“QARABAĞDA QƏTİ HƏRƏKƏTLƏRDƏN ÇƏKİNMƏK LAZIM DEYİL” – “...daha ciddi gərginliklər olacaq”
Pənah Hüseyn: “Sülhməramlılarla bağlı ciddi etiraz var və hakimiyyət bunu nəzərə almaq məcburiyyətindədir” “Yeni bir təhlükəsizlik məkanı formalaşır. Bu, Türkiyəni, Pakistanı, Azərbaycanı, eləcə də digər türk dövlətlərini əhatə edən təhlükəsizlik məkanıdır” “İran Azərbaycana qarşı Ermənistanın təcavüzünün iştirakçısıdır” Rusiya açıq-aydın Ermənistan-Azərbaycan münasibətlərinin qaydaya salınmasını, Qarabağdakı süni gərginlik ocağının söndürülməsini istəmir. Bu məsələdə Rusiyanın əsas müttəfiqi qismində İran iştirak edir. Ermənistan rəhbərliyi isə İran və Rusiyanın bu yanaşmasına “bəlkə də nəsə dəyişdi” ümidi ilə dəstək verir. Qlobal miqyasda isə regionda Qərb-Rusiya qarşıdurması daha qabarıq formada özünü göstərir və aparıcı amilə çevrilir. Nəticədə regionda gərginlik durmadan artır. “AzPolitika.info” bu mövzunu sabiq Baş nazir Pənah Hüseynlə müzakirə edib: - Hazırda Ermənistan-Azərbaycan münasibətlərində, eləcə də Qarabağda gərginlik səngimir. Ümumilikdə regionunmuzdakı durumu necə qiymətləndirirsiniz? - Ermənistanın ərazilərimizi işğal etməsi nəticəsində xalqların və dövlətlərin təhlükəsizliyi üçün ciddi təhdidlər mövcud idi. İndi bu təhdidlər azalsa da, yenə qalmaqda davam edir. Problemin hüquqi həlli, iki ölkə arasında münasibətlər qalıcı sülhlə yekunlaşmayana və bunun zəruri tərkib hissəsi kimi rus sülhməramlıları Qarabağdan çıxmayana və həmin ərazilər Azərbaycan suverenliyinə keçməyənə qədər gərginlik ocağı qalmaqda davam edəcək. Amma son zamanlar ciddi dəyişikliklər də baş verməkdədir. Nəzərə almaq lazımdır ki, region qlobal proseslərin, konkret olaraq Qərb-Rusiya rəqabətinin getdiyi məkandır və bunun da yansımaları özünü büruzə verir. Qlobal rəqabət çərçivəsində İranın Cənubi Qafqazda gedən proseslərə Ermənistan fonunda daxil olması da əlavə gərginlik mənbəyi yaradır. Həmçinin, Rusiya ilə İran arasında müttəfiqlik münasibətləri bu prosesə öz təsirini göstərir. Bu baxımdan Cənubi Qafqaza Ukraynada baş verənlərin sıçraması mümkün sayılır. Aralıq dənizi hövzəsində Türkiyəyə qarşı Fransanın başında durduğu xarici təhdid var. Bu da bizim regionu istər-istəməz öz əhatəsinə alır. Bu mənada Azərbaycanın bu məsələlərdə mövqeyi, gedən proseslərin obyekti olmaqdansa subyekti olmağa səy göstərməkdir. Azərbaycanın bu istiqamətdə Türkiyə və digər qüvvələrlə birlikdə müəyyən potensialı var. Prinsip etibarı ilə Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasi kurs uğursuz sayıla bilməz. Hesab edirəm ki, ümumi problemlər olsa da, bu istiqamətdə Azərbaycanın dövlətinin tutduğu mövqe milli maraq və mənafelərimizə cavab verir. - Noyabrda 44 günlük müharibənin başa çatmasından və üçtərəfli sazişin imzalanmasından iki il keçdi. Hələ də sülh sazişinin imzalanmamasını və rus sülhməramlıların