Ərdoğanın “damğa” basacağı günə 1 həftə qaldı...

Sinan Oğana ehtiyacı artan kim: Bay Kamal, yoxsa...

Qardaş ölkədə təkrar prezident seçkilərinə az qaldı. İkinci tur ərəfəsi rəy sorğuları nə deyir? Ərdoğanın real qələbə şansı hazırda neçə faizlə qiymətləndirilir? Qərbin əli ilə hakimiyyət əleyhinə hansısa fors-major olaylar və situasiyalar mümkünmü? 

Qeyd edək ki, az öncə birinci turda 5.2 faiz səslə üçüncü olmuş Sinan Oğan “dəstəklədiyimizi qalib edəcəyik” deyib. Amma necə? Müxalifətin namizədi Kamal  Kılıçdaroğlunu dəstəkləməklə doğrudanmı “Bay Kamal” qalib ola bilər? Millətçilər kosmopolit Kılıçdaroğluna səs verərmi? Ümumiyyətlə, Oğana ən çox kimin ehtiyacı var: Ərdoğanın, yoxsa onun rəqibinin?

Ərdoğan ikinci turda dəstək əldə etmək üçün prezidentliyə namizəd olmuş Sinan Oğanın şərtlərini qəbul etməyəcək.

Musavat.com-un APA-ya istinadən xəbərinə görə, bu barədə, o, CNN-ə müsahibəsində bildirib.

Hazırkı prezident qeyd edib ki, seçkilərin ikinci turunda həlledici rolu hər hansı siyasətçi yox, Türkiyə xalqı oynayacaq: “Hazırkı rəqibim bizə qarşı 15 seçkiyə qatıldı, hər dəfə də məğlub oldu. Seçkilərin ikinci turu gələn bazar günü (28 May) olacaq. Əminəm ki, güclü bir Türkiyə demokratiyası adına xalqımız bizi yarı yolda qoymayacaq”.

Müsahibə zamanı Ərdoğan prezident seçkilərinin ikinci turu üçün özündən əmin olduğunu bildirib.

Onu da bildirək ki, dünən Türkiyədə “Millət İttifaqı”nın prezidentliyə vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlu və “ATA İttifaqı”na daxil olan Zəfər Partiyasının sədri Ümit Özdağ arasındakı görüş baş tutub.

BBC-nin türk xidməti xəbər verir ki, tərəflər mətbuat nümayəndələrinə nəticələr barədə açıqlama veriblər. Kılıçdaroğlu gözəl və məhsuldar bir görüş keçirildiyini vurğulayıb. Özdağ isə ikinci turda kimi dəstəkləyəcəkləri barədə yekun qərarı daxili məsləhətləşmələrdən sonra açıqlayacaqlarını bildirib.

“Bəzi suallarımız var idi, soruşduq, detallı cavablar aldıq. Bu cavablar çərçivəsində biz səlahiyyətli orqanlarımızda dəyərləndirməmizi edəcəyik”, - deyə o qeyd edib.

“Prezident Bayden kim qalib gəlirsə, onunla işləməyi səbirsizliklə gözləyir”.

Bunu isə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Türkiyədə keçirilmiş prezident seçkilərindən danışarkən deyib.

Ağ Ev rəsmisi Türkiyədə keçirilən dinc seçkiləri tərifləyib: “Prezident Bayden kim qalib gəlirsə, onunla işləməyi səbirsizliklə gözləyir. Səsvermə qutusunda dinc şəkildə istəklərini dilə gətirdiyi üçün Türk xalqını təbrik edirik”.

Rəsmi Vaşinqton nə dərəcədə səmimidir və qarşıdakı bir həftədə Ərdoğan hökumətinə qarşı hansı sürprizi ola bilər?

Onu da qeyd edək ki, Qərb ölkələri rəsmilərindən hələ heç kim Ərdoğanı parlament seçkilərində “Cümhur İttifaqı”nın (AKP + MHP) qələbəsi münasibətilə təbrik etməyib.

Sabiq deputat Fəzail Ağamalı haqqında ŞOK FAKTLAR açıqladı | KONKRET

Fəzail Ağamalı: “Kılıçdaroğlu siyasətlə vidalaşmalı olacaq”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Ərdoğan iqtidarı üçün olan əsas təhlükələrdən birinin artıq tam şəkildə aradan qalxdığını qeyd etdi: “Türkiyədə prezident və parlament seçkilərində Rəcəb Tayyib Ərdoğan olduqca düşünülmüş, həm özünün, həm də rəhbərlik etdiyi partiyasının qələbəsini təmin etmək üçün hər kəsi heyrətə gətirəcək taktikanı tətbiq etdi. O ilk növbədə parlamentdə üstünlük qazanmaq üçün bütün diqqəti parlament seçkilərinə yönəltdi və komandasında ən populyar, Türkiyə cəmiyyətində çox üstün imicə və nüfuza sahib şəxsləri bu seçkilərə cəlb etdi. Bu parlament seçkilərində hakim partiyanın qələbəsini reallaşdırdı. Artıq Ərdoğan özünün arxa bağçasında güclü dayaq yaratdı. Parlamentdə böyük üstünlük təşkil edən Ərdoğan iki mühüm məqsədə nail oldu. Birincisi, dediyimiz kimi, Böyük Millət Məclisində üstünlüyə nail oldu. Bəllidir ki, qardaş ölkədə parlament siyasi fəaliyyətdə, qəbul edilən qərarlarda son dərəcə mühüm rol oynayır. Həm də Kılıçdaroğlu və onun tərəfdarları konstitusiya dəyişikliyi edərək Türkiyədə yenə də parlamentli respublikaya qayıtmaq niyyətlərini açıq şəkildə bildirirdilər. Əgər doğrudan da onlar parlamentdə böyük üstünlüyə nail olsalar, bu təhlükə gözlənilirdi. Artıq bu təhlükə Ərdoğanın böyük məharəti ilə parlamentdə Ağ Partinin qazandığı üstünlüklə sıfırlandı.

Böyük Millət Məclisində çox böyük uğur əldə edən Ərdoğan həm də ikinci turda özünün qələbəsinin reallaşdırılması üçün çox böyük üstünlüyə malik oldu. Məncə, bu, Tayyib Ərdoğan tərəfindən çox düşünülmüş, heç kəsin gözləmədiyi taktikanın türk cəmiyyəti tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi kimi qəbul olunmalıdır. Eyni zamanda, həm də bu Qərbin ona qurduğu bütün məkrli niyyətlərin üstündən xətt çəkmiş oldu. Təkrar seçkilərə çox az zaman qalır. Prezident seçkilərinin ikinci mərhələsində Rəcəb Tayyib Ərdoğanın qələbəsi şəksizdir. Onun qalib gəlməsi üçün indiki rəqəmlərlə götürəndə 600-700 min səs kifayət edir ki, o, Kılıçdaroğlu üzərində minimum hədlə qalib gəlsin. Ancaq gözlənti bundan ibarətdir ki, Ərdoğan daha böyük üstün səslə rəqibini məğlub edəcək.

Bunu şərtləndirən bir sıra amillər mövcuddur. İlk növbədə dediyimiz kimi parlamentdə əldə olunan uğurlar və bunun vermiş olduğu üstünlüklər Ərdoğanın daha çox səs toplamasını vacib edən şərtlərdəndir. Digər tərəfdən, bəlli olduğu kimi Kılıçdaroğlunun fəal köməkliyi, FETÖ-nün də ciddi müdaxiləsi ilə Məhərrəm İncəyə qarşı insanlıqdan və siyasi etikadan kənar böyük bir kampaniya başladıldı. Bu da əlbəttə İncənin tərəfdarlarını kifayət qədər Kılıçdaroğluna qarşı münasibətində dəyişmələr apardı və onlar bu hərəkətlərinə görə Kılıçdaroğlunu qəti şəkildə bağışlamaq niyyətində deyillər. Onun səslərinin Ərdoğana gəlməsi real görünür.

Sinan Oğanın nə deməsindən asılı olmayaraq, onun qoymuş olduğu şərtlər Ərdoğanın siyasi kursu ilə demək olar ki, üst-üstə düşür. Kılıçdaroğlu isə onun qoymuş olduğu şərtlərdən tamamilə kənardadır. Təbii ki, Sinan Oğan öz siyasi simasını qorumaq üçün hər iki namizədlə, yəni Ərdoğan və Kılıçdaroğlu ilə görüşmək niyyətindədir. Düşünürəm ki, bu düzgün taktikadır. O, hər biri ilə görüşəndən və fikirlərini dəqiqləşdirəndən sonra mənə elə gəlir ki, onun tərəfdarları Sinanın nə deməsindən asılı olmayaraq, Ərdoğanın yanında olacaqlar. Çünki Sinanı müdafiə edənlərin bir hissəsi Məhərrəm İncənin sosial bazası idi, başqa bir hissəsi isə, onun millətçi-türk kəsimidir. Bu kəsimin isə “Cümhuriyyət İttifaqı”na yaxınlığı heç kimdə şübhə doğurmamalıdır. Çünki orada Ərdoğanın yürütmüş olduğu siyasi xəttin əsasında müstəqil Türkiyə, beynəlxalq güclərə qarşı ciddi müqavimət, Türkiyənin beynəlxalq gücə çevrilməsinə hədəflənmiş olan Ərdoğan iradəsi, Türkiyəni zəif ölkədən dünyanın inkişaf etmiş 20 ölkəsindən birinə çevirməsi, onun xarici siyasətdə kifayət qədər ümumi gedişlərinin Türkiyənin beynəlxalq səviyyədə nüfuzunun artmasına imkan verməsi, Türkiyənin müdafiə qabiliyyətinin xeyli dərəcədə güclənməsi, terrorizmə qarşı ardıcıl mübarizə aparması dayanır. Bu şərtlər və amillər türk cəmiyyətində millətçi kəsimin daha çox Ərdoğana üstünlük verməsinə kifayət qədər əsaslar yaradır. Bu da təbii ki, Ərdoğan üçün üstün gözləntilərdən biridir.

