Türkiyədə son sorğu: Səslərini artıran namizəd KİMdir?
Bir neçə etibarlı sorğunu birlikdə izləyərək, onların ortalamasını alıram. Ötən həftə Ərdoğanın 50 faiz həddini keçdiyini, Kılıçdaroğlunun isə 45 faizə yaxınlaşdığını qeyd etmişdim. Gözləntilərim sona yaxınlaşdığımız zaman Ərdoğan və Kılıçdaroğlunun yüksəlişlərini davam etdirəcəkləri idi və belə də oldu. Axar.az xəbər verir ki, bunu türkiyəli köşə yazarı Abdulkadir Selvi 14 mayda baş tutacaq prezident və parlament seçkiləri haqda qeyd edib. Onun sözlərinə görə, seçkilər yaxınlaşdıqca Məhərrəm İncə və Sinan Oğanın səsləri azalır: “Ərdoğan və Kılıçdaroğluna isə dəstək artır. “Ərdoğan, yoxsa Kılıçdaroğlu?” soruşulan zaman insanların çoxu Ərdoğanı seçir. Belə ki, sorğuların ümumi orta nəticəsinə görə, Ərdoğan artıq 52 faiz həddini keçib. AKP mitinqlərində insanların coşğulu iştirakı, xüsusilə də İstanbul mitinqində rekord sayda iştirak (Ərdoğanın İstanbul mitinqində 1,7 milyon insan iştirak etmişdi – red.) bunu təsdiqləyir. Həmçinin, AKP (parlament seçkisində - red.) 40 faizlik psixoloji müqavimət həddini də keçib. Kılıçdaroğluna dəstəkdə də artım gözlənilir. Kılıçdaroğlu deyənlərin nisbəti 48%-ə yaxınlaşır. Seçki qadağalarına görə səs faizlərini dərc edə bilmərəm, amma partiyaların səs nisbətləri parlament üzvlərinin bölgüsünü müəyyən edəcəyi üçün vacibdir. AKP və CHP-nin səslərində artım müşahidə olunur. Qalib gəlmə ehtimalı olmayan partiyaların səsləri isə sürətlə azalır. Kılıçdaroğlunun prezidentliyə namizədliyi CHP-nin səslərində öz müsbət təsirini göstərib. CHP 25 faiz həddini aşaraq, 30%-ə yüksəlib”. Onun sözlərinə görə, Ərdoğanın birinci turda qalib gəlmə şansı həddən artıq çoxalıb.