“Bəlkə heç ad günündə də bizə gəlmədi” - Ramil Səfərovun atası

“Bəlkə heç ad günündə də bizə gəlmədi” - Ramil Səfərovun atasıSabah Milli ordumuzun mayoru Ramil Səfərovun doğum günüdür.


Ramil Səfərovun atası Sahib Səfərov oğlunun doğum günü ilə bağlı təəssüratlarını AzNews.az-a bölüşüb:

“Ramilə heç vaxt təmtəraqlı ad günü keçirməmişik. Sıradan bir gün kimi yola vermişik. Ramilin ad günü olsa da həmin gün işində-gücündə olub. Hazırda hərə öz evindədir, bəlkə ad günündə bizə heç gəlmədi də”.

S.Səfərov deyir ki, ata üçün oğlunun vətəndə, azadlıqda olmasından gözəl heç nə ola bilməz: “Əsas məsələ Ramilin Azərbaycana qayıtması idi. Təşəkkür edirəm prezidentə, onu Azərbaycana qaytardı, işlə təmin etdi”.

Ata oğluna doğum günündə Allahdan ancaq can sağlığı arzulayıb.

Xatırladaq ki, Ramil Səfərov 26 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib.

2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilib. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilib.






Fikirlər