Vahid Əhmədovu hansı cəza gözləyir: Xəbərdarlıq, töhmət, yoxsa... - Fazil Mustafa açıqladı

Vahid Əhmədovu hansı cəza gözləyir: Xəbərdarlıq, töhmət, yoxsa... - Fazil Mustafa açıqladı

Milli Məclisin deputatı Vahid Əhmədovun bloger Mehman Hüseynova verdiyi müsahibə müzakirələrə səbəb olub. Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı çıxış edərək bildirib ki, həmkarı blogerin suallarının təsiri altına düşüb və dövlətin həyata keçirmiş olduğu fundamental məsələlərə şübhə toxumu səpməyə çalışıb. 

Bu müzakirələrdən sonra deputatın hətta mandatının əlindən alınacağı barədə iddialar da səsləndirilib.

Bəs görəsən deputatın mandatı hansı hallarda əlindən alına bilər? Vahid Əhmədovun mandatından məhrum olunması ehtimalı varmı? 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin üzvü Fazil Mustafa bildirib ki, deputatın mandatının alınması qanunvericiliyə və Milli Məclisin daxili nizamnaməsinə əsasən həyata keçirilir:

“Qanunvericilikdə nəzərdə tutulan qaydalar var və həmin qaydalara uyğun olaraq deputatın mandatı əlindən alına bilər. Deputatın statusu haqqında qanunda və Milli Məclisin daxili nizamnaməsində nəzərdə tutulan müddəalar var, orada deputatın intizam məsuliyyətinə cəlb olunması, yaxud mandatının əlindən alınması ilə bağlı maddələr var. Sonradan etik qaydalarla bağlı qanunvericilik ayrıca qəbul olundu və orda da bu müddəalar öz əksini tapdı. Orada hansı hallarda deputatın məsuliyyətə cəlb oluna biləcəyi, inzibati tənbeh tədbirləri görülə biləcəyi göstərilir. Deputatın həm də toxunulmazlığı olduğuna görə, baş prokuror tərəfindən müvafiq istintaq təqdimatı verildikdən sonra məsuliyyətə cəlb oluna bilər. Bu halların hamısı ayrı-ayrılıqda qanunvericilikdə göstərilib. Bu məsələdə kiminsə hansısa şəkildə özündən nə isə icad etməsinə yer qalmır. Qanunvericilikdə hər şey cilalanmış şəkildə öz əksini tapıb”. 

Millət vəkili bildirib ki, intizam komitəsində müzakirəyə çıxarılan hər məsələnin deputatın mandatının əlindən alınması ilə nəticələnəcəyini düşünmək yanlışdır:

“Vahid Əhmədovla bağlı söz-söhbətə gəldikdə isə, məsələnin intizam komissiyasına verilməsi deputatın mandatının əlindən alınması anlamına gəlmir. Orada müxtəlif inzibati tənbeh formaları var: xəbərdarlıq, töhmət və s. Əgər məsələ cinayət məsuliyyətidirsə, burada mütləq qanunverici orqanın məsələ ilə bağlı müraciəti olmalıdır. Ona görə də hansısa məsələ intizam komissiyasına veriləndə cəmiyyətdə “depuatatın mandatı əlindən alınacaq” fikrinin yaranması doğru deyil. Komissiyada konkret situasiya müzakirə olunur və müzakirə nəticəsində qərar verilir. Bu zaman intizam məsuliyyətinə cəlb olunan şəxsin də izahatı alınır, fikirləri dinlənilir. Müzakirələrdən sonra səsvermə ilə qərar qəbul edilir. Bu qərarlar isə mərhələli şəkildə olur: xəbərdarlıq, töhmət kimi mərhələlər var. Ona görə bu kimi məsələlərdə hər şey dərhal mandatın ləğvinə gətirib çıxarmır”.

Qeyd edək ki, bir neçə deputat V.Əhmədovu bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə sərt tənqid edib. Milli Məclisin spikeri Sahibə Qafarova bildirib ki, məsələyə İntizam Komissiyasında baxılacaq.






Fikirlər