KXCP-də qalmaqal: sədr müavini qovdu
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. Sessiyada ölkədəki ictimai-siyasi vəziyyət, 1 noyabr seçkiləri, partiyanın mövcud durumu və digər məsələlər müzakirə olunub.
"AzerTaym.az" cumhuriyyet.az-a istinadən bildirir ki, sessiya gərgin müzakirələr və qarşıdurma səviyyəsində keçib. Bəzi məclis üzvləri partiyanın son zamanlar sərgilədiyi uğursuz siyasətə və seçkilərdəki iştirakına toxunaraq vəziyyətin dəyişdirilməsi təklifi ilə çıxış ediblər. Sessiyada diqqət çəkən məqamlardan biri sədrin siyasi məsələlər üzrə müavini Oqtay Gülalıyevin tənqidi sərt çıxışı və partiya sədrinin bu çıxışdan sonra atdığı addım olub.
O. Gülalıyev öz çıxışında partiyanın hazırkı siyasi kursunu kəskin və sərt formada tənqid edib: "Vəziyyətdən çıxış yolu odur ki, biz KXCP olaraq xalqımızın mənafeyinə uyğun prinsipial mövqe, ardıcıl siyasi iradə nümayiş etdirməliyik".
O daha sonra partiyanın seçkilərdə ugursuz iştirakını topladığı səslərlə ifadə edib; "Musavat partiyası seçkilərdən çəkilməsinə baxmayaraq, 25 min civarında, yeni yaradılan REAL Hərəkatı 11.260, KXCP isə 10 min civarında səs toplayıb. Bu bizə lazım idimi? Niyə bu təşkilatı belə aşağılayırıq? Biz bu təşkilatı hara aparırıq?"
Müavininin çıxışından sonra kürsüyə qalxan KXCP sədri Mirmahmud Mirəlioğlu deyib: "Mən qurultaydan sonra dəfələrlə siyasi məsələlər üzrə müavinim Oqtay Gülalıyevlə müzakirələr apardım və ona bildirdim ki, seçimini etsin. Ya Milli Şura, ya da müavinlik. O seçim etmədi və Milli Şurada fəaliyyətini davam etdirdi. Mən bu gün onu müavinlikdən azad edirəm, bu gündən o, müavin deyil".
O. Gülalıyev çıxış üçün söz istəsə də ona söz verilməyib.