iki illik fəaliyyətini necə qiymətləndirmək olar? - Prinsip etibarı ilə üçtərəfli bəyannamə müzakirələrə açıqdır. Amma mən hesab edirəm ki, o dövr üçün bu sənəd münasibətlərdə yeni mərhələyə keçid idi. Lakin həmin üçtərəfli sazişin bəzi bəndləri yerinə yetirilmir. Mən konkret olaraq 4 və 9-cu bəndləri nəzərdə tuturam. Söhbət Ermənistan qüvvələrinin həmin ərazilərdən çıxarılması, qaçqınların oraya qaytarılması, kommunikasiyaların, Zəngəzur dəhlizinin açılmasından gedir. Bəyannamə bu müstəvidən çıxış edərək prosesin getməsi üçün müəyyən şərtlər yaradırdı. Amma indiki şəraitdə Ermənistan Silahlı Qüvvələrindən daha artıq dərəcədə Rusiya Silahlı Qüvvələrinin orada yerləşməsi, əbədi qalmaq istəməsi və həm də bu gərginlik ocağını konservasiya edərək saxlamaq niyyəti qeyri-müəyyənlik vəziyyətinin uzun müddət davam etməsini mümkünsüz edir. Bu mənada müəyyən açılmalar olmalıdır. O cümlədən Laçın yolu ətrafında son proseslər, eləcə də Azərbaycan-Ermənistan sərhədindəki məsələlər - rus əsgərlərin KTMT çərçivəsində oralarda görünməsi ortadadır. Hər halda 5 illik mandatları var, müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri etiraz edərsə, sülhməramlıların çıxmaqdan başqa çarəsi qalmayacaq. Amma sülhməramlıların konkret fəaliyyəti onu sülhyaradıcı qüvvədən destruktiv qüvvəyə -gərginlik yaradan tərəfə çevirir. Əgər Rusiya tərəfindən bu istiqamətdə ciddi dəyişikliklər ən yaxın dövrdə baş verməsə, gərginlik davam edəcək. Yeri gəlmişkən üçtərəfli sazişdə “rus sülhməramlıların məsuliyyət zonası” müddəası yoxdur. Sülhməramlılar sadəcə, təhlükəsizlik məsələlərinə zəmanət verməlidirlər. Amma indi onlar ərazidə özünü iddialı qüvvə kimi aparır. Bu da ciddi problemdir. Azərbaycan cəmiyyətində ümumiyyətlə, sülhməramlılarla bağlı ciddi etiraz var və hakimiyyət də bunu nəzərə almaq məcburiyyətindədir. Bəli, son dövrlər hakimiyyətin rus sülhməramlılarla bağlı siyasətini görürük. Sülhməramlıların müddətinin bitməsi yaxınlaşdıqca daha ciddi gərginliklərin olacağı da istisna edilməməlidir. Mənim şəxsi qənaətim belədir ki, Rusiyanın proseslərə hərbi müdaxilə imkanlarını gözardı etmədən, qəti hərəkətlər lazım olanda, bundan çəkinmək lazım deyil. Nəzərə almaq lazımdır ki, Rusiya, elə İran da bu məsələdə təkcə Azərbaycanla deyil, Türkiyə və digər qüvvələrlə üz-üzə dayanır. Yəni, ortaya təslimçilik kimi modellər atılmasına heç bir ehtiyac yoxdur. - İran-Azərbaycan münasibətlərində də gərginlik müşahidə edirik. Sizcə, bu gərginlik hansı həddə qədər davam edəcək, perspektiv necə görünür? - Faktiki olaraq gərginlik mövcuddur. İran Ermənistanın tərəfindədir, hətta Azərbaycana qarşı Ermənistan təcavüzünün iştirakçısıdır. Bundan əlavə, Tehranın Rusiya ilə əməkdaşlığı, eləcə də bölgənin Rusiya ilə bölüşdürülməsi istəyini görməyə bilmərik. Bunun da Azərbaycan və Türkiyəyə qarşı yönəldiyi