Rusiyanın Azərbaycanla Ermənistan arasında “final seçimi” uzandıqca...

Rusiyanın Azərbaycanla Ermənistan arasında “final seçimi” uzandıqca...

Separatçı rejimin çiçəyi burnunda “dövlət naziri” Nersisyan ilk dəfə olaraq geniş proqram xarakterli çıxış edib. Sələfi Vardanyandan heç nə ilə fərqlənməyən bu çıxışı ilə Nersisyan sübut etdi ki, Azərbaycana münasibətdə erməninin “ağı da, qarası da” eyni zəhərin daşıyıcılarıdır. Nersisyan yalnız siyasilərin deyil, sıravilərin də hansı xislətlə yaşadığını, düşündüyünü vurğulayıb:
 
“Artsaxda Azərbaycanla inteqrasiya və ya Azərbaycanın suverenliyi altında yaşamaq haqqında düşünən kimsənin ola biləcəyindən söhbət gedə bilməz. Artsaxda bir nəfər də yoxdur ki, özünü Azərbaycanın bir hissəsi kimi təqdim etsin”. Yəni, Xocalı görüşü tərəflərin maraqlarının ziddiyət, həm də antoqonist ziddiyyət təşkil etdiyini açıq göstərdi. Üstəlik, Nersisyan Qarabağ ermənilərinin silahlanmasının əsas hədəflərindən biri olduğunu da qeyd edib.  Ona görə də önümüzə baxaq ki, bizi nə gözlədiyini fikirləşməyək, əksinə qarşı tərəf(lər) bizim nə edəcəyimizi düşünüb daşınsın. 
 Bizim isə edəcəyimiz çox işlər var ki, müharibə bitəndən bu günədək Rusiya açıq şəkildə bu işləri dondurmaqla məşğuldur. Rusiyanın marağı gizli deyil və Cənubi Qafqaz siyasəti haqqında rus şərhçilər əvvəllər üstüörtülü şəkildə danışırdılarsa, indi “Qarabağ açarı”nın Rusiya üçün məhz bu coğrafiyada qalma səbəbi olduğunu açıq bildirirlər. “Baş moderator rolunu saxlamaq Moskvanın həm Ermənistana, həm də Azərbaycana təsir imkanlarını təmin edir.
 
Sülhməramlıların Qarabağdan çıxarılması demək olar ki, avtomatik olaraq hərbi bazanın Gümrüdən çıxarılmasına gətirib çıxaracaq”. Ermənilərin Moskvada neçə illərdir mətbuat ayağı olan Markedonovun dünən yayılmış bu fikirləri tam çılpaqlığı ilə deyir ki, Azərbaycan Qarabağın qalan hissəsində dövlət nəzarətini bərpa edib, Rusiya hərbi kontingentini yola salandan sonra, 200 illik “ навеки вместе”-yə ilk son verən ermənilər olacaq və Rusiyanın hərbi bazasından tutmuş səfirliyinədək hamısını Ermənistandan qovacaq.  Məhz buna görə də, Moskva  “Ermənistanla Azərbaycan arasında final seçimi”etməkdən yayınır. Bu “final seçimi” nin fitini Rusiya vermək istəmir və bu Ermənistanı da qane edir. Deməli, yük bizə düşür. Azərbaycan hərbi-siyasi gücünü ən yaxın zamanda qətiyyətlə həm masaya, həm sahəyə qoymalı və ərazi bütövlüyümüz tam, defakto təmin olunmalıdır. Necə?
 
Azərbaycan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin son bəyanatları bu istiqamətdə ciddi gedişlərdir.  Aydındır ki, həm Rusiya, həm də Ermənistan gizli yolla qanunsuz yüklərin-silah-sursatın daşınmasını davam etdirəcək. Deməli, Laçın yolunda nəzarət buraxılış məntəqəmizin yaradılması tezliklə reallaşmalıdır. Bunu Rusiya dövləti qarşısında “ya olacaq, ya olacaq” məntiqi ilə qoymalı və etirazın daha ağır nəticələrə gətirib çıxaracağını, kimə mənsub olmasından asılı olmayaraq, şərti adı Xəlfəli yolu olan yerdə hərəkət edən bütün avtomobillərin vurulacağı qarşı tərəfə bildirilməlidir. Ardınca, konkret vaxt qoymaqla erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələbi irəli sürülməlidir. Tələblər yerinə yetirildikdə xoş məram olaraq həbsdə olan erməni diversant qrup üzvlərinin bir hissəsinin qaytarılmasının mümkünlüyü də müzakirə oluna bilər. 
Laçın yolundakı dinc etiraz aksiyası ilə əlaqədar ermənilər Azərbaycanı maksimum beynəlxalq təzyiq hədəfinə çevirə biliblər, hətta BMT məhkəməsinin qərarına da nail olublar. İndiki halda biz həm Ermənistanı, həm də Rusiyanı beynəlxalq güclərin hədəfinə gətirməliyik ki, hər iki dövlət Azərbaycan ərazisinə silah-sursat, texnika, hərbi qulluqçular gətirməkdə davam edir və məqsədləri yeni müharibəyə başlamaqdır. Bu məqsədlə ABŞ və Avropa İttifaqı Rusiya və Ermənistandan tələb etsin ki, Azərbaycanın sərhəddə nəzarət buraxılış məntəqəsinin yaratması sülhə xidmət etdiyi üçün, sülh müqaviləsinin tezliklə imzalanması naminə buna mane olmasınlar. Onsuz da, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan dövlət başçısının nəzarət buraxılış məntəqəsinin yaradılması ilə bağlı irəli sürdüyü məsələ həm ABŞ, həm də Avropa İttifaqı yetkililəri tərəfindən anlayışla qarşılanıb, məntiqli olduğuna münasibət bildiriblər. 
 
Vaxt o qədər daralır ki, qarşımızda dayanan məsələlər reallaşmadıqca düşmən yeni iddialarla çıxış edir və beynəlxalq aləmi Azərbaycana qarşı qaldırmağın yeni formalarını tətbiq etməklə, həm də tərəddüd yaşayan Qarabağ ermənilərini öz barışmaz siyasətlərinə inandırmağa nail olurlar. Azərbaycanın təzyiq imkanları daha çoxdur və bundan maksimum istifadə etməliyik ki, düşmən və havadarı çıxılmaz durumda qaldıqlarını real şəkildə hiss etsinlər.
 
İlham İsmayıl






Fikirlər