“Hədəf Rusiyadır, Azərbaycan deyil...”

“Hədəf Rusiyadır, Azərbaycan deyil...”

Hər zaman Rusiyanın arxasında gizlənib Azərbaycana qarşı düşmənçilik edən ermənilər bu dəfə də xislətlərinə sadiq qaldılar. RF XİN rəhbəri Sergey Lavrov Bakı səfəri zamanı “Laçın yolunda nəzarət buraxılış məntəqəsi olmayacaq”-deyəndə, ermənilərin çiçəyi çırtlamışdı və bizim bu yolda keçirdiyimiz dinc etiraz aksiyasının əleyhimizə işlədiyini söyləmişdilər. Belə olduqda təxribatların davam edəcəyi qaçılmaz idi. 

Qarabağ hadisələri başlayandan bəri ermənilərin törətdikləri təxribatların gününə diqqət etsək doxsan faizinin bazar günlərində baş verdiyinin şahidi olarıq. Xəlfəli yolundakı insident-təxribatın da istirahət gününə düşməsi təsadüfi deyil. Psixiloji arxayınlıq yaradan bu gün təxribatlar üçün əlverişli hesab edilir. Ermənistandan gələn silahların daşınma məsuliyyətinin yüksək rütbəli zabitlərə həvalə edilməsi məntiqlidir. Yoxsa, bazar günündə bu zabitlərin “həyat yolu” adlandırdıqları arxa yolla gedişi nəyə hesablanıb? Guya separatçı rejim tanınmış ölkədir ki, Ermənistandan gələnlərlə viza polisləri məşğul olsun? Kimə və hara viza verirmiş bu vizaçı polislər? Yoxsa, Laçın yolundakı etiraz aksiyasının davam etdiyi günlərdə Fransadan deputatı, Livandan terrorçunu, Yunanıstandan ginekoloqları, Rumınyadan keşişi qarşılamaq üçün “vəzifə başına” dal yolnan tələsirlərmiş? Yox, bu vizaçı polislərə Rusiyanın formal nəzarət etdiyi sərhəddən keçib silahları Qarabağa gətirmək tapşırığı verilmişdi. 

Tapşırığı yerinə yetirmək mümkün olmadı, çünki indiyədək istifadə etdikləri arxa yola yaxından da, uzaqdan Azərbaycan nəzarət edə bilir. Səbəb, Rusiya hərbi kontingentinin sərhədə nəzarət etməməsidir. Deməli, Münhen Təhlükəsizlik konfransında faktiki qəbul olunan nəzarət buraxılış məntəqəsinin reallaşması qaçılmazdır. Bu gün Azərbaycan Müdafiə Nazirliyinin və Azərbaycan Xarici İşlər Nazirliyinin sərt bəyanatlarında bu məsələnin xüsusi vurğulanması daha çox Rusiya Federasiyasına yönəlib və bu nəzarət qısa müddətdə yaranmalıdır! Müharibə bitəndən indiyədək müvəqqəti nəzarət etdiyi ərazilərdə sülh yaratmayan, atəşkəs rejiminə belə doğru-dürüst əməl etməyən Rusiya qarşısında nəzarət məntəqəsinin yaradılması kəskin şəkildə qoyulmalıdır. Lavrovun 10 noyabr bəyanatına əsaslanmasının hüquqi əsası yoxdur. Yoxsa, 10 noyabr bəyanatı Azərbaycan -Ermənistan münasibətlərinin normallaşmasının bütün aspektlərini əks etdirən və tamamlayan bir sənəddir? O zaman delimitasiya, demarkasiya işləri də danışıqlar predmeti olmasın. Ermənistanla sülh müqaviləsinin bağlanması da 10 noyabr sənədində göstərilməyib. 10 noyabr bəyanatı atəşkəs sənədidir. Bu sənədə əsasən Laçın yolunda təhlükəsizlik Azərbaycanın öhdəliyidir və bu öhdəliyi-təhlükəsizliyi təmin etmək üçün Azərbaycanın təhlükəli yüklərin daşınmasının və təhlükə yaradacaq insanların gediş-gəlişinin qarşısını almaq məqsədilə sərhədinə nəzarət etməsi zəruridir! 

Ermənistan Xarici İşlər Nazirliyinin hadisə ilə əlaqədar verdiyi bəyanat isə sübut edir ki, onlar bu təxribatın diplomatik tərəfini də qabaqcadan hazırlayıblar. Paşinyan hakimiyyətinin bir məqsədi də Qarabağ problemini beynəlxalq müstəviyə keçirməkdir. Bu hadisəni bəhanə gətirən rəsmi İrəvan bəyanatında xüsusi olaraq nəyə diqqət ayırıb? ” Mövcud şəraitdə Laçın dəhlizində və Dağlıq Qarabağda faktları araşdırmaq üçün beynəlxalq qrupların buraya gəlməsi həyati vacib məsələdir”. Dövlət sərhədinə Avropa İttifaqı komissiyasını iki illiyə yerləşdirən Ermənistanı sözdə qınayan Rusiya üçün bu bəyanat da sürpriz deyil. Elə isə, Rusiya nədən sülhməramlılarla birgə Azərbaycanın nəzarət buraxılış məntəqəsinin yaradılmasına etiraz edir? Bu bəyanatın əsas mahiyyəti elə bu çağırışdadır. Hədəf isə Rusiyadır, Azərbaycan deyil. Azərbaycan onsuz da öz ərazisinə beynəlxalq qüvvəni buraxmayacaq. 

Biz qalib dövlətik. Qalib dövləti ikinci dərəcəli məsələlərlə- Vardanyanın vəzifədən getməsi, Xocalıda separatçı məmurlarla görüş, monitorinq qrupuna şərait yaradılması ilə təsəlli edib, sevindirmək olmaz. Bunlar, böyük hədəfin kiçik detallarıdır. Nəzarət buraxılış məntəqəsinin yaradılması isə.., böyük hədəfin yolunda ən iri addımdır. Bu addımı ən qısa zamanda atmalıyıq.

İlham İsmayıl

 






Fikirlər