Rusiya Ermənistan qarşısında günahlarını yuyur...

Rusiya Ermənistan qarşısında günahlarını yuyur...

RF XİN rəhbərinin Bakı səfərindən əsas gözlənti Laçın yolunda nəzarət buraxılış məntəqəsinin yaradılması haqqında razılığın əldə olunması idi. O da alınmadı. Ermənilər Rusiyanın bu mövqeyindən razı qaldıqlarını gizlətmir, nəticədən çox razı qalan parlamentin sədri Alen Simonyan Laçın yolunda azərbaycanlıların etiraz aksiyasının Azərbaycanın əleyhinə işlədiyini və tezliklə Haaqa məhkəməsinin qərarına əsasən yolun açılacağını qeyd edib.  Ümumiyyətlə, bir sıra Rusiya rəsmiləri fevralın son gününü Ermənistana həsr edib və ermənilərin maraqlarına uyğun addımlar atıblar. Rusiyanın Ermənistandakı səfirliyi Sumqayıt hadisələrinin 35 -ci ili münasibətilə başsağlığı verərək “Sumqayıt faciəsini bu günlərdə kədərlə yad edirik” bildirib. RF müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin Moskvada Ermənistan müdafiə nazirinin müavini general Karen Brutyanı qəbul edib və perspektiv hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Xankəndidə Rusiya hərbiçiləri 12 məktəbdə olub və 700 ailəyə ərzaq yardımı göstərib. Amma, əsas xidməti təbii ki, Lavrov Bakıda göstərdi və ermənilərin həyəcanla izlədikləri nəzarət buraxılış məntəqəsinin yaranmasına Rusiya imkan vermədi. 
 
Ermənistan hakimiyyətinin Rusiyanın maraqları əleyhinə atdığı son hərəkətlərə- KTMT sənədinə imza atmamaq, KTMT təliminə Ermənistan ərazisində icazə verməmək, Xarici işlər nazirlərinin Moskva görüşünə getməmək, Avropa İttifaqının komissiyasını iki illiyinə Ermənistana dəvət etmək və sairə anti Rusiya mövqelər- Rusiyanın necə reaksiya verəcəyi barədə fikir bildirərkən sual etmişdik ki, Rusiya “günah yuyacaq”, yoxsa “günahkarı cəzalandıracaq”? Məlum oldu ki, Rusiya ermənilər qarşısında “günahlarını yumağa” üstünlük veriblər. Azərbaycan Fərrux dağındakı mövqedən geri çəkilməyəcəyini bildirəndə Rusiya parlamentinin deputatı Delyagin “Bakıya atom bombası atmalıyıq” bəyanatı ilə çıxış etmişdi, amma erməni nə qədər rusu söysə də, Putini sonuncu dəfə İrəvandan çox urvatsız yola salsa da, “gözün üstə qaşın var” deyən olmadı. Əksinə, Lavrov Azərbaycana öz sərhədində nəzarət-buraxılış məntəqəsini yaratmağa imkan verməyərək, 10 noyabr razılaşmasına istinad etdi. Həmin razılaşmadakı başqa bəndləri – erməni silahlı qüvvələrinin çıxarılmasını, azərbaycanlı qaçqınların keçmiş Dağlıq Qarabağ ərazisinə qayıtmasını, Zəngəzur yolunun açılmasını isə yada salmadı.
   
ABŞ-ın, Avropa İttifaqı yetkililərinin anlaşıqla qarşıladıqları məsələyə Rusiya etiraz etdi, gedən sülh arabasının təkərinə çomaq uzatdı. Nə etməliyik?
Brüssel formatına üstünlük verməliyik və əlbəttə ki, Laçın yolundakı etiraz aksiyamızı davam etdirməliyik. Vardanyanın vəzifədən getməsi bu işin kompensasiyası ola bilməz!  Qarabağdakı erməni silahlı qüvvələrinə hər gün ərzaq, hərbi geyim, digər gündəlik təminat malları daşıyan Rusiya hərbi kontingentinə maşınlara baxış rejimini yaratmaq haqqında xəbərdarlıq edilməli, ümumiyyətlə aksiya iştirakçılarının sayını artırmaq, azərbaycanlı qaçqınların nümayəndələrini aksiya yerinə cəlb edib, “evimə gedirəm” şüarlarını qaldırmaq lazımdır. Ağdamın Mərzili kəndində yerləşən Türkiyə-Rusiya monitorinq mərkəzini Laçın yolundakı dövlət sərhədinə yerləşdirmək və sərhəd nəzarət funksiyasını müvəqqəti olaraq bu quruma həvalə etmək haqqında Rusiya ilə təcili danışıqlara başlamaq lazımdır. Necə olur ki, Ermənistan Rusiyanın bütün etirazlarına baxmayaraq Avropa İttifaqının komissiyasını gətirib Rusiya sərhədçilərinin gözünün qarşısına qoya bilir, biz öz sərhədimizə legitim “monitorinq mərkəzini” yerləşdirə bilmirik? Bizə imkan vermirlərsə, Türkiyə nümayəndələrinin, eləcə də Rusiyanın da təmsil olunduğu “monitorinq mərkəzi”nə niyə etiraz edilməlidir? Rusiyanın formal nəzarətinə son qoyub, Türkiyə nümayəndələrinin nəzarəti altında qanunsuz yüklərin daşınmasının qarşısı alına bilər. Avropa İttifaqının komissiyasına dözən Rusiya buna da etiraz etməsin. 
 
Əgər Rusiya yenə etiraz edərsə..və edəcək də. O zaman biz sərhədimiz və Qarabağın qalan ərazilərində suveren hüquqmuzu, dövlət nəzarətimizi yaratmaq üçün qərar verməliyik.
 
İlham İsmayıl






Fikirlər