“Azərbaycan qarşı tərəflərə konkret zaman çərçivəsini göstərməklə sərt tələblərini irəli sürməlidir”- İlham İsmayıl
“Rusiya - Qərb qarşıdurması planetin bir sıra bölgələrində isti və soyuq müharibə şəklində davam edir və təəssüf ki, o bölgələrdən biri də Cənubi Qafqazdır”.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. Ekspert bildirib ki, konkret olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində hər iki tərəfin qeyri-səmimiliyi ucbatından münaqişənin yekun nöqtəsi vurulmur:
“Əgər 2022-ci ildə Brüssel formatı sülhə yaxınlaşma istiqamətində müəyyən uğurlar əldə etmişdisə, Rusiyanın “Valday” və Soçi bəyanatları prosesə elə zərbə vurdu ki, faktiki olaraq üç ay tərəflər arasında heç bir danışıq olmadı. Münhen Təhlükəsizlik Konfansındakı görüş isə demək olar ki, sırf konfransda iştiraka görə ABŞ-ın təşəbbüsü ilə baş tutdu. Bu, o demək deyil ki, Qərb sülh uğrunda çalışır. Qərbin də Fransanın simasında olduqca destuktiv mövqeləri sülhün yaxınlaşmasına əngəl törədən amillərdən biridir və məhz Fransa prezidentinin görüşdə iştirakının şərt kimi irəli sürülməsi də görüşlərdən imtinanı yaradan şərtlərdən biridir. Sadəcə olaraq Rusiya Avropanın istənilən mediatorluğunu qəbul etmir və özü də real sülh planı təqdim etmir. Minsk Qrupu necə ki, 28 il heç bir sülhə nail olmadı, indi də öz aralarında parçalanan vasitəçilərin bu oyunu illərlə davam edə bilər və gördüyümüz kimi müharibənin bitməsindən 27 aydan çox vaxt keçməsinə baxmayaraq sülh üçün real nəticə yoxdur. Hər iki qütb arasında manevr edən Ermənistana mövcud vəziyyət – zamanın uzanması sərf edir, Azərbaycana isə yox”.
Rusiya XİN-in rəsmisi Mariya Zaxarovanın son açıqlamalarına gəldikdə, İ.İsmayıl deyib ki, rusiyalı diplomat indiki açıqlaması da kollektiv Qərbin Qarabağ münaqişəsi ilə bağlı istənilən təşəbbüsünə, o cümlədən perspektiv Brüssel görüşünə Rusiyanın qəzəbli münasibətinin təzahürüdür və Avropanın siyasi paytaxtında istənilən razılaşmalara həmişə olduğu kimi mane olacaqlarına açıq işarədir: “Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrov Bakıya səfəri zamanı Laçın yolunda nəzarət buraxılış məntəqəsinin yaradılmasına etiraz etməklə Münhendə ABŞ və Avropa yetkililərin anlaşıqla qəbul etdikləri məsələyə münasibətinin təzahürü idi. Bəs, onun əvəzində Rusiya real hansı sülh şərtini və ya hansı mərhələdən başlamağı təklif edir? Faktiki olaraq heç nəyi. Delimitasiya və demarkasiya işləri ilə bağlı təklifləri, komissiyanın fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi elə Rusiyanın mövqeyi ilə də bu günə kimi reallaşa bilməyib.
Vardanyanın vəzifədən çıxarılması, erməni icması ilə görüşlər, sərhədə qoyulacağı hələ sual altında olan skayner aparatı və digər ikinci dərəcəli işlər Xankəndi probleminin həllini və Ermənistanla sülh müqaviləsini yaxınlaşdıran proses səviyyəsində deyil. Bu detalların müəyyən əhəmiyyəti var, amma həlledici rol oynamır.
Ona görə də Azərbaycan qarşı tərəflərə konkret zaman çərçivəsini göstərməklə sərt tələblərini irəli sürməlidir. Yoxsa, Qərb və Rusiya qarşıdurması hələ çox çəkəsidir”.