“HƏRƏKƏT ETMƏLİ, DÜŞMƏNİ FAKT QARŞISINDA QOYMALIYIQ” – “Laçın yolunda nəzarət..."

“Zaman keçdikcə düşmən iddiasını yenidən ortaya qoyur və Rusiyanın tormozladığı sülh onu ruhlandırır. İlk baxışdan bu gün Ermənistanla Rusiya arasında münasibətlərin gərgin olduğu təəssüratı yarana bilər, amma bu dərinə işləməyən gərginlikdir”.

“AzPolitika.info” xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Qarabağ ətrafında gedən prosesləri dəyərləndirərəkən deyib.

“Ermənistanın Qərbə meyillənməsi Rusiyaya təzyiq vasitəsidir. Rusiya da “günahkar” kimi “günahını” yuyur və Ermənistandan Laçın yolu vasitəsilə separatçılara silah-sursat, humanitar yardım, ərzaq və sairə daşımaqla məşğuldur”, - təhlilçi əlavə edib.

Onun sözlərinə görə, Rusiya hərbi kontingenti Laçın yolunda tam formal nəzarət funksiyasını həyata keçirir: “Dinc etiraz aksiyasının onlara mane olmadığı Xəlfəli-Turşsu yolu ilə daşınan hərbi yüklərin müşayət olunması kadrları ilə sübut olundu”.

Ermənistanla sülh müqaviləsi nə üçün lazımdır? Bunun Qarabağda qalan separatçılarla bağlı problemə təsiri nədir? Ermənistanla sülh müqaviləsi Qarabağdakı separatçı rejimin mövcudluğuna son qoyacaqmı, Xankəndində Azərbaycanın suverenliyi təmin ediləcəkmi?

 

 

Bu suallara cavabında İlham İsmayıl bildirir ki, son iki gündə Ermənistan rəsmilərinin açıqlamaları yalnız Qarabağda qalan ermənilər, separatçı rejimlə əlaqədardır: “Onları delimitasiya, demarkasiya işləri, anklav kəndlərin problemi maraqlandırmır, yalnız Qarabağ ermənilərinin “müstəqilliyi” barədə bəyanatlar səsləndirirlər… Qarabağ separatçıları Rusiyanın dəstəyilə o qədər fəallaşıblar ki, hətta qondarma rejimin keçmiş xarici işlər naziri Masis Mailyan “nikbinliyə böyük əsaslarımız var” deyə bilir”.

Təhlilçi deyir ki, biz Ermənistanla sərhədimizi və harada dayandığımızı bilirik. Onun sözlərinə görə, Ermənistan öz problemləri ilə məşğul olmaq əvəzinə bizim daxili işimizlə qarışır: “ Deməli, biz də bütün siyasi, hərbi fəaliyyətimizi Qarabağa istiqamətləndirməliyik. Ermənistanla 31 oktyabr 2022-ci ildən sonra rəsmi danışıqlarımızı dayandırmışıq, amma daxili işimiz olan Qarabağa hələ real təsir edəcək siyasətə nail olmamışıq. Xankəndi və Ermənistan arasında alternativ yolun olduğunu və bu yoldan hərtərəfli istifadə edildiyini video materiallarla sübut etdikdən sonra Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulmasını bu qədər ləngitmək olmaz”.

İ.İsmayıl qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Xankəndindən çıxarılmasına nail olmaq artıq zərurətdir.

“Biz nə qədər sərt bəyanatlar versək belə qarşı tərəflərə təsir etməyəcək, necə ki, bu günə kimi təsir etməyib. Biz hərəkət etməliyik, düşməni fakt qarşısında qoymalıyıq. Müharibə bitməyib, dayandırılıb” – deyə, ekspert bildirib.






Fikirlər