Rasim Balayev: “İran bizi zəiflətməyə çalışır”

“İranın son davranışları bir daha onu təsdiqləyir ki, oradakı fars rejimi Güney Azərbaycanda 35 milyondan çox azərbaycanlının olmasından çox qorxur və bu onları çox narahat edir”.

Bu sözləri Xalq artisti Rasim Balayev Musavat.com-a açıqlamasında bildirib. Xalq artisti qeyd edib ki, İranda film çəkilişləri zamanı güneylin soydaşlarımızın necə əziyyət çəkdiyinin real şahidi olub:

“Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyanın belə bir sözü var idi: “İranın ərzağı, Rusiyanın silahı olmasaydı, biz Qarabağı ala bilməzdik”. İran həmişə istəyib ki, biz zəif olaq. Çünki hər zaman ehtiyat edib ki, Güney Azərbaycanda adlı bir dövlət yarana bilər. Doğrudur, o taylı-bu taylı birləşməyimiz hələ çox uzaq görünür. Lakin inanıram ki, İran hər şeydə məğlub olacaq və bizə heç nə edə bilməyəcək. Çünki biz haqqımız olaraq öz ərazi bütövlüyümüz təmin etməyə çalışırıq.

Hər kəsə məlumdur ki, İran bizə dost olduğunu deyib elə əvvəldən də, müharibə dövrü və ondan sonra da daim Ermənistana hər cür yardım, dəstək göndərib, silah-sursat, ərzaq ötürüb. Bununla da bizi təhdid etməyə, zəiflətməyə çalışır. Lakin artıq Azərbaycan güclü, regionda öz sözünü deyən dövlətə çevrilib. Fars rejimi isə bununla barışmaq istəmir.

İran rejimi molla rejimidir. Molladırlarsa, gedib, mollalıqlarını etsinlər. Molla ilə siyasət alınmır. Molla siyasətlə məşğul olursa, demək, dinə qulluq etmir”.

 






Fikirlər