“ERMƏNİSTANA 10 GÜN VAXT VERİLMƏLİDİR” – “Əks halda bu xəttə qan töküləcəyi..."

“Bölgədə vəziyyət nə durğun kimi görsənir, nə də xüsusi bir hərəkətlilik hiss olunur. Ara-sıra atəşkəsin pozulması adi hal kimi qəbul edilir. Amma, hiss olunur ki, hansısa ciddi hadisələrin ərəfəsindəyik. Adətən, belə durumlara tufanqabağı sakitlik deyirlər”.

“AzPolitika.info” xəbər verir ki, bunu təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Xankəndi ətrafında hazırki situasiyanı şərh edərkən bildirib.

Təhlilçi qeyd edib ki, son günlər perspektiv gərginliyə səbəb ola biləcək proseslər daha çox bölgədə təsir imkanları uğrunda mübarizə aparan İran, Rusiya və Qərb tərəfindən aparılır. Onun sözlərinə görə, bu üç qüvvənin bölgə maraqları fərqli, bəzən bir-birilə ziddiyyətli olsa da, hər üçünün hədəfində Azərbaycanın olduğu bəzən açıq, bəzən gizli şəkildə özünü göstərir.

İ. İsmayıl bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycan qarşısında duruş gətirə bilməyəcəyini yaxşı bildiyindən, 6rəsmi Bakını birbaşa Avropa İttifaqının, ABŞ-ın, İranın, Rusiyanın təzyiq hədəfinə çevirmək siyasətini aparır.

Ekspert qeyd edib ki, biz bunun nümunələrini müharibədən əvvəl də görürdük, amma müharibə bitəndən sonra ölkəmizi konkret beynəlxalq təzyiq hədəfinə çevirmək siyasətilə Azərbaycanı dünya ictimaiyyəti və siyasi gücləri qarşısında “demonlaşdırmaq” istəyirlər: “Laçın yolunun “blokadası” bəhanəsilə Azərbaycana təzyiq xarakterli çağırışlar, Haaqa məhkəməsinin aralıq qərarı, Avropa Parlamentinin 15 martda Azərbaycanın rəsmilərinə sanksiya tətbiqi təklifi, NATO-nun sabiq baş katibi Rassmussenin Ermənistanın dəvətilə bölgəyə gəlib Azərbaycan rəhbərliyinə qarşı diplomatik etiketdən uzaq “müraciətlər” etməsi və sairə siyasi gedişlər Qərbin son günlər təzyiqlərinin artmasının sübutudur”.

İ.İsmayıl əlavə edir ki, İran isə daha aqressiv xətt aparır. Onun sözlərinə görə, son günlər İran tərəfindən 4000 muzdlu “şiə döyüşçüləri”nin İslam İnqilabı Keşikçiləri Korpusunun tabeliyində Xankəndi ərazisinə gətirəcəyi haqqında məlumatların yayılması, Azərbaycan sərhədinə yaxın yerlərdə ideoloji təxribat aparması, hava məkanımızı pozması və separatçılara Ermənistan vasitəsilə silah verməsi Qarabağda genişmiqyaslı döyüşlərə hazırlıq planından xəbər verir.

Ekspert bildirir ki, Rusiyanın Qarabağdan erməni silahlı qüvvələrini çıxarmamasının detalları məlum olmağa başlayır.

“Rusiya Ukrayna ilə müharibəyə başladığı vaxtdan onun ən yaxın tərəfdaşı İrandır. İranın və Rusiyanın XIX əsrin əvvəllərindən Cənubi Qafqazda siyasətləri bir-birini tamamlayır. Bu gün də elədir. İranın tez-tez istifadə etdiyi “üçüncü dövlətin bölgəyə daxil olması bizim qırmızı xəttimizdir” ifadəsi hər iki ölkəni qane edir”, - o əlavə edib.

Təhlilçi vurğulayır ki, Ermənistan hakimiyyəti də Azərbaycanın Qarabağın qalan hissəsində dövlət nəzarətini bərpa etmək istiqamətində atdığı btün diplomatik addımları həmişə olduğu kimi “genosid” adlandırıb dünyaya müraciətlər ünvanlayaraq Azərbaycana təzyiq etməyə çağırışlar edir.

“Dünən Ermənistan XİN -in Azərbaycan Prezidenti İlham Əliyevin Talış kəndində Novruz bayramı münasibətilə müraciətini öz bildikləri kimi yozub, “genosid” qışqıraraq bəyanat yayması bir daha sübut edir ki, ermənilər bütün vasitələrlə Azərbaycanı beynəlxalq təzyiqin hədəfinə çevirmək siyasətini davam etdirir”, - İ.İsmayıl bildirir.

Ekspert təəssüflə qeyd edir ki, İran və Rusiyanın açıq himayə etdiyi işğalçı Ermənistanı Avropa İttifaqı da erməni lobbisinin təsiri altında müdafiə edir, Azərbaycan əleyhinə Haaqa məhkəməsində, Avropa parlamentində qərarlar çıxarırlar.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi də sülh müqaviləsi imzalamaqdan yayınır, Azərbaycana ərazi iddiasını davam etdirir: “Azərbaycan iki il dörd aydan artıq bir müddətdir ki, həm Moskva, həm də Brüssel formatında sülh müqaviləsinin imzalanması üçün zəruri olan bütün diplomatik addımlarını atıb. Qarşı tərəf əvəzində bəhanələrlə zamanı uzadaraq, real olmayan şərtlər irəli sürərək danışıqları dayandırıb, şantaj xarakterli bəyanatlarla Azərbaycanı beynəlxalq təzyiqin hədəfinə gətirir. Belə olduğu halda, süni şəkildə yaradılmış dalan vəziyyətdən çıxmaq üçün Azərbaycan son xəbərdarlığını etməlidir. “Ermənistan Azərbaycan torpaqlarından silahlı qüvvələrini 10 gün müddətində çıxarmalıdır” tələbi şərt olaraq həm Rusiya Federasiyasına, həm də Ermənistana bildirilməlidir. Əks halda Azərbaycan genişmiqyaslı antiterror əməliyyatı aparacağını tərəflərə elan etməlidir. Paralel olaraq Laçın yolunun sonunda sərhəd nəzarət buraxılış məntəqəsinin qeyd olunan müddət göstərilməklə yaradılacağı tələbi də Rusiya hərbi kontingentinin komandanlığına bildirilməlidir”.

İlham İsmayıl bildirir ki, Ermənistan və havadarı İranın tez-tez işlətdiyi “qırmızı xəttimizdir” ifadəsi indi də biz tərəfdən elan olunmalıdır. Onun sözlərinə görə, qeyd olunan tələblərin artıq bizim “qırmızı xəttimiz” olduğunu xəbərdarlıq olaraq qarşı tərəfə bildirməli, əks halda bu xəttə qan töküləcəyi və realda qırmızı rəngə boyanacağı həm düşmənin, həm də dünyanın diqqətinə çatdırılmalıdır.

“Müharibə bitəndən indiyədək səbrlə məğlub tərəfin sülh müqaviləsini imzalamaq üçün real addımını gözlədik. Olmadı. Sülh addımlarını tükədən biz deyilik, Ermənistan və havadarlarıdır. Son sülh çağırışımıza “qırmızı xətt” işığı yandıranlar bilməlidir ki, gedilən yolda qırmızı işıq daim yanmır, ərazi bütövlüyümüzü tam reallaşdırmaq üçün yaşıl işığın düyməsi basılacaq!”, - təhlilçi vurğulayıb.






Fikirlər