"Ramil Səfərova görə Macarıstana 7 milyon dollar ödənib" - İDDİA

Macarıstanda Azərbaycanla əlaqəli olduğu iddia edilən 7 milyon dollarla bağlı istintaq aparıla bilər

Avropada dərc edilmiş və Azərbaycan hökumətinin 3 milyard dollara yaxın vəsaiti xarici şirkətlər vasitəsilə lobbiçilik, çirkli pulların yuyulması və dəbdəbəli əşyaların alınması üçün xərclədiyini iddia edən yeni jurnalist araşdırmasına əsasən, ödənişlərdən biri də Macarıstandakı bank hesabına edilib.

Macarıstanın atlatszo.hu, saytında dərc edilmiş məqalə müəlliflərinə əsasən həmin bank hesabı Velasco International Inc., ofşor şirkətinə məxsus olub və oraya 7 milyon dollardan artıq pul köçürmələri qeydə alınıb.

Sayt həmçinin diqqəti, bu ödənişlərin Macarıstanda cəza çəkən Ramil Səfərovun Azərbaycana ekstradisiyasından əvvəl edildiyinə çəkir.

Rəsmi Bakı bu iddiaları rədd edib.

Ramil Səfərovun ekstradisiyasından sonra

Atlatszo.hu saytındakı hesabata əsasən 2012-ci ildə, Ramil Səfərovun ekstradisiyasından əvvəl Macarıstanın baş naziri Victor Orban Bakıya səfər edərkən baş nazirin birinci müavini Yaqub Eyyubovla görüşüb. Cənab Eyyubov isə Velasco International Inc. ofşor şirkətilə bağlı olduğu deyilən Orxan Eyyubovun atasıdır.

Cənab Eyyubov iddialara münasibət bildirməyib.

Atlatszo.hu saytının baş redaktoruna əsasən 2012-2013-cü illərdə Danske Bank öz Estoniyadakı şöbəsindən Budapeştdə yerləşən MKB bankına 20-dən artıq transfer edib.

Tamas Bodoky-nin sözlərinə görə maliyyə köçürmələri Ramil Səfərovun azad olunması ilə əlaqələndirilmir.

"Biz bu iki hadisənin əlaqəli olduğunu demirik. Lakin köçürmələr Səfərovun Azərbaycana verilməsi vaxta təsadüf edib. Bizimlə birgə araşdırma keçirən OCCRP üzvlərinin Yaqub Eyyubov, Emin və Orxanla əlaqə saxlamaq cəhdləri isə nəticəsiz başa çatıb."

"Bu Azərbaycana qarşı tətbiq edilən və mərkəzləşmiş qaydada idarə olunan kampaniyanın nümunəsidir.

İrəli sürülən iddialar yalnız əsassız ehtimallara söykənir", - Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə Azərbaycanın "hər hansı addımı və əməliyyatı, malın alınması təəssüflər olsun ki, əsassız şəkildə yozulur və ona başqa rəng verilir".

Macarıstanda istintaq tələbləri

Macarıstan hökuməti də iddiaların əsassız olduğunu bildirib.

444.hu saytına əsasən, Macarıstanın xarici işlər naziri Peter Szijjarto deyib ki, "Macarıstan hökumətinə qarşı qarayaxma məqsədilə istifadə olunmaması üçün" pul köçürmələri araşdırılmalıdır.

Atlatszo.hu saytında dərc edilmiş məlumat Azərbaycanın hakim elitası tərəfindən yaradıldığı iddia edilən gizli fondun fəaliyyətinə dair araşdırmanın bir hissəsidir.

Çərşənbə axşamı günü yayılan həmin hesabatda göstərilir ki, 2.8 milyard dollarlıq fonddakı vəsaitlər avropalı siyasətçilərinə xərcləmək və onlara bahalı hədiyyələr almaq üçün istifadə olunub.

Avropa qəzetlər konsorsiumunun hazırladığı "Azərbaycan Camaşırxanası" adlı araşdırmanı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) dərc edib.

Məlumata görə fond 2012-2014-ci illərdə fəaliyyət göstərib. Azərbaycan hökuməti məqalədə göstərilən ittihamları rədd edib və onların əsassız və təxribat məqsədli olduğunu deyib.

Macarıstanda birgə kurslarda olduğu ermənistanlı hərbçini qətlə yetirməklə bağlı ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərov 2012-ci ilin avqust ayında Azərbaycana ekstradisiya olunub.






Fikirlər