PARİSİN “ÇAX-ÇAX” SİYASƏTİ... - Fransanı narahat edən NƏDİR?

Fransa hökuməti Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatlarla bağlı növbəti dəfə anti-Azərbaycan mövqeyini nümayiş etdirib.

“AzPolitika.info” xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin yaydığı son bəyanatda hadisələr qərəzli şəkildə təhrif olunub və Ermənistanın təxribatları müdafiə edilib. Hətta həyasızcasına Azərbaycanın Ermənistan ərazisindəki mülki şəxsi heyətə atəş açdığı iddia olunub.

Halbuki Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsi atəşə tutulub, habelə Zəngilan istiqamətində mövqelərimizə qarşı iri çaplı silahlardan, minaatanlardan, hətta PUA-lardan istifadə olunmaqla irimiqyaslı təxribat baş verib. Bu barədə Azərbaycan XİN, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti bir neçə dəfə rəsmi məlumat yayıb. Amma Fransa XİN bu bəyanatlara, faktlara deyil, ermənilərin saxta iddialarına “inanmağa” üstünlük verib.

Rəsmi Parisin Azərbaycana qarşı o qədər qərəzli mövqe tutub ki, artıq çıxdan əhəmiyyətini itirmiş Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolunda nəqliyyatın hərəkətinin bərpasını tövsiyə edən 22 fevral 2023-cü il tarixli qərarının icra olunmasını dəstəklədiyi bir daha ifadə edib.

 

 

Xatırladaq ki, Azərbaycan 3 aya yaxındır, Ermənistanla dövlət sərhədində - Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qursa da, mülki əhalinin hərəkətinə hər hansı qadağa qoymayıb. Qarabağda qalan və Azərbaycan vətəndaşı olan ermənilərin Ermənistana gedib-gəlməsinə pasport yoxlanışından keçməklə lazımı şərait yaradılıb. Bu günə qədər sözügedən məntəqədə hər hansı insident, narazılıq qeydə alınmayıb. “Laçın” Sərhəd Nəzarəti məntəqəsinin iş rejimini nümayiş etdirən videokadrlar ictimaiyyətə təqdim edilib. Bununla Azərbaycan bölgədə sülhdə maraqlı olduğunu, Qarabağda qalan və Azərbaycan vətəndaşı olan erməni azlığının reinteqrasiyası istiqamətində fəaliyyət nümayiş etdirib.

 

 

Görünür, rəsmi Bakının bu addımları Qarabağdakı separatçı-cinayətkar rejimi, o cümlədən onların havadarlarını – Fransanı və Rusiyanı ciddi narahat edir. Bölgədə sabitliyin pozulmasında hər iki ölkə maraqlıdır. Fransa XİN-in heç bir əhəmiyyəti olmayan bəyanatı da yalnız bu konteksdə qiymətləndirilə bilər.

Nazirliyin bəyanatının sonrakı hissəsi guya Fransanın sülhyaratma missiyasına sadiq olduğu barədə bəlağətli cümlələrlə doludur. Amma boğazdan yuxarı bu cümlələr də rəsmi Bakı üçün heç bir məna ifadə etmir. Bu cür ermənipərəst bəyanatların nə Parisə, nə də İrəvana xeyri var. Belə yerdə deyərlər ki, dəyirman öz işindədir, çax-çax baş ağrıdır

 

 

 

Azərbaycan rəhbərliyi sübut edib ki, ərazi bütövlüyünə qarşı təhdidləri ən qətiyyətli və effektiv formada aradan qaldırmaq gücündədir. Bölgədə sülhün və sabitliyin təmin olunması üçün Türkiyə ilə birlikdə qərarlı addımlar atmaqdan çəkinmədiyini də sübut edib. Məhz 44 günlük müharibə, ondan sonra hərbi-siyasi, diplomatik müstəvidə həyata keçirilən qətiyyətli tədbirlər Ermənistanı reallıqla barışmağa vadar edib. Şübhəsiz ki, bu tədbirlərin davamı Xankəndində də Azərbaycanın suverenliyinin tam bərqərar edilməsi ilə nəticələnəcək.

 






Fikirlər