“ANKLAV KƏNDLƏRİMİZ HƏRBİ YOLLA AZAD OLUNMALIDIR” – “Bu tamaşanı sonadək seyr edə bilmərik...”
“10 noyabr 2020-ci ildən sonra Azərbaycan və Ermənistan arasında müharibənin bitmədiyini sübut edən kifayət qədər hərbi-siyasi hadisələr baş verib. Son hadisələr - əsir əsgərimizə verilən işgəncə və bayrağımızın beynəlxalq tədbirdə yandırılması göstərir ki, müharibə iki millət arasında da davam edir. Yolu azıb erməni tərəfə keçən əsgərimizə vurduqları təpiklə ermənilər reinteqrasiya dediyimiz birgəyaşayışı qəbul etmədiklərini, bunun qeyri-mümkünlüyünü bir daha göstərdilər. Bayrağımızı İrəvanda, rəsmi tədbirdə yandıran ermənilər vandallıqları ilə yanaşı, bizimlə heç zaman barışmayacaqlarını nümayiş etdirdilər”. “AzPolitika.info” xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən yeni təxribatları şərh edərkən deyib. “Müharibəni yalnız hərbiçilər deyil, erməni cəmiyyətinin sıravi üzvləri də davam etdirir. Bu qənaətə gəlməyimizin səbəbi sərhəddə baş verən son hadisə deyil, belə təxribatlara adət etmişik. Naxçıvan istiqamətində yolu azıb düşmən tərəfə keçən əsgərimizə təpiyi erməni əsgəri yox, mülki erməni vurub və nümayiş etdirib. Bayrağımızı da sıravi dizayner yandırıb. Müharibə bitməyib, dayandırılıb”, - təhlilçi əlavə edib. Onun sözlərinə görə, müharibənin dayanmasından iki il yarım zaman keçib və vaxt uzandıqca himayədarına sığınan, işğaldan ruhlanan Qarabağ erməniləri heç vaxt Azərbaycanın tərkibində olmayacaqlarını, müstəqil olacaqlarını daha bərkdən söyləyirlər: “Ümumiyyətlə, bu gün real vəziyyət necədir? Azərbaycanın hərbi-siyasi üstünlükləri ortada olsa da, reallıqda Azərbaycan torpaqlarının 3,2 min kvadrat kilometr sahəsi hələ də Ermənistan ordusunun işğalı altındadır, üstəlik, 8 anklav kənd. Qarabağda öz qoşunları ilə dayanan Rusiya torpaqlarımızı azad etməyə imkan vermir. Deməli, bu ərazi həm də Rusiyanın işğalı altındadır. Bütün bəlanın mənbəyi də budur. Erməni məğlub olub, amma Azərbaycan torpaqlarının 3,2 min kvadrat kilometrini işğal altında saxlamaqla hələ də real qazancın əlində olduğunu bilir və onu əldən verməmək üçün 29 aydır ki, hər cür dona girir. Əlbəttə ki, bu donları onların əyninə himayədarları - Rusiya, İran, Fransa biçdiyindən, sülhdən, razılaşmadan qaça bilir”. İ.İsmayıl vurğulayır ki, müharibə yalnız iki dövlət arasında deyil, həm də vasitəçi adı ilə geosiyasi təsir imkanlarını reallaşdırmaq istəyən Qərb və Rusiya arasında davam edir. Onun sözlərinə görə, Ukrayna müharibəsindəki isti qarşıdurma öz yerində, Qarabağda da guya ki, vasitəçi olanlar arasında qarşıdurma gah işğal altında olan ərazilərimizdə, gah da iki dövlətin sərhədində təxribatlarla müşayiət olunur. “Verilən məlumatlara görə, ABŞ-da və Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir. Nəticəsi olacaqmı? Müharibə bitəndən indiyədək belə görüşlər çox olub, hansısa razılaşmalara da nail olunub, amma heç biri reallaşmayıb, çünki vasitəçilər Cənubi Qafqazda bir-birini sıxışdırmaq üçün müxtəlif təxribatlara əl atdıqca heç bir razılaşma olmayacaq. Bu siyasətdə vasitəçilərin aləti, həmişə olduğu kimi Ermənistandır. Azərbaycanla sülh müqaviləsini bağlamamaq üçün bütün manevrlərdən istifadə edir, gələcəkdə hansı qütbün yanında olacağına qərar verə bilmədiyi üçün və ya qəsdən hər iki tərəfə vədlər verərək, onların maraqları ətrafında reveranslar edib əlverişli beynəlxalq şəraiti gözləyirlər”, - ekspert qeyd edib. İlham İsmayıl bildirir ki, iki il yarımdır Ermənistan və Rusiyanın zaman uzatmaq siyasətinin şahidiyik: “Yeni görüşlər, yenə delimitasiya, demarkasiya işləri, infrastrukturun açılması müzakirə olunacaq, vədlər veriləcək, Nikol Paşinyan Brüsseldən, Vaşinqtondan qayıdan kimi, orada dediklərini unudub tamam əks mövqedən çıxış edəcək, Soçiyə, ya da Moskvaya çağrılacaq, oradan da qayıdanda Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlavə şərtlərdən danışacaq. Yəni, Putin Valday çıxışında dediyi kimi, “Vaşinqton variantı ilə Qarabağdan imtina edirsinizsə, biz də buna razıyıq” deyib, Ermənistan rəhbərliyini şantaj etməkdə davam edəcək”. Təhlilçi hesab edir ki, biz Ermənistana hərbi və birbaşa himayədarı olan Rusiyaya diplomatik təzyiqlərimizi artırmalıyıq: “Ermənistana ilk hərbi təzyiqimiz 8 anklav kənd ətrafında baş verməlidir. Bu ərazilər Qarabağ deyil, burada 10 noyabr bəyanatı keçmir. Burada Ermənistanın işğalı altında olan ərazilərin qısa müddətdə azad edilməsi həll olunmalıdır. Ermənistanın 41 kvadrat kilometrlik Başkənd anklavı bizim nəzarətimizdədirsə, Ermənistanın nəzarətində 200 kvadrat kilometrdən çox 8 anklav kəndlərimiz var. Düşmən bilməlidir ki, tezliklə masa arxasında bu problem həll olmasa hərbi yola əl atmaq beynəlxalq hüququmuzdur”. Ekspert onu da qeyd edir ki, Rusiyaya təzyiqimizi Qərblə koordinasiyalı şəkildə aparmalıyıq. “Bu təzyiq ilk növbədə Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə başlanmalıdır. Buna Qərb də etiraz etmir, heç Ermənistan hakimiyyəti də. Bu işə yalnız Rusiya mane olur. Dinc aksiyanın götürülməsi müqabilində nəzarət məntəqəsinin qurulmasının yaxın tarixi elan olunmalıdır. İkinci təzyiq erməni silahlı qüvvələrin Qarabağdan çıxarılması ilə bağlı olmalıdır. Rusiya imzasına hörmət edirsə, bu silahlı qüvvələrin çıxarılmasının da vaxtını elan etmək lazımdır”, - o bildirib. İ.İsmayıl hesab edir ki, Rusiyaya diplomatik təzyiq Qarabağla, Ermənistana hərbi təzyiq anklav kəndlərlə başlanmalı və sona çatdırılmalıdır. “Yoxsa, biz bu tamaşanı sonadək seyr edə bilmərik, çünki bu tamaşanın sonu yoxdur”, - ekspert vurğulayıb.