35 illik diktator rejiminin acı sonluğu – prezidenti hakimiyyətdən öz qudası devirib
1954-cü ildə hərbi çevriliş edərək hakimiyyətə gələn Alfredo Stroessner düz 35 il Paraqvayın birinci kürsüsünə sahiblik edib. Onun hakimiyyətə gəlişindən sonra Latın Amerikasında “maraqlı” bir ifadə ortaya çıxıb: “Braziliyanı futbolçusuz, Paraqvayı diktatorsuz təsəvvür etmək mümkün deyil...” Alfredo Stroessner 1912-ci ildə Paraqvayın Enkarnason şəhərində anadan olub. 16 yaşında orta təhsilini başa vurduqdan sonra o, Fransisko Lopes adına Paraqvay Hərbi Məktəbində ali hərbi təhsil alıb, 20 yaşında Paraqvay ordusunda leytenant rütbəsində xidmətə başlayıb. Stroessner çox qısa müddət ərzində bacarıqlı və peşəkar zabit kimi tanınıb, Paraqvayla Boliviya arasındakı hərbi münaqişə zamanı uğurlu hərbi əməliyyatları ilə fərqlənib. Artıq 1940-cı ildə o, mayor, 1945-ci ildə isə polkovnik rütbəsi daşıyıb, xidmətini Paraqvay ordusunun baş qərargahında davam etdirib. 1948-ci ildə 36 yaşlı Stroessner general rütbəsi alaraq Latın Amerikasında bu rütbəni daşıyan ən gənc zabit olub. 1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərində Paraqvaydakı qeyri sabit siyasi vəziyyət yeddi il ərzində ölkədə 6 prezidentin dəyişməsinə səbəb olub. Bu qarışıq durumda, hakimiyyət əvəzlənməsində Stroessner əsas fiqurlardan biri kimi iştirak edib, Federiko Çavesin prezident seçilməsində isə xüsusi rolu olub. Çaves generalın xidmətlərini cavabsız qoymayıb, Stroessneri Paraqvay silahlı qüvvələrinin ali baş komandanı təyin edib. Stroessner bütün Latın Amerikasında ən qatı antikommunist kimi tanınıb. Onun bu cür siyasi baxışları ABŞ tərəfindən yüksək qiymətləndirilib. Belə ki, Amerika rəsmiləri Latın Amerikasında öz siyasətlərini yeritmək üçün Stroessnerdən istifadə etmək qərarına gəliblər.
1954-cü ildə Stroessner ABŞ səfərindən qayıtdıqdan sonra Paraqvayda siyasi bəyanatla çıxış edərək ölkədə ABŞ siyasətinə qarşı çıxan partiyaların fəaliyyətinin dayandırılmasını tələb edib. O, eyni zamanda prezident Çavesin siyasi kursunun Paraqvayı uçuruma apardığını bildirərək onun istefasını tələb edib. Prezident özü ali baş komandan təyin etdiyi Stroessnerin tələblərini qəbul etməyib, mövqelərini polis və qvardiya qüvvələri ilə qorumağa çalışıb. Amma orduda böyük nüfuza və səlahiyyətlərə sahib olan Stroessner məsələni hərbi çevrilişlə həll edib. 5 may 1954-cü ildə Stroessnerin başçılığı ilə hərbi çevriliş nəticəsində Çaves hakimiyyətdən devrilib. 1954-cü ilin iyul ayında Paraqvayda bir nəfərin namizədliyi ilə alternativsiz prezident seçkiləri keçirilib. Alfredo Stroessner Paraqvayın prezidenti seçilib. Stroessnerin prezident kimi ilk qərarı ölkədə hərbi vəziyyət elan etməsi olub. Paraqvayda hərbi vəziyyət hər 90 gündən bir yenilənərək 1987-ci ilə qədər davam edib. Stroessnerin hakimiyyətə gəlişi ilə Paraqvayda vətəndaş hüquqları məhdudlaşdırılıb, siyasi müxalifətin fəaliyyəti rəsmi şəkildə qanuna zidd sayılıb, mətbuat üzərində ciddi senzura tətbiq edilib. Mövqelərini