İsa Qəmbər oğlunun paylaşımından danışdı: “Mənim üçün gözlənilməz oldu...”-VİDEO
Tanınmış siyasətçi, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər oğlu İlkin Qəmbərin ermənilərlə bağlı məlum tvitinə münasibət bildirib. Musavat.com xəbər verir ki, “Laf TV”nin efirində İsa Qəmbər deyib ki, kimin nə sualı varsa, İlkinin özünə yönləndirə bilər: “İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Öz qərarlarına, öz addımlarına görə məsuliyyət daşıyır. Onun mövqeyində, fikirlərində az da olsa müəyyən məqamlar var ki, onlarla razı deyiləm. 7-8 ildir ki, biz görüşmürük və bu məsələləri üz-üzə oturub danışa bilmirik. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən onu da deyim ki, İlkin uzun illərdir Kanadada yaşayır. Orada bir neçə azərbaycanlı ilə birgə yutub kanalı ( Kings and Generals) açıblar. Tarixi filimlər çəkirlər və onların sayı yüzlərlədir. Kanal youtube-da ən populyar tarix kanallarından biridir. Kanalın 3 milyona yaxın abunəsi var. Orada Türkiyənin apardığı müharibələrlə bağlı da xeyli filmlər mövcuddur. Sözügedən filmə ( söhbət Ermənistan Krallığı: Qədim Roma ilə Parfiya arasında. Sənədli filmdən gedir) baxmadığım üçün onunla bağlı bir söz deyə bilmərəm, amma “soyqırım”la bağlı tamam səhv mövqedədirlər. Mənə və bütün məsuliyyətli insanlara aydındır ki, heç bir soyqırım olmayıb. Ermənilər Birinci Dünya müharibəsi illərində rusiyaya xidmət etməyə başlayıb, yerli əhaliyə qarşı hücumlar təşkil edib, onları qırıblar. Osmanlı dövləti də əmin-amanlığı qorumaq üçün qərarlar verib. Bunlardan biri də ermənilərin oradan mühacir edilməsi ilə bağlı olub. Bunu soyqırım adlandırmaq mümkün deyil. Təəssüf ki, bəzi insanlar təbliğatın təsiri altına düşürlər, yanlış mövqedə dururlar. Mənim üçün “soyqırım”la bağlı paylaşım gözlənilməz oldu. Görünür, İlkin, eləcə də bəzi gənclərlə bu mövzular ətrafında söhbət etməyə ehtiyac var”. Qeyd edək ki, İlkin Qəmbərin tvitterdə yazdığı “Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt” paylaşımı sosial şəbəkələrdə, ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. İlkin Qəmbər özü bununla bağlı açıqlama verməyib.