“Nə vaxtadək 100 dollar alarkən bizdən şəxsiyyət vəsiqəsi tələb olunacaq?!" – Deputatdan Mərkəzi Bank rəhbərliyinə suallar

“Banklar yoxsulluğun qarşısının alınmasına təsir edə bilərmi? Mən bir nümunə deyəcəm. Hər halda maraqlı təcrübədir. Banqladeş biznesmeni, “Gramen Bank”ın yaradıcısı və direktoru Məhəmməd Yunus “yoxsulluğun müalicəsinə” görə 2006-cı ildə Sülh üzrə Nobel mükafatına layiq görülüb. “Yoxsulluğun müalicəsi” anlayışı Nobel Sülh Komitəsinin traktovkasıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev Milli Məclisdə “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” Qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

“O, yoxsul ölkəsi üçün yoxsulluğa qarşı “dərman” tapdı və tətbiq etdi. Varlı dövlətlər yardımlar və müxtəlif dotasiyalar vasitəsilə yoxsul ölkələrə kömək göstərməyə çalışırlar. Lakin bu, əbədi deyil”, - E.Əliyev sözlərinə əlavə edib.

Deputat çıxışında vurğulayıb ki, heç bir inkişaf etmiş və inkişaf etməkdə olan ölkədə mülkiyyəti olmayan - girov qoymayan kasıba kredit verilmir: “Məhəmməd Yunus ilk dəfə ən kasıb insanlara işə başlamaq üçün kiçik məbləğdə pullar verməyə başladı. Beləliklə, o, əvvəlcə Banqladeşdə, sonra isə digər ölkələrdə yoxsulluğun ağır daşını tərpətdi. Məhəmməd Yunus nəhəng bir mikrokredit dünyası yaratdı. Bu, həm də biznes fəaliyyətinin sosial cavabdehliyi və yeni maliyyə alətinin kəşfidir. Heç bir müqavilə imzalamadan kredit verilməsi və sonradan verilən vəsaitin 93,8 faizinin geri qaytarılması, doğrudan da, möcüzə idi. İnsanlar arasında etimad mühiti yaratmaq və onu vərdiş halına salmaq sadə iş deyil. Məhəmməd Yunus bu hərəkəti ilə qısa bir vaxtda ölkəsində yaşayış səviyyəsini 6,7 faiz qaldırdı. O bunu banka verilən avtonomluq hesabına etdi. Banqladeş biznesmeninin metodu artıq Avropa və ABŞ-a da ayaq açıb”.

Millət vəkili qeyd edib ki, ölkələrdən asılı olmayaraq etimad mühiti çox vacib məsələdir. Onun sözlərinə görə, təqdim olunan qanun layihəsində Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir, bununla yanaşı avtonomluq da artmalıdır.

“Texnologiyalar inkişaf etdikcə bankların obrazı da dəyişir. Bank 2.0 haqqında 2009-cu ildən tədqiqatlar başladı, kitablar yazıldı. Artıq mobil qurğular bank sferasına nüfuz etməyə başlayıb, internet isə gündəlik bank xidmətinin əsas kanalına çevrilib. Bank 2.0 da texnologiyaların sürətli dəyişməsi müştərilərin davranışının dəyişməsinə səbəb oldu. İndi davranış iqtisadiyyatı deyilən bir paradiqma var. Və artıq bu istiqamətdə 3 iqtisadçı Nobel mükafatına layiq görülüb. 2012-ci ildən Bank 3.0 haqqında danışılmağa başladı. Bu platformada Banklar fiziki reallığı rəqəmsal mühitə köçürdülər. İndi isə bank 4.0 dövrü başlayıb. Bəs biz haradayıq?”, - Etibar Əliyev sual edib.

Deputat xatırladıb ki, ölkələr əhalinin böyük kəsiminə bank xidmətini genişləndirmək üçün bankların infrastrukturunu inkişaf etdirirlər: “Məsələn, təkcə Almaniyada 60 min bank şöbələri funksiyalaşdırılıb. Bankların fəaliyyətinin liberallaşdırılması onlar arasında rəqabəti genişləndirir. Taransmilli banklar formalaşdırılıb. Bunlar universal tipli giqant beynəlxalq maliyyə-kredit komplekslərə malik olan banklardır. Onlar dünya maliyyə bazarlarını inhisara alıblar. Özlərinin əməlliyat şərtlərini diqtə edirlər. Artıq bank reytinqləri üçün yeni kriteriyalar formalaşdırılır. Və Milli Bank da bu trendlərdən geri qalmamalıdır”.

Millət vəkili daha sonra bir neçə sualına cavab istəyib:

“4-cü sənaye inqilabı dövründə Mərkəzi Bankın pul - kredit siyasətində hansısa dəyişikliklər nəzərdə tutulurmu?

Rəqəmsal valyuta ilə bağlı hansısa baxış varmı ki, bunu bizimlə bölüşəsiniz? Manatın məzənnəsinin sabit qalması nə qədər özünü doğruldur? Mərkəzi Bankın bu barədə düşüncələri nədən ibarətdir?

Bank 4.0-dan danışılır. Bu haqda Mərkəzi Bankın hər hansı planları varmı?

Bizdən nə vaxta qədər 100 dollar alarkən də belə şəxsiyyət vəsiqəsi tələb olunacaq?”

Etibar Əliyev sonda vurğulayıb ki, insanlar banklardan qorxmamalı, onları güman yeri kimi qəbul etməli və sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün banklara əminliklə müraciət etməlidirlər.






Fikirlər