“Azərbaycan son 200 illik tarixinin ən şