“BRÜSSEL GÖRÜŞÜNDƏ İKİ SEVİNDİRİCİ MƏQAM OLDU” – “Zəngəzur yolu çəkiləcək, delimitasiya başlayacaq”
“Brüsseldə əldə olunan ən böyük nəticə odur ki, görüş gerçəkləşib. Şarl Miselin bəyanatında məni iki məqam çox sevindirdi”. “AzPolitika.info” xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin sonuncu görüşünü şərh edərkən deyib. Xatırladaq ki, görüşdən sonra Aİ Şurasının rəhbəri deyib ki, liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər: "1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29 min 800 kv.km), Azərbaycanın (86 min 600 kv.km) müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq etdilər. Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq". Onun sözlərinə görə, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Görüşlə bağlı Azərbaycan hökumətinin təmsilçiləri də razılıqlarını ifadə ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hesab edir ki, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbiti müstəsna əhəmiyyət kəsb edir. Z.Əlizadə qeyd edib ki, müsbət məqamlardan biri tərəflərin delimitasiya işini ciddi müzakirə edəcəklərinə dair razılığa gəlmələridir. “Əslində tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyandan sonra Azərbaycan ordusu Ermənistan tərəfə düşəcək ərazidən çəkiləcək, amma bunun müqabilində Ermənistan Qarabağdakı qanunsuz silahlı birləşmələrini çıxarmalıdır. Bunlar təmin edilsə və anklavlar ən azından müzakirə edilməyə başlasa, sərhədlər, demək olar ki, bəllidir",- təhlilçi qeyd edib. Onun sözlərinə görə, Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, onlar Qarabağ ərazisindən silahlı qüvvələrini tam çıxarıblar. Onların deməsinə görə, Qarabağın "müdafiə ordusu" onlara aid deyil. Üstəlik, hər iki tərəf müəyyən ərazilərinin hələ də işğalda qaldığını bildirir. Z.Əlizadə ikinci pozitiv məqam kimi Ermənistanın Zəngəzur yolunun çəkilməsinə razılıq verməsini göstərir: "Nəzərə alsaq ki, bu razılıq Brüsseldə verilib, yolun çəkilməsinin maliyyə tərəfini Avropa İttifaqı öz üzərinə götürəcək". Moskva görüşünə gəlincə, Z.Əlizadə deyib ki, Azərbaycan Rusiyanın mövqeyini bir daha eşidəcək: "Amma bu o demək deyil ki, həm Mirzoyanın, həm Bayramovun orada öz iradəsini diktə etməyə imkanı yoxdur. Var. Görüşmək lazımdır".