Səfirliyimizə TERROR hücumunu O sifariş edib - Bəs bu ARTİSTLİK NƏ İDİ?

Səfirliyimizə terror hücumunu O sifariş edib - Bəs bu artistlik nə idi?

Tarixən Azərbaycanın başına bəla olan İran, yenə də öz ampluasındadır. Azərbaycan İranın tarix boyu bizə qarşı olan yanaşmasını hər zaman açıq şəkildə dilə gətirməsə də, həmişə bundan xəbərdar olub. Çünki Azərbaycanın parçalanmaya, ərazi itkisinə, uzun illər ərazilərinin işğalda qalmasına baiskarlardan biri də məhz İran molla-fars rejimi olub. Parçalanan Azərbaycanı zəiflətmək planlarını isə həmişə başlarının altında saxladılar. 

Son günlər regionun geosiyasi sferasında yaşananlar bir çox mətləblərə yenidən aydınlıq gətirmək adına olduqca önəmli dövr oldu. Son hadisələr göstərdi ki, Tehran üçün sözdən terrora keçmək müşkül deyil.  

İran molla-fars rejiminin düşmən davranışı artıq özünü bütün varlığı ilə büruzə verməyə başlayıb. Tehranda səfirlik binamıza edilən terror hücumu da bir daha deməyə əsas verdi ki, i(r)lan yalnız dərisini dəyişir, xasiyyətini yox. Son günlər Bakı ilə barışıq abu-havası yaratmağa çalışan molla rejiminin əsl niyyəti sən demə bu deyilmiş.

Rejim sadəcə, cildini dəyişərək Azərbaycana qarşı növbəti xain planlar barədə düşünürmüş. Azərbaycanı sancmaq üçün fürsət axtaran İran bu səbəbdən zəmin hazırlamaq üçün özünü istər Azərbaycan, istərsə də İran ictimaiyyətinə "dostluq" təəssüratı yaradaraq müxtəlif diplomatik kanallarla hər kəsi səmimiyyətsizliyinə inandırmağa çalışırdı. Amma yenə əsl xislətini gizlədə bilmədi. 

Aqressiv bəyanat və davranışlar, Araz vadisi boyunca Azərbaycanla sərhəddə ard-arda heç zaman olmadığı şəkildə hərbi təlimlərin təşkili, telekanallarının Azərbaycanı hədəf alması, Xankəndiyə terrorçu göndərmələri, Ermənistanı raket və kamikadze dronlarla təchiz etməsi Bakının gözünü qorxutmaq üçün kifayət etməyincə, molla rejimi Bakıya qarşı terror əməlini işə saldı. 

Buna kimi "Qüdsə gedən yol Bakıdan keçir" adı altında Azərbaycana qarşı təhdid xarakterli videoroliklərlə diqqət mərkəzinə düşən Tehran səfirlik binamıza təşkil etdiyi terror hücumu ilə nümayiş etdirdi ki, istənilən çirkaba girməyə hazırdır. Axı molla rejiminin əli günahsız insanların, diplomatların qanına bulaşmağa artıq vərdiş edib, onun üçün bu cür məkrli oyunlar düşünmək üçün zaman almaz. 

Artıq bütün dünyaya bəllidir ki, səfirliklərə hücum İran molla-fars rejiminin xarici ölkələrə təzyiq və etiraz metodudur. Nəzər salsaq görmüş olarıq ki, bundan öncə də müxtəlif ölkələrin diplomatik korpusları terror hücumlarına məruz qalıb.

İran hər şeyi düşünmüşdü, necə ki, bu teraktı Cənubi azərbaycanlının əli ilə törədərək cinayət əməlinə "ailə-məişət" donu geyindirməyə qədər. Başda anti-Azərbaycan verilişləri ilə son 2 ildə mütəmadi olaraq tamaşaçıların qarşısına çıxan "Səhər" olmaqla, digər İran telekanallarının da növbə ilə terrorçudan müsahibə alması hadisəni terror aspektindən çıxarıb, onun adi bir olay kimi ictimaiyyətə təqdim edilməsi üçün öncədən hazırlanmış ssenarinin tərkib hissəsidir. 

