“MƏLƏK OLMAYAN” FIRILDAQÇI – Vardanyan bütün sərvətini çirkli yollarla qazanıb (ARAŞDIRMA)
2022-ci ilin sentyabrından Rusiya tərəfindən Xankəndinə göndərilmiş erməni milyarder Ruben Vardanyan nəhəng sərvətini çirkli yollarla qazanıb. “AzPolitika.info” “Açıq Azərbaycan” portalına istinadla xəbər verir ki, onun rəhbərlik etdiyi “Troyka Dialoq” bankı çirkli pulların yuyulması ilə məşğul olub. Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsinin (OCCRP) 2019-cu ildə yaydığı araşdırmada belə deyilir. Layihə əməkdaşlarının yoxladığı sənədlər “Troyka Dialoq”un təxminən 75 ofşor şirkətdən ibarət nəhəng pulyuma şəbəkəsi qurduğunu, ümumilikdə təxminən 4,6 milyard dollarlıq maliyyə axınına şərait yaratdığını üzə çıxarıb. Araşdırmalara görə, bank maliyyə fırıldaqlarıyla 2006-cı ildən 2013-cü ilə qədər məşğul olub, bu illər ərzində Rusiyadan milyardlarla vəsaitin çıxarılması, çirkli pulların yuyulması və vergi yayınmalarına vasitəçilik edib, rus elitasının, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin dostlarının, siyasətçilərin, biznes maqnatları və cinayətkarların ictimai nəzarətdən kənar əməliyyatlar aparmasına kömək edib, onların nağd pullarının mənşəyini, həmçinin xaricdəki aktivlərini gizlətməsinə, xəlvəti investisiyaların qoyulmasına imkan yaradıb, güclü oliqarxlara nağd pul verib və s. “Troyka Dialoq” 1990-cı illərin əvvəllərində yaradılıb, az sonra Rusiyanın ən böyük investisiya bankına çevrilib. 2012-ci ilə—“Sberbank” tərəfindən satın alınana qədər banka R.Vardanyan rəhbərlik edib. Sənədlərdə R.Vardanyanın “Troyka Dialoq”un prezidenti, baş icraçı direktoru və ən böyük tərəfdaşı olduğu deyilir. OCCRP “Troyka Dialoq”un şübhəli fəaliyyətini araşdırarkən ümumilikdə 238.000 şirkət və şəxsə aid 1,3 milyondan çox bank əməliyyatı, minlərlə elektron məktub, müqavilələr və şirkət qeydiyyatı formalarına baxdığını yazır, nəticədə R.Vardanyanın sahib olduğu bankı ““Troyka” çamaşırxanası” adlandırır. Və OCCRP-nin aşkar etdiyi digər “pulyuyanlardakı” kimi, “Troyka Dialoq” da böyük əməliyyatların çoxunu uydurma ticarət sövdələşmələri əsasında həyata keçirir, sövdələşmələr "mallar", "ərzaq malları", "metal mallar", "fakturalar" və "avtomobil hissələri" kimi müxtəlif adlarla sənədləşdirilirmiş. Beləliklə, saysız-hesabsız daxili əməliyyatlar aparılır, nağd pulların mənşəyi bu yolla gizlədilirmiş. Əməliyyatlarda iştirak edənlər arasında “Citigroup Inc.”, “Raiffeisen” və “Deutsche Bank” kimi böyük Qərb banklarının da adları var. Çoxmilyonlu fırıldaqlar OCCRP və tərəfdaşları bu pulyuma mexanizmindən istifadə edən genişmiqyaslı fırıldaqlardan bəzilərini müəyyən edib. Bunlardan biri “Şeremetyevo fırıldağı” adı ilə tanınır. Hadisə 2003-2008-ci illərdə baş verib. O zaman aviasiya yanacağının qiyməti süni şəkildə artırılmış, nəticədə biletlərin də qiyməti qalxmış və Rusiya dövləti 40 milyon dollardan çox vergi gəlirindən məhrum olmuşdu. Fırıldaqda iştirak edən şirkətlər məhz “Troyka Dialoq”un hesablarına 27 milyon dollardan çox pul oturtmuşdular. Bundan başqa, vergidən yayınmada ittiham olunan sığorta şirkətləri R.Vardanyanın bankına 17 milyon dollarlıq vəsait qoyublar. R.Vardanyanın bankı vasitəsilə köçürülən digər iri məbləğ - 69 milyon dollar V.Putinin yaxın dostu, violençelist Sergey Rolduqinlə əlaqəli şirkətlərə göndərilib. Bu pulların vergi yayınmalarından qaynaqlandığını hüquqşünas Sergey Maqnitski aşkarlamışdı. Xatırladaq