“Nə Etibar Məmmədovun, nə də mənim topxanam OLUB”

Картинки по запросу nemət pənahlı

1990-cı ildə 20 Yanvardan qabaq , 13 yanvarda Bakıda hadisə olmuşdu.

Belə ki,  Moskva Bakıya qoşun yeritməsi üçün təxribata əl atıb Bakıda yaşayan ermənilərə hücum təşkil etmişdilər. Hər halda, o zamankı xalq hərəkatı liderlərinin açıqlamaları belə deməyə əsas verir.

1990-cı ilin bu günü guya azərbaycanlılar  Bakıda erməni qətlləri törədib.

Meydan hərəkatının liderlərindən biri Nemət Pənahlı Modern.az-a açıqlamasında həmin günləri belə nəql edib.

 “İmperiyanın sərhədlərini dağıtdıq”

 “1988-ci ilin meydan hadisələri zamanı bəyan etdik ki, bizim yolumuz milli azadlıq yoludur. Nəyin bahasına olur-olsun müstəqilliyimizə nail olmalıyıq. Bütün fəlakətlərin başında SSRİ imperiyası dayanırdı. Azadlıq mübarizəsi bəyan edildikdən sonra imperiya, milli azadlıq hərəkatını boğmaq üçün  bütün pis əməllərə əl atırdı. Biz də nəyin bahasına olursa olsun, Sovet imperiyasını dağıtmağı qarşımıza məqsəd qoymuşduq. Tətillərə əl atırdıq. Sovet imperiyasını çökdürməyə çalışırdıq.

Dekabrın 31-də heç kəsin təsəvvürünə gətirə bilməyəcəyi halda Sovet imperiyasının sərhədlərini dağıtdıq. Cənubi Azərbaycanla Şimali Azərbaycan arasına çəkilən sərhədləri ortadan götürdük. Beləcə, Sovet xofunu dağıda-dağıda gedirdik.

Həmin vaxtlarda Bakıda tez-tez mitinqlər keçirirdik. Mitinqlər də saat 7-8 arası dağılırdı”.

 “Xalqa silah vəd etməmişəm”

 Nemət Pənahlı, həmin vaxtlarda xalqa silah verməsi ilə bağlı məsələyə də aydınlıq gətirib.

“1990-cı ilin bu günü Milli Müdafiə Şurasının mitinqini keçirdik. Həmin dövrdə ermənini silahlandırıb üstümüzə salmışdılar. Satqın kommunist rəhbərlərin əli ilə Azərbaycanı tam şəkildə tərksilah vəziyyətinə salmışdılar. Xalqın özünü müdafiədən başqa variantı yox idi. Biz də Milli Müdafiə Şurası yaradaraq xalqa müraciət etdik ki, hardan olsa da silah tapılmalıdır. Mənim əleyhimə antitəbliğat kampaniyası apardılar. Halbuki, mən xalqdan silah istəmişəm. Xalqa silah vəd etməmişəm. Bunlar mənə qarşı təxribatdır. Bəyan etmişəm ki, nə Etibar Məmmədovun, nə Nemət Pənahlının cəbbəxanası, topxanası yoxdur. Biz də sizin kimi vətəndaşıq. Dedim ki, kimdə silah varsa, gətirib bizə versin. Biz də özünü müdafiə məsələsini təşkil edək. Yaxın vaxtlarda həmin video kasetləri internetə yükləyəcəyəm. Orada demişəm ki, oğurluq olsa belə, silah tapılmalı və xalqın əlində olan silah bizə təqdim edilməlidir.  Könüllülərdən ibarət qrup yaradıb Dağlıq Qarabağın müdafiəsini təşkil etməliyik. O vaxt “Səttarxan” zavodunda Milli Müdafiə Şurasının qərargahı  yerləşirdi. Bu zavod o dövrün polisinin, KQB-nin nəzarətində idi. Həmin vaxt diqqəti yayındırmaq üçün belə bir çıxış etdim ki, “Səttarxan” Zavodu qərar qəbul edib ki, silah istehsal etsin. Biz tamamilə başqa istiqamətdə işlər görürdük”.

 “Erməniləri vaqonlara doldurub Bakıdan çıxartdıq”

 Rus imperiyası çalışırdı bütün dünyaya göstərsin ki, Azərbaycan xalqı vəhşi xalqdır. Guya ermənilərə qarşı qruplar təşkil edirik. Guya biz müstəqilllik uğrunda mübarizə aparmırıq. Erməni xalqını qırırıq.

 Belə olan təqdirdə Rus imperiyası da Bakıya ordu yeritməyə məcburdur. Yenə təkrar edirəm. O vaxta qədər olan mitinqlərin əksəriyyəti saAt 7-8 arası dağılırdı. Amma ayın 13-ü mitinqimiz  2 saat uzandı. Mitinq gedə-gedə “Mayak” radiosunda məlumat verdilər ki, Bakıda guya qətllər təşkil edilib, qırğınlar gedir. Kütlə meydandan dağılandan sonra biz də həmin KQB-nin təşkil etdiyi təxribatın qarşısını aldıq. Məsələdən xəbərdar olan kimi  dünyaya  bəyan etdik ki, bu, KQB-nin təşkil etdiyi bir cinayət aksiyasıdır. Azərbaycan xalqını qəddar və yırtıcı göstərməkdən ötrü təşkil edilmiş bir oyundur.

Eyni zamanda biz  yaranmış fürsətdən istifadə etdik. Ermənilərin əksəriyyətinin təhlükəsizliyini təmin edərək vaqonlara doldurub Bakıdan çıxartdıq. Ermənilər isə azərbaycanlıları öz torpaqlarından yarısını zor gücünə, yarısını da öldürərək çıxarıb. Biz isə onları öldürmədən Bakıdan çıxardıq.

Eyni zamanda, biz erməniyə, rus imperiyasına uduzmamışıq. Sadəcə, satqın vəzifəlilərin əli ilə Azərbaycan xalqı uduzdurulub. Çünki gəlib silahlarımızı bizdən yığıb aparan nə erməni, nə də rus polisi olub”

 






Fikirlər