3-4 günlük narahatlığa görə “Formula”dan imtina etmək olmaz - DEPUTATLAR

3-4 günlük narahatlığa görə “Formula”dan imtina etmək olmaz - DEPUTATLAR

"Formula 1" yarışları daha üç il Bakıda keçiriləcək. Yeni imzalanmış müqaviləyə əsasən, "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin müddəti 2026-cı ilədək uzadılıb. 

Bu qərar Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə gedən müzakirələrdən görünür ki, insanların heç də hamısı "Formula 1" yarışlarına müsbət yanaşmır. Mərkəzi yolların günlərlə bağlı qalması və uzun tıxacların yaranmasını əsas gətirən bir çox vətəndaşlar "Formula 1"in daha 3 il Azərbaycanda keçirilməsindən narazı olduqlarını bildiriblər.

Bəs xalqı Milli Məclisdə təmsil edən deputatların mövqeyi necədir? Parlamentarilər "Formula 1" yarışlarını ölkəmiz üçün lazımlı hesab edirlər, yoxsa onlar da narazıdırlar?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Formula 1”in bir çox müsbət tərəflərinin olduğunu bildirib:

““Formula1” dünyanın diqqətində olan beynəlxalq idman yarışıdır. Belə əhəmiyyətli idman yarışlarının Azərbaycanda keçirilməsi sözsüz ki, bizim uğurumuz sayılmalıdır. Bu idman yarış Azərbaycanla dünya ölkələri arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir. Bu yarış Azərbaycanın dünyaya tanıdılmasıdır. İnsanlar Azərbaycanın inkişafı, gözəlliyi haqqında müəyyən məlumatlar əldə edə bilirlər.  Başqa müsbət cəhət isə ondan ibarətdir ki, Azərbaycana minlərlə turist gəlir. Dünyanın bir çox ölkələrindən turistləri görmək olar. Onlar bir neçə gün Azərbaycanda qalır və ölkəmizin adət-ənənələri ilə tanış olurlar. Yarışlarda qalib gələn idmançıların mükafatlandırılması onların dünyaya tanıdılması baxımından əhəmiyyətlidir. Əlbəttə, belə bir yarışın ölkəmizdə keçirilməsi çox əhəmiyyətlidir”.

Komitə sədri vurğulayıb ki, "Formula 1" yarışları hər ölkədə keçirilmir, Azərbaycanın beynəlxalq idman tədbirinə ev sahibliyi etməsi nüfuz göstəricisidir:

“Bəziləri müəyyən narahatlığa səbəb olduğunu irəli sürərək buna mənfi baxa bilərlər. Ancaq bilmək lazımdır ki belə mötəbər yarışlar hər ölkədə keçirilmir. Təhlükəsizlik tədbirlərinin, bütün növ imkanların olduğu və insanların rahat şəkildə ziyarət edib, qala bildiyi ölkələrdə bu cür yarışlar təşkil olunur. Ermənistanda Ağır Atletika üzrə Avropa Çempionatının keçirilməsini gördük. Bu zaman orada biabırçılıqlar oldu, Azərbaycan bayrağı yandırıldı. Beynəlxalq idman tədbirində belə hadisənin olması dünyada ikrah hissi doğuran haldır. Azərbaycanda Avropa Çempioantı və digər mötəbər idman tədbirləri keçirilib. Bir dəfə də olsa, belə hal yaşanmayıb. Bütün yarışlar yüksək səviyyədə təşkil olunub və beynəlxalq aləm tərəfindən rəğbətlə qarşılanıb. Bu, Azərbaycanın dünyadakı imici üçün çox vacibdir”.

Milli Məclin Gənclər və idman komitəsinin üzvü Etibar Əliyev Bakının "Formula 1" üçün xüsusi seçilmiş şəhər olduğunu söyləyib.

“Əlbəttə, bu, beynəlxalq yarışdır. Beynəlxalq yarışın keçirilməsi üçün əlverişli mühitin olması baxımından Bakı seçilmiş məkan kimi dəyərləndirilir. Bir çox insanlar nəqliyyatla bağlı narahatlığını bildirir. Ancaq Bakıda günün istənilən vaxtında tıxac yaranır. İnsanların iddia etdiyi kimi, bu yarış tıxaca səbəb olsa da, onun qısamüddətli olduğunu nəzərə almaq lazımdır. Biz bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi etmişik. Düşünürəm ki, "Formula 1"in 2026-cı ilə qədər uzadılması narahatlığa səbəb olmamalıdır”.

Deputat Cəbi Quliyev hesab edir ki, “Formula 1” keçirildiyi ölkələrə nüfuz qazandırır:

““Formula 1” dünyada ən nüfuzlu yarışlardan biridir və özünəməxsus izləyici kütləsi var. Bu yarış keçirildiyi ölkələrə xüsusi nüfuz qazandırır. Zənnimcə, müqavilənin üç il uzadılması ölkəmizin xaricdə təbliğatına müsbət təsir edəcək. Azərbaycan idman ölkəsidir. Avropa Oyunları, İslam Oyunları və “Formula 1” yarışı Azərbaycanın idman ölkəsi kimi daha böyük yarışlara ev sahibliyi etməsinə təkan verib. Bakı şəhərinin daha üç il “Formula 1”ə ev sahibliyi etməsi onun dünyada nüfuzunun artmasına müsbət təsir göstərəcək.  Mən yeni qərarı müsbət qarşılayıram”.

Deputatın fikrincə, 3-4 günlük narahatlığa görə, dünya əhəmiyyətli yarışdan imtina etmək olmaz:

“ Bəli, bilirəm ki, bu, bəzən Bakı sakinləri üçün 3-4 günlük, bir həftəlik narahatlıq törədir.  Ölkəmizə böyük nüfuz qatan belə yarışların olması hamımız üçün  faydalıdır. Təbii ki, 3-4 günlük narahatlığa görə belə yarışlardan imtina edə bilmərik”. 






Fikirlər