ki, S.Maqnitski saxta yollarla ölkə xəzinəsindən 230 milyon dollar oğurlandığını üzə çıxarmış, bundan sonra—2008-ci ildə həbs edilmiş, təxminən bir il sonra—2009-cu ildə həbsdə vəfat etmişdi. S.Maqnitskinin ifşa etdiyi fırıldaqda adı çəkilən şirkətlər “Troyka Dialoq”un hesablarına 130 milyon dollardan çox vəsait köçürmüşdülər. Bu pullar sonra naməlum istiqamətlərdə paylanıb. OSSRP yazır ki, həmin vaxtlarda banka məqsədi bilinməyən yüz milyonlarla dollar daxil olub, ya da çıxarılıb. R.Vardanyan bu pul köçürmələrindən xəbərsiz olduğunu bildirib. Adı pulyuma qalmaqalında hallanan violençelistə gəlincə, R.Vardanyan onu tanıdığını, ancaq “Troyka Dialoq”la hansısa sövdələşməsindən xəbərsiz olduğunu deyib. “Üsama bin Laden də eyni mexanizmdən istifadə edirdi” Mexanizm saxta ticarət üzərində qurulubmuş: saxta şirkətlər sistemdəki digər şirkətlərin “alacağı” mövcud olmayan mal və xidmətlər üçün saxta hesab-fakturalar düzəldir, təcrübəli işçilər əməliyyatların tənzimləyicilər üçün şübhəli görünməməsinə şərait yaradırmışlar. “Siz qeyri-qanuni ödənişin malların daşınması ilə bağlı olduğunu iddia edərək, maskalana bilirsiniz,”- bunu OCCRP-yə Corc Meyson Universitetinin Terrorçuluq, Transmilli Cinayətlər və Korrupsiya ilə mübarizə Mərkəzinin yaradıcısı və direktoru Luiz Şelli deyib. Onun sözlərinə görə, bu cür ticarət sistemi dünyada çirkli pulların yuyulması prosesinin əsas hissəsidir: “Əl-Qaidənin banisi Üsama bin Laden də Yaxın Şərqdə pulköçürmələri üçün eyni sistemdən istifadə edirdi.” R.Vardanyan, ya da onun kimi digər bankirlərə, iş adamlarına görə bu cür əməliyyatlar adi ola bilər. Amma mütəxəssislər “Troyka Dialoq” kimi nəhəng pulyuma mexanizmlərinin cəmiyyət üçün təhlükəli olduğunu deyirlər. “Bu cür mexanizmlər milli iqtisadi inkişafı ləngidir, insan təhlükəsizliyinə xələl gətirir, çünki geridə qalanların həyat keyfiyyətini aşağı salır. Ölkədə çirkli pulların yuyulması ilə məşğul olanlar varsa, o ölkə infrastrukturun, təhsil və səhiyyənin, sahibkarlığın inkişafına xərclənə biləcək xeyli vəsaiti itirir. Xaricdə yatan pullarla nə desən, eləmək olar. Seçkilərə müdaxilə etmək, mətbuata pul ödəyib, saxta məlumat yaymaq olar...”, - Corc Meyson Universitetinin korrupsiya üzrə mütəxəssisi L.Şelli deyir. “Bütün gəlirlər R.Vardanyan və onun yaxınlarına çatıb” Bankın müştəriləri ondan həm də Böyük Britaniya, İspaniya, Monteneqroda mülklər, yaxtalar, bahalı sənət əsərləri, dünya kubokuna bilet almaq, Qərbin nüfuzlu məktəblərində oxuyan uşaqlarının təhsil xərclərini ödəmək, hətta kilsə təmirinə pul köçürməkdən ötrü istifadə ediblər. OCCRP-nin yazdığına görə, bütün gəlirlər, həmçinin ofşor şirkətlərdən gələn bütün pullar “Troyka Dialoq”un sahibinə—R.Vardanyana, onun ailə üzvlərinə, yaxınlarına çatıb. Onlar da bu pulları şəxsi ehtiyaclarına—yaxta, ya da xaricdə təhsil almağa xərcləyiblər. Sənədlər R.Vardanyanın özünün də “pulyuyan maşınından” istifadə etdiyini göstərir. Onun “American Express” kartı ilə köçürmələri 3,2 milyon dollardan çox vəsaiti əhatə edib, bu pullar R.Vardanyanın həyat yoldaşının və digər ailə üzvlərinin hesablarına göndərilib, Britaniyada oxuyan üç övladının təhsil haqqına xərclənib. R.Vardanyan bunu özünün də “Troyka Dialoq”un müştərisi olması ilə izah edib. OCCRP-yə müsahibəsində R.Vardanyan “mələk olmadığını”, amma çətin iş şəraiti və siyasi mühitdə öz prinsiplərinə əməl etmək üçün əlindən gələni elədiyini söyləyib.