Türkiyənin ən gənc deputatı - Zəhranur Aydəmir KİMdir?
Türkiyənin ən gənc deputatının 25 yaşı var. Zəhranur Aydəmir AKP-dən millət vəkili seçilib. Yenisabah.az xəbər verir ki, Əslən Rizədən olan Zəhranur 1998-ci ildə Ankara vilayətinin Çankaya rayonunda anadan olub. Universitet təhsilini Ankara TOBB İqtisadiyyat və Texnologiya Universitetində tamamlayıb. Sənaye Mühəndisliyi fakültəsini tam təqaüdlə oxuyan Zəhranur Aydəmir Kompüter Mühəndisliyi üzrə ikili ixtisas təhsili alıb və 2021-ci ildə Sənaye Mühəndisliyi, 2023-cü ildə Kompüter Mühəndisliyi ixtisasını bitirib. Müdafiə sənayesi şirkətində proqram mühəndisi kimi çalışan Z.Aydəmir siyasi həyatına 2016-cı ildə AK Partiya Ankara Gənclik Qolu Siyasi və Hüquqi İşlər Komissiyasında başlayıb. Gənc millət vəkili bir neçə ay öncə ailə həyatı qurub. O, ingilis dilini yaxşı, alman dilini isə orta səviyyədə bilir. Sosial mediada aktiv olan deputat prezident R.T.Ərdoğanın əsas təbliğatçılarından biri sayılır. Deputat seçildikdən sonra mətbuata açıqlama verən Z.Aydemir bu yaşda seçilməsinin cəmiyyət tərəfindən müsbət qarsalandığını bildirib: “Mənim bu yaşda deputatlığa namizəd olmağıma inanmayanlar və ya inana bilməyənlər var. Sonra bunun real olduğunu anlayanda çox müsbət reaksiyalar almağa başlayıram. Bunu da qeyd etmək istəyirəm, hətta bizə müxalif olan və AKP-yə səs verməyəcəyini söyləyən vətəndaşlar da gənc yaşda millət vəkili olduğum üçün məni dəstəkləyir və təqdir edirlər”.