslar da deyirlər ki, rus əsgərinin çəkmələrinin dəydiyi torpaqlar artıq Rusiyadır...
Hüseynbala Səlimov
 






Fikirlər