Bütövlükdə Ərdoğanın çox cüzi səslərə ehtiyacı var ki, bu səslərlə o prezident seçkilərində qalib gələ bilsin. “Altılı masa”da olan İyi Partiya parlament seçkilərinə müstəqil getdi. Bu da Maral Akşənərin Kılıçdaroğlu ilə sona qədər getmədiyi anlamına gəlir. Maral xanımla Kılıçdaroğlu arasında, məncə, yetərincə problemlər mövcuddur. Digər tərəfdən onun seçkiöncəsi “Millət İttifaqı”nda təmsil olunan digər partiya rəhbərlərinə vermiş olduğu vədlərin heç biri reallaşmadı. Onun üçün də Kılıçdaroğludan kifayət qədər küskün və narazıdırlar. Nəzərə alsaq ki, onların onsuz da o qədər sosial bazaları yox idi. Beləliklə, müqayisə etdikdə Rəcəb Tayyib Ərdoğanın bu seçkilərin ikinci turundan qalib çıxmasına heç bir şübhə yaranmır".

Deputat fikirlərinə bu cür davam etdi: “Mənə elə gəlir ki, Kılıçdaroğlu artıq siyasətlə vidalaşmalı olacaq. Onun elan etdiyi Yeni İpək Yolunun Azərbaycan və Qazaxıstandan yan keçərək İran vasitəsilə Avropaya çəkilməsi fikrinin üzərindən, həm də prezident seçiləcək iddialarının üstündən də müdrik, qardaş türk xalqı həmişəlik xətt çəkdi. Bundan sonra Amerika Birləşmiş Ştatları ilə Türkiyənin əməkdaşlığında mənə elə gəlir ki, yeni bir səhifə açılacaq. Verilən məlumatlara görə, baxmayaraq ki, təhdidlər var idi, Amerika da, FETÖ də, Qərb də, bütövlükdə Türkiyəyə düşmən kəsilən bütün qüvvələr Ərdoğana qarşı geniş cəbhə açmışdılar, Kılıçdaroğlunu da geniş şəkildə təbliğ etməklə məşğul idilər, bütün resursları Ərdoğana qarşı qoymuş, həmin resurslardan Kılıçdaroğlunun xeyrinə istifadə edirdilər, nəticə alınmadı. Müdrik türk xalqı öz taleyini özünün həll etməsini bir daha nümayiş etdirdi. Bu Amerika prezidenti Co Bayden tərəfindən də obyektiv şəkildə qiymətləndirildi. Amerika rəsmiləri qardaş ölkədəki seçkiləri yüksək səviyyədə dəyərləndirdilər.

Ancaq ATƏT-in missiyasında yer alan fransız müşahidəçilərin hoqqabazlıqları oldu ki, bu da heç bir nəticə vermədi. Orada iştirak edənlərin verilən məlumatlara görə, 95 faizi Türkiyədə baş tutan seçkiləri yüksək səviyyədə qiymətləndirdilər. Ortada qardaş türk xalqının iradəsi var. Bu iradəyə qarşı kimliyindən asılı olmayaraq, heç kim çıxmaq gücündə deyil. Onun və ya onların bu seçkilərə qarşı atmış olduqları böhtan, iftira mənə elə gəlir ki, hər hansı bir təsirə malik olmayacaq. Heç biri gücü də özündə ehtiva etməyəcək. Bir sözlə, qarşıdan gələn 28 maydakı ikinci tur seçkisində tamamilə əminəm ki, hər birimiz Türkiyə dövlətinin müstəqilliyinin, onun varlığının qorunub saxlanılmasında çox müstəsna rol oynayan Ərdoğana səs verərək, onu yenidən prezident seçən Türkiyə xalqını çox böyük məmnuniyyətlə təbrik edəcəyik".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”






Fikirlər