möhkəmlətmək, mütləq hakimliyini tam təmin etmək üçün Stroessner bütün mümkün variantlardan və cəza tədbirlərindən istifadə edib. Onun hakimiyyəti dövründə Paraqvay həbsxanalarında yer çatışmazlığı yaranıb. Hər dörd paraqvaylıdan biri bu həbsxanalarda “cəza” çəkib. Məhz həmin illər ərzində 2 milyona yaxın paraqvaylı repressiyalardan qurtulmaq üçün öz ölkələrini tərk etmək məcburiyyətində qalıb. Öz şəxsi büdcəsini zənginləşdirərək əhalini dilənçi vəziyyətinə salan Stroessnerin hakimiyyəti illərində ölkə əhalisini 40 faizdən çoxu işsiz qalıb, orta yaş həddi 50 yaşdan aşağı düşüb, ümumi əhalinin təxminən 10 faizi 4 yaşına çatmamış ölüb. Ölkənin bir neçə şəhərini çıxmaq şərti ilə əyalətlərdə tibb xidməti yox dərəcəsində olub, ucqarlarda insanlar ən adi xəstəliklərdən ölüblər. Amerikanın dəstəyinə arxalanan Stroessner Paraqvayda əsl şahlara məxsus həyat sürüb. Onun adına şəhərlər, fabrik və zavodlar, prospekt və küçələr, məktəb və xəstəxanalar verilib. Prezidentin portretinin hər hansı bir obyektə olmaması həmin obyekt sahibinin cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnib. Stroessnerin hakimiyyəti illərində Paraqvayda korrupsiya adi hal sayılıb. Amma bu işlə yalnız onun ən yaxın adamları məşğul olublar.
Yaratdığı diktator rejimində Stroessner 1958, 1963, 1968, 1973, 1978, 1983, 1988-cü illərdə keçirilən seçkilərdə prezidentlik müddətini böyük saxtakarlıq peşəkarlığı ilə uzatmağa nail olub. 1980-ci illərdə Stroessner seçkilərdə öz qələbəsini təmin edə bilsə də, ölkədəki müxalif qüvvələrin etirazlarının qarşısını almaqda çətinlik çəkib. Digər bir tərəfdən ABŞ-ın Stroessnerdən əl götürməsi onun hakimiyyətini zəiflədib. Stroessnerin ən yaxın silahdaşlarından biri Paraqvay silahlı qüvvələrinin 1-ci korpusunun komandanı general Andres Rodriqes olub. Generalla prezident həm də quda olublar. Rodriqesin qızı Stroessnerin oğlu ilə ailə həyatı qurub. Rodriqes Paraqvayın ən zəngin adamlarından biri sayılıb. Ölkədəki bütün valyuta dəyişmə məntəqələri ona məxsus olub. 1989-cü ildə Paraqvayda siyasi vəziyyətin gərginləşməsini nəzərə alan Rodriqes qızı vasitəsi ilə Stroessnerə çatdırıb ki, hakimiyyətdən könüllü getmək lazımdır. Bu təklif prezidentin qəzəbinə səbəb olub və onun göstərişi ilə generalın bütün biznes fəaliyyəti dayandırılıb. Bununla da Paraqvayın siyasi elitasında qarşıdurmalar başlanıb.
3 fevral 1989-cu ildə general Rodriqes prezidentə, öz qudasına qarşı açıq müharibə elan edərək hərbi çevrilişlə Stroessneri hakimiyyətdən devirib. Stroessner Rodriqesin adamları tərəfindən həbs edilib. Ümumi müzakirələrdən sonra Stroessnerin dustaq kimi Paraqvayda qalması da təhlükəli sayılıb. Ona ölkəni tərk etməyə icazə veriblər. Stroessner Braziliyada məskunlaşıb. Onun bir daha Paraqvaya qayıtmasına icazə verilməyib. Sabiq prezident 2006-cı ildə, 93 yaşında vəfat edib. General Rodriqes isə Paraqvay prezidenti kürsüsündə 1989-cu ildən 1993-cü ilə qədər qudası Stroessneri əvəzləyib. İlham Cəmiloğlu, Musavat.com