Qərbi Azərbaycan türklərinin tarixi vətənlərinə geri dönməsi üçün… – Qafar Çaxmaqlının şərhi

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Toponimika sektorunun əsasında Toponimika şöbəsi yaradılıb. Şöbə Qərbi Azərbaycan toponimləri və işğaldan azad edilmiş ərazilərin onomastik mənzərəsinin bərpası, adlarının müəyyənləşdirilməsi məsələləri ilə məşğul olacaq. Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları qoyulub. Toponimika şöbəsi toponimlərin tədqiqi, işğaldan azad edilmiş, ermənilər tərəfindən adları dəyişdirilən toponimlərin adlarının milliləşməsi istiqamətində tədqiqatlar aparacaq.

 Türkiyənin Erciyes Universitetinin professoru, siyasi şərhçi Qafar Çaxmaqlı yeni mərkəzin yaradılmasının əhəmiyyətindən danışıb.

Tarixçi alim AMEA-nın Dilçilik İnstitutunda belə bir şöbənin yaradılmasını təqdir etdiyini ifadə edib:

“Bu şöbə olmadığı dövrdə də Qərbi Azərbaycanın toponimikası ilə məşğul olan dəyərli alimlərimiz olub. İndi bu bir şöbənin birbaşa fəaliyyət sahəsi olacaq və sistemli, planlı çalışmalar nəticəsində həmən ərazilərin kimə aid olduğu gerçəyi ortaya qoyulacaq. Fikrimcə, bu sahədə mütəxəssis olan adamlar Dilçilik İnstitutuna işə götürülməli və onların Qərbi Azərbaycanın bütün bölgələri ilə bağlı sistemli çalışmalarına imkan yaradılmalıdır”.

Ermənişünas alim bildirib ki, ermənilər tarixi ərazilərimizdə bizim izimizi yox etmək üçün adlarımıza qarşı əsl mədəni soyqırım ediblər:

“Toponimik adların demək olar ki, hamısını dəyişdirib onu erməniləşdiriblər. Həm də bunu dövlət səviyyəsində aparıblar. 1991-ci ildə Ermənistan müstəqillik bəyannaməsini elan edəndən bir neçə ay sonra Levon Ter-Petrosyanın fərmanı ilə 100-ə yaxın yaşayış məskəninin adı dəyişdirilib. Onlar bu cinayəti ondan öncə də etmişdilər, sonrakı dövrdə də ediblər”.

Q.Çaxmaqlı qeyd edib ki, yeni yaradılan şöbə bunları yaxşıca incələməli və araşdırmalar ortaya qoymalıdır. O, bu işin elmi əhəmiyyətindən əlavə, həm də siyasi əhəmiyyətini vurğulayıb:

“Qərbi Azərbaycan türklərinin öz tarixi vətənlərinə geri dönüşü üçün bu məsələnin beynəlmiləlləşməsinin əhəmiyyəti var. Dünyaya sübut edilməlidir ki, bizim bu torpaqlarda mövcudluğumuzun min illərlə ölçülən tarixi var”./Globalinfo.az






Fikirlər