“Deyirlər, guya Nemət Pənahlı xalqı aldadıb ki, gözləyin, sizə silah verəcəm”
“20 Yanvar Azərbaycan xalqına qarşı törədilən qətliamdır, milli azadlıq hərəkatını boğmaq cəhdidir. Azərbaycan 70 ildən sonra qəflət yuxusundan ayılıb Sovet imperiyasına qarşı ölüm-dirim savaşına qalxıb. Sovet imperiyası da bütün üsul və metodlara əl atıb ki, bu xalqı qan içində boğsun, boyunduruğu altında saxlasın. 1988-ci ildə Sovetlər fövqəladə vəziyyət elan edib dubinka ilə xalqı əzməyə, qorxutmağa çalışsa da bu planı alınmamışdı”. Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Milli Azadlıq Hərəkatının simalarından biri Nemət Pənahlı deyib. Onun sözlərinə görə, Sovet İttifaqı hesab edirdi ki, 1990-cı il 20 yanvarda xalqı qan içində boğacaq, üzdə olan adamları həbsxanaya salacaq və millət onlara tabe olacaq: “Bu günədək mənim əleyhimə 33 ildə aparılan anti-təbliğat odur ki, guya Nemət Pənahlı əli silahsız milləti çıxarıb meydana, xalqı aldadıb ki, gözləyin, sizə silah verəcəm. Guya mən desəydim ki, millət, dağılın, onda qırğın olmayacaqdı. Amma fakt odur ki, mən 20 yanvarda həmin gün və ondan öncəki gün bütün barrikadalarda başlayan proseslərə rəhbərlik etmişəm və hadisələri incəliyinə kimi bilirəm. Həmin gün meydanların, barrikadaların hamısında maksimum 300-350 min adam olardı. Ancaq qırğının səhəri günü insanlar ərazini tərk etməmişdilər. Mən qırğın vaxtı Səttarxan zavodunun mədəniyyət sarayında Milli Müdafiə Şurasının qərargahında idim. Binanın qarşısında minlərlə adam vardı. Nə qədər qırğın oldu, qan töküldü, amma millət bir addım geri çəkilmədi. Mən də çəkə bilmədim”. N.Pənahlı deyib ki, qırğınların qarşısı o zaman alına bilərdi ki, Azərbaycan xalqı birmənalı şəkildə milli azadlıq hərəkatından imtina etsin: “70 ildə olduğu kimi Sovet imperiyasına əbədi nökər olacağı ilə razılaşsaydı, nə bura ordu girəcəkdi, nə də qırğın olacaqdı. Bəşər tarixində belə bir nümunə yoxdur ki, milli azadlıq uğrunda imperiyaya qarşı mübarizə aparıla, amma qan tökülməyə. Torpaqları erməni daşnakların işğalından azad etmək üçün 3 mindən çox şəhid verdik. Yəni bu qələbə qansız başa gəlmədi. Bizim qorbaçovları, yazovları, primakovları cəzalandırmaq imkanımız yoxdur. Ən dəhşətlisi odur ki, öz içimizdə olan satqınları belə cəzalandırmadıq. 20 Yanvar qanı üzərində hakimiyyətə gələn Ayaz Mütəlibovları, Orucovları, Həsənovları – öz milli satqınlarımızı cəzalandırmadıq. Azərbaycan müstəqil olandan sonra Ayaz Mütəllibov getdi oturdu Moskvada. İllərlə orda Moskva ilə plan cızıldı ki, Azərbaycanı işğal edib onu da vəzifəyə təyin edəcəklər. 20 il gözlədi, alınmadı. Azərbaycan dövləti möhkəmləndi. Sonradan 20 Yanvar qanı üstündə hakimiyyətə gələn Ayaz Mütəllibova burda maşın verdilər, lqot ayırdılar. Ancaq milli azadlıq uğrunda mübarizə aparan insanlara qan uddururlar”.