İnsanlığa qəsdin 31-ci ili: “Cinayətkarlar hələ də cəzasız qalıblar” - FOTO
Azərbaycan xalqı Xocalıda mülki əhaliyə qarşı törədilmiş soyqırımı aktının qurbanlarını anır. Bir şəhəri yer üzündən silən, 613 nəfərin qətliamına səbəb olan bu hadisə artıq dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınır. Amma təəssüf ki, bu soyqırımını həyata keçirən qatillər hələ də öz layiqli cəzalarını almayıblar. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımından 31 il keçir. Hələ 1992-ci il fevralın 12-də ermənilərin Şuşanın Malıbəyli və Quşçular kəndlərində, eləcə də fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğınlar mühasirədə qalmış Xocalı üçün böyük təhlükədən xəbər verirdi. Təəssüflər olsun ki, fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücumu reallaşdırdı. Xocalıya hücum tanklardan və zenit toplarından açılan 2 saatlıq atəşdən sonra həyata keçirilib. Şəhərə 5 istiqamətdən hücum edildiyinə görə, əhali Əsgəran istiqamətində qaçmaq məcburiyyətində qalıb. Amma tezliklə aydın olub ki, bu da, məkrli hiylə imiş. Erməni silahlı dəstələri Naxçıvanik kəndi yaxınlığında əliyalın əhalinin qarşısını kəsib və onları gülləbaran edib. Qarlı aşırımlarda və meşələrdə taqətdən düşən insanların çoxu məhz Əsgəran-Naxçıvanik düzündə xüsusi qəddarlıqla qətlə yetirilib. Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Bir gecədə 613 nəfər qətlə yetirilib Xocalıya hücum nəticəsində dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib.
İlk hüquqi-siyasi qiymət Heydər Əliyev tərəfindən verilib Onu da qeyd edək ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verilib. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı günü haqqında” qərar qəbul edib. Ümummilli lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” növbəti fərman imzalayıb. “Xocalıya ədalət!” kampaniyası nəticəsində… Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasında olub. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə reallaşdırılan fondun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində aparılan sistemli fəaliyyətin nəticəsidir ki, dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər. Təəssüf doğuran məqamlardan biri isə Xocalıda hərbi əməliyyatlara rəhbərlik edənlərin, əli qana batanların hələ də cinayət məsuliyyətinə cəlb olunmamasıdır. İllərdir beynəlxalq arenada Azərbaycanın apardığı məqsədyönlü işlərə baxmayaraq, Xocalıda əli günahsız azərbaycanlıların qanına batan Sərkisyan, Ohanyan, Balayan kimi cinayətkarlar hələ də cəzalandırılmayıblar.
“Xocalı üç dəfə ermənilər tərəfindən işğal olunub” Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Xocalıdan olan millət vəkili Elman Məmmədov bildirdi ki, 31 il bundan öncə Ermənistan dövləti Azərbaycan ərazisində onun xalqına qarşı soyqırımı törədib: “Bu soyqırımının törədilməsində onlar tək deyildi, Sovetlər İttifaqına məxsus, sonradan Rusiya Federasiyasına tabe olan 366-cı motoatıcı alay da özünün bütün hərbi texnikası və canlı qüvvəsi ilə Xocalıya hücumda iştirak edib. Cəmi 9-10 saat ərzində 613 nəfər dinc əhali şəhid olub. Bu insanlar mülki şəxslər - qadınlar, qocalar, uşaqlar, xəstələr idi. Əlbəttə ki, ermənilərin Xocalıya qarşı hücumu bir dəfə olmayıb. Bir əsrdə Xocalı üç dəfə ermənilər tərəfindən işğal olunub, yandırılıb. Birinci 1905-1906-cı, ikinci 1918-1920-ci illərdə, üçüncü dəfə isə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə. Bəli, bu illər ərzində soyqırımının tanıdılması üçün xeyli işlər görülüb. Xüsusilə, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk dəfə 1994-cü il fevral ayının 24-də Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib. Bu işlər İlham Əliyevin prezidentliyi dövründə prioritet istiqamətlərdən biri olub. Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanımın rəhbərliyi və fondun vitse-prezidenti Leyla xanımın rəhbərliyi altında “Xocalıya ədalət!” kampaniyası geniş vüsət alıb. Müxtəlif ölkələrdə keçirilən çoxsaylı tədbirlər, Xocalı soyqırımı haqqında məlumatların yayılması, onun tanıdılması istiqamətində görülən işlərin miqyası bunu deməyə əsas verir”.
“Cinayətkarlar hələ də cəzasız qalıblar” E.Məmmədov təəssüflə qeyd edib ki, bu günə qədər Xocalı soyqırımının törədilməsinə rəhbərlik edən, qətliamın təşkilatçıları olan cinayətkarlar hələ də cəzalarına çatmayıblar: “Bu istiqamətdə beynəlxalq təşkilatlar heç bir iş görməyiblər. Azərbaycan tərəfi olaraq biz bütün beynəlxalq təşkilatlara kifayət qədər məlumatlar vermişik. Bu soyqırımının törədilməsinə kimlərin rəhbərlik etməsi, cinayətkarların adları, siyahısı, kimliyi haqqında yazılı təqdimatlar olunub. Ancaq onlar hələ də cəzasızdırlar! Biz hamımız, tək xocalılar yox, bütün Azərbaycan vətəndaşları gözləyir, tələb edir ki, bu cinayətkarlar, bu soyqırımını törədənlər cəzalarına çatsınlar. Artıq beynəlxalq qurumlara da ümidimiz itib. Necə ki 44 günlük Vətən müharibəsində qələbə qazandıq, eləcə də Xocalıda, Qaradağlıda, Ağdabanda, Meşəlidə və başqa yaşayış məntəqələrimizdə Köçəryan, Sərkisyan, Balayan kimi soyqırımı törədənləri də özümüz ədalət məhkəməsi qarşısına çıxarıb cəzalandırmağa nail olacağıq!”