Tehranda səfirliyimizin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev riskə getməsəydi kadrlardan da aydın görünür ki, avtomatla səfirlik binasında qarşısına çıxacaq uşaqdan-böyüyə hər kəsi qətlə yetirmək tapşırığı qoyulduğu aydın sezilən, rejimin qanadları altında cinayətkar əməli ilə qürrələnən terrorçuya jurnalistlərin ona sanki bir qatı cinayətkar yox, "qəhrəman"mış kimi çox rahatlıqla önündə dayanıb, suallar ünvanlaması mənzərəsi bu teraktın sifarişçisinin kim olduğunu, tapşırığın haradan gəldiyini, terrorun kimdən qaynaqlandığını düşünməyə kifayət edir. Bütün bu detallar molla-fars rejiminin istintaqı "məişət hadisəsi" iddiası üzərində fokuslamağa çalışacağına növbəti işarədir. 

Aydındır ki, molla rejiminin bu üzdəniraq addımı Bakı ilə Tehran arasında hələ uzun müddət suların durulmasına imkan verməyəcək. Biz bunu rəsmi Bakının teraktdan sonra verdiyi qərardan da aydın sezə bilərik. Belə ki, ötən axşam Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib açıq şəkildə bəyan etdi ki, Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin olunması ilə bağlı İran tərəfinə etimadımız yoxdur.

Xarici işlər nazirinin müavini eyni zamanda onu da bildirib ki, "Biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq. Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı səfirlikdə qalacaq, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər". Xələf Xələfovun açıqlamalarından məlum olur ki, səfirliyimizə qarşı hücumun "məişət hadisəsi" yox, terror aktı olduğuna dair rəsmi Bakıda çox vacib məlumatlar var və Azərbaycan tərəfi istisna etmir ki, molla rejimi bundan sonra da diplomatlarımıza qarşı İranda növbəti terakt planları qurub. Elə bu xain plana ilk rəsmi qiyməti Prezident İlham Əliyev verdi. Hadisədən dərhal sonra öz rəsmi Tvitter hesabından bunun terror əməli olduğunu bəyan etməsi ilə rəsmi Tehranın "məişət hadisəsi" və digər iddialarının Azərbaycan tərəfindən qəbul edilməyəcəyinə dair artıq ilk siqnalı verdi. 

İllər dəyişsə də İranın terrorçuluq siyasəti dəyişməyib. Tehranda Azərbaycan səfriliyində terakt onsuz da gərgin vəziyyətdə olan iki ölkə arasındakı diplomatik münasibətləri qırılma nöqtəsinə gətirdi. Səfirliklər Vyana Konvensiyasını qəbul edən dövlətlər tərəfindən mühafizə olunmalıdır. Lakin molla rejimi bütün beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması bahasına Azərbaycanı gözüqırpıq edə biləcəyini düşündü.

Bu azmış kimi hadisədən düz bir gün sonra İran prezidenti İbrahim Rəisinin İlham Əliyevə telefonla zəng edərək başsağlığından başqa heç bir şey deməməsi diqqətdən qaçmadı. Ən azı səfirlik binasını lazımı səviyyədə mühafizə edə bilmədikləri, diplomatların təhlükəsizliyini təmin ed bilmədikləri üçün görüntü xatirinə də olsa İran prezidentindən üzrxahlıq gözləmək olardı, amma bu baş vermədi. Demək ki, molla rejimi əməlindən zərrə qədər də peşman deyil və Bakıya açıq şəkildə bildirmi olur ki, bəli, bu teraktın sifarişçisi məhz özümüzük. 

Azərbaycan Prezidentinin isə Rəisidən terror aktının şəffaf araşdırılması tələbini istəməsi isə molla rejiminə "biz hər şeyi bilirik, bu işin arxasında sizin dayandığınızdan da xəbərdarıq" mesajı verdi. Əliyevin İran liderindən bu tələbi eyni zamanda o deməkdir ki, sizin şəffalığınıza, obyektivliyinizə artıq zərrə qədər olsun inamımız, güvənimiz qalmayıb. 

 

Milli.Az






Fikirlər