Daş altındakı “5-ci kolon”çular... – azərbaycanlı Şevçenko və İrana satılan “soydaşlar”
Keçmiş təhsil naziri Misir Mərdanov AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin ünvanına sərt sözlər işlədib. Məsələn, bildirib ki, Mehdiyev heç vaxt Azərbaycan üçün xeyirli birisi olmayıb. “Onun ailəsi belə azərbaycanlı deyil, ondan nə gözləyəsən?” Bunu da Mərdanov söyləyib. Misir müəllimin sonuncu ifadəsi ilə razılaşmaq çətindir. Etnik mənsubiyyət məsələsini deyirik. Əvvəla, Ramiz Mehdiyevə qiyməti cəmiyyət əslində çoxdan və böyük ölçüdə verib. Azərbaycan ictimai fikrində onun haqda rəy aşağı-yuxarı təxminən eynidir və artıq daşlaşıb. Adam yaddaşlarda yumşaq desək, pozitiv və nurlu şəxs kimi qalmayıb. Doğru, insan öz milliyyətini, dinini, valideynlərini, vətənini seçmək imkanında deyil. Amma və lakin sənətini, həyat yoldaşını seçmək şansına sahibdir. Buna görə ona irad tutmaq da olar, tutmamaq da. Ömür yoldaşı kimi seçimin qeyri-azərbaycanlı üzərində edilməsi də əsasən nöqsan sayılmaz. Bir azərbaycanlı kişi və ya qadın, müsəlman şəxs qeyr-azərbaycanlı və ya qeyri-müsəlmanla da ailə qura bilər. Burada qəbahət yoxdur. Yeganə şərt, daha dəqiqi, dinimizin tələbi - ailə qurduğun insanın da İslamı qəbul eləməsidir ki, həmin izdivacdan doğulanlar əhli-müsəlman sayılsın. İkinci yandan, bir Adəm övladının dəyəri əlbəttə ki, onun və ailə üzvlərinin etnik mənsubluğu ilə ölçülməz. Hər şeydən öncə içində yaşadığı topluma, çörəyini yeyib suyunu içdiyi millətə faydası, bəşəri dəyərlərə töhfəsi, elmi, savadı ilə müəyyən olunar. 44 günlük Vətən müharibəsində neçə-neçə qeyri-türk vətəndaşımız, hətta qeyri-müsəlman şəxs Azərbaycan uğrunda canından keçdi, şəhidlik zirvəsinə ucaldı. Onların arasında milli qəhrəmanlar da var - yəhudi Albert Aqarunov kimi, ukraynalı Viktor Seryogin kimi. Yaxud uzun illərdir ermənilərin təhdidlərinə məruz qalmasına rəğmən, günü bu gün də milli maraqlarımızı, haqq işimizin müdafiəsini davam etdirən rusiyalı tanınmış analitiklər: İqor Korotçenko, Sergey Markov, Maksim Şevçenko, Oleq Kuznetsov. Bir də milli maraqlarımızı 5 qəpiyə satan “soydaşlarımız”, sapı özümüzdən olan baltalar, “5-ci kolon”çular var! Onların növbəti dəstəsi – İran və Ermənistana casusluq edənlər bu günlərdə ifşa olundu. Hələ “daş altında” gör nə qədəri yatır. Kimə lazımdır bizim dildə danışan bu “azərbaycanlılar”? Hətta artıq başıaşağı elədikləri öz ailələrinə də gərək deyillər. Şəxsən məndən ötrü Korotçenko, Şevçenko daha çox azərbaycanlıdır, nəinki barbar ermənilərin sadiq dostu İranın burdakı “azərbaycanlı” əlaltıları və milli xainlər, İran anti-İslam rejiminin maraqlarını bu tayda can-başla müdafiə və təbliğ edən, hər an ilgəyi öz xalqının boynuna keçirməyə hazır olan manqurtlar, hakimiyyəti qorumaq üçün iki aydan çoxdur öz xalqına belə atəş açıb öldürən Tehran rejiminin aramızdakı “danışan dilləri”, Vətən xainləri!..
Və sonda. Müstəqilliyini bərpa edəndən sonra keçən 31 ildə Azərbaycan dövləti, 50 milyonluq xalq növbəti və olduqca qəliz dönəmdən keçir. Bu mərhələni uğurlu adlamağımızn tək şərti dövlət və cəmiyyət olaraq bıçağı hər an kürəyimizə saplamağa hazır, bizimlə eyni dildə danışan “azərbaycanlı” casus şəbəkəsini vaxtında faş edib neytrallaşdırmaqdır. Bu mənada hələ də “daş altında” gizlənən “zəhərli ilanlar” Azərbaycan üçün qat-qat təhlükəlidir, nəinki “vurulmuş” Ramiz Mehdiyev...