UNEC-in yeni korpusunda analoqu olmayan, tam fərqli laborotoriyalar fəaliyyət göstərəcək - AÇIQLAMA
Sentyabrın 3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib. Yeni açılan korpusda hansı ixtisaslar tədris olunacaq? 3-cü korpusun əsas özəllikləri nələr olacaq? Modern.az mövzuyla bağlı Fizika və kimya kafedrasının müdiri, professor Rövnəq Rzayevin açıqlamasını təqdim edir: “Cari tədris ilindən yeni korpus üçün texniki-texnoloji ixtisaslar blokuna (I ixtisas qrupuna aid) daxil olan 10 ixtisas üzrə qəbul planı nəzərdə tutulub. Həmin ixtisaslar Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Bu korpusda Kommunikasiya sistemi mühəndisliyi, İnformasiya təhlükəsizliyi, Elektrik və elektronika mühəndisliyi, Maşın mühəndisliyi, Sənaye mühəndisliyi, Materiallar mühəndisliyi, Ekologiya mühəndisliyi, Kompüter elmləri, Qida mühəndisliyi və İnformasiya texnologiyaları ixtisasları tədris olunacaq”. Rövnəq Rzayev həmçinin korpusdakı laboratoriyalar haqda geniş informasiya verib. O, virtual laboratoriyanın da yaradılacağının anonsunu etdi: “Yaxın zamanda hazır olacaq” “Korpusda 3000 tələbə eyni zamanda tədris ala biləcək. Binada 30 auditoriya, 6 mühazirə otağı, müasir cihazlarla təchiz olunan 14 laboratoriya yerləşir. Qida kimyası və biokimya, Qida mikrobiologiyası, Qida texnologiyası, Ekologiya , Fizika, Kimya, Elektronika, Elektrotexnika, Materialşünaslıq, İnformasiya kommunikasiya sistemləri mühəndisliyi, Maşın və sənaye mühəndisləri tədris metodiki laboratoriyaları, eləcə də üst dizayn laboratoriya otağı yaradılıb. Bu laboratoriyalardan 3-ü BP-nin maliyyə dəstəyi ilə yaradılıb. Hər bir universitetdə laboratoriya var və maddi-texniki bazalarını gücləndirməyə çalışırlar. UNEC-in yeni korpusunda isə dünya standartlarına uyğun laboratoriyalar yaradılıb. Hələki ənənəvi dərslər keçilmir və bu səbəbdən korpusda virtual laboratoriyaların yaradılması üzərində iş gedir. Yaxın zamanda hazır olacaq”.