göz önündədir. Yəni, İran hakimiyyətinin bu siyasəti Azərbaycanın təhlükəsizliyinə təhdiddir. Biz də bunu nəzərə almalıyıq. Bu baxımdan mən hesab edirəm ki, indiki vəziyyəti nəzərə almaqla Azərbaycanın Hərbi Doktrinası və Təhlükəsizlik Konsepsiyasında ciddi dəyişikliklər etməyə, daha dəqiq desək yeni Hərbi Doktrina və Təhlükəsizlik Konsepsiyasını qəbul etməyə ciddi ehtiyac var. Şübhəsiz ki, Azərbaycan Türkiyəyə düşmən olan bir sıra güclərin hazırda İran adlanan coğrafiyada Türkiyənin dövlətçiliyi üçün təhdid olacaq marionet dövlətlər yaratması kimi məsələlərə də biganə qala bilməz. Bu istiqamətdə konkret fərqli situasiya yaranarsa, ciddi şəkildə müdaxilə edilməlidir. Yəni, bir tərəfdən İranın özünün Azərbaycana qarşı düşmən siyasət yeritməsi, bizə qarşı müharibə aparan Ermənistanı dəstəkləməsi, Azərbaycana qarşı imperialist siyasət aparan Rusiya ilə birlikdə hərəkət etməsi kimi davranışları, digər tərəfdən İran daxilində baş verən proseslər müəyyən anda Türkiyə, Azərbaycan və digər qonşu dövlətlər üçün təhdid yarada bilər. O baxımdan belə situasiya yaranarsa, biz məsələyə seyirçi qala bilmərik. Ümumən, mən bunu konkret olaraq İrana aid etmirəm. Dünyanın yenidən bölüşdürülməsi prosesi gedir, biz bölüşdürənlərdən olmalıyıq ki, bizi bölməsinlər. - Qeyd etdiniz ki, dünyanın yenidən bölüşdürülməsi prosesi gedir. Azərbaycanın bu prosesdə yeri nədən ibarətdir? - Ənənəvi olaraq bütövləşmək, birləşmək bizim milli şüurumuzda, ideologiyamızda və geopolitik baxışlarımızda yer alan stereotiplərdir. Əslində, böyüməsək kiçiləcəyik. Buna Azərbaycanın böyüməsi məsələsi kimi baxmaq lazımdır. Bu prosesdə Azərbaycan dövlətinin həlledici rolu və məsuliyyəti meydana çıxır. Prinsip etibarı ilə bu prosesin Azərbaycanın xeyrinə qurtarmasını, mövqelərinin möhkəmlənməsini istisna etmirəm. İkincisi, biz bu məsələnin obyekti deyil, subyekti olmalıyıq. Bu istiqamətdə addımlar varsa, dərinləşdirilməlidir. Həm də burada söhbət təhlükəsizlik məkanlarından gedir. Son dövrlər Türk dövlətlərinin ümumi təhlükəsizlik məkanından danışılmağa başlayıb. Bunun da nüvəsini Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə inteqrasiya prosesləri təşkil edir. Bu da hazırda “İki dövlət bir ordu” şəklində ifadə olunur. Yeni bir təhlükəsizlik məkanı formalaşır. Bu, Türkiyəni, Pakistanı, Azərbaycanı, eləcə də digər türk dövlətlərini əhatə edən təhlükəsizlik məkanıdır. Qlobal xarakterə gəldikdə Avroatlantik məkan mövcuddur, son dövrlər Çin, Rusiya, İran ətrafında da müəyyən təhlükəsizlik məkanları yaranır. Mən Azərbaycanın Türkiyə ilə birlikdə olmasını, Türkiyənin içərisində olduğu təhlükəsizlik məkanında görürəm. Türkiyə NATO ölkəsidir. Amma bir daha təkrar edirəm ki, Azərbaycan daxil olmaqla Türkiyənin müəttəfiqləri müstəqil təhlükəsizlik faktoruna çevrilmək mərhələsini yaşayır. Mən bunu mümkün hesab edirəm.