Ermənistanla sərhəddə növbəti toqquşma? - “Bu dəfə supergüclər üz-üzə gələcək”

Ermənistanla sərhəddə növbəti toqquşma? - “Bu dəfə supergüclər üz-üzə gələcək”

“Mənə elə gəlir ki, Ruben Vardanyan və Araik Arutyunyan arasındakı ziddiyətlərin cavabını elə erməni nəşrlərində tapmaq mümkündür. Çünki Azərbaycan rəsmiləri qeyd edirdilər ki, Qarabağdakı erməni əhaliylə artıq danışıqlar həyata keçirilir və müəyyən razılıqlar əldə olunub. Amma Vardanyanın oraya gəlməsiylə bütün bu proseslər donduruldu. Yəni Vardanyan oraya gəlməklə hazırda sülhməramlıların nəzarətində olan ərazinin Azərbaycanın yurisdiksiyası altına keçməsinin qarşısını almağa başladı”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Nadir Şəfiyev Qarabağdakı separatçı qurumun rəhbərliyi arasındakı ziddiyətlərdən, habelə Araik Arutyunyandan sonra Ruben Vardanyanın da Moskvaya getməsindən söz açarkən deyib. 

N.Şəfiyevin sözlərinə görə, dəfələrlə Azərbaycan Prezidenti bildirib ki, Qarabağda yaşayan erməni əhalinin qarantı olaraq Azərbaycan dövləti çıxış edir və Azərbaycan Konstitusiyası da bütün Azərbaycan vətəndaşlarının hüquqlarını qoruduğu kimi, onların da hüququnu qoruyacaq. O, əlavə edib ki, məhz bu səpkidə də həmin ərazidə yaşayan ermənilərin liderləriylə danışıqlar aparılıb və müəyyən razılıqlar əldə olunub. 

Siyasi analitik düşünür ki, bu danışıqlar sülhməramlılar bölgədən çıxarılana qədər başa çatdırılmalı, əlaqələr qurulmalı, artıq həmin bölgədə sabit bir şərait yaranmalı və azərbaycanlılarla ermənilər arasında həmin o kin aradan qaldırılmalıydı: 

“Belə olan halda 2025-ci ildə həm ərazi tam Azərbaycanın nəzarəti altına keçəcəkdi, həm də Qarabağdan olan məcburi köçkünlərimiz həmin ərazilərə qayıda biləcəkdilər. 

Lakin bu, bölgədə öz maraqlarını güdən Ermənistana və ona havadarlıq edənlərə, ümumiyyətlə, bölgədə öz nüfuzunu qoruyub saxlamaq istəyən qüvvələrə əl vermir. Çünki onlar istəmirlər ki, bölgədə sabitlik və Ermənistanla Azərbaycan arasında sülh olsun, bütövlükdə isə Qafqaz birgə əməkdaşlıqla inkişaf etsin. Təbii olaraq, o qüvvələr Qarabağ ermənilərinin liderləri arasında maşa rolunu oynayaraq, müəyyən qarşıdurma yaradırdılar”. 

Ekspertin qənaətinə görə, hazırda da onları bir istiqamətə yönəltməyə çalışırlar: 

“Bu istiqamətin nədən ibarət olduğunu biz tam söyləyə bilmərik. Mən bilmirəm, Moskva orada gedən prosesləri o istiqamətdə yönəltmək istəyir ki, bölgəni rahatca Azərbaycanamı təhvil verə bilsin? Yaxud bilmirəm, orada təsirini saxlamaq istəyir? Və ya Vardanyanı gələcəkdə Ermənistana rəhbər təyin etməklə İrəvanın Moskvaya olan münasibətini dəyişmək istəyir? Bunlarla bağlı konkret heç nə demək mümkün deyil və bizim o qədər məlumatımız yoxdur. Amma bu istiqamətdə fəaliyyətinin olmasını güman edirəm. Lakin ermənilərin ötən ilin axırından həyata keçirdiyi siyasət ona gətirib çıxardı ki, biz supergeclərin Ermənistan-Azərbaycan sərhədində yenidən toqquşmasını yarada bilərik”. 

Analitik iddia edib ki, təqribən 30 ilə yaxın müddətdə keçmiş Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələrin sülh yoluyla həll olunmasının qarşısını alan həmin o supergüclərin maraqlarının toqquşması idi: 

“Yəni ABŞ da, Fransa da, Rusiyada regionda öz hegemonluğunu saxlamaq istəyirdi və bir-birilərinə bunu həyata keçirməyə yol vermirdilər. Son nəticədə Azərbaycan özün bu məsələni öz gücüylə həll etdi. Amma hələ də müəyyən məqamlar var ki, onları da keçmək lazımdır”. 

Siyasi təhlilçi aydınlaşdırıb ki, bu oyun sadəcə olaraq, ermənilərin yox, əksinə, həmin o supergüclərin arasında gedən mübarizənin bir qoludur:

 

“Hesab edirəm ki, istənilən halda Azərbaycan rəhbərliyi bütün bunlara hazırdır. O cümlədən Ermənistanda vəziyyət necə dəyişəcək, rəhbərliyə Qarabağ ermənisi gələcək, yoxsa Paşinyan özü hakimiyyətdə qalacaq, bilmirəm. Amma Azərbaycan 3 il ərzində öz ərazisində olan problemləri öz gücüylə həll edəcək”. 






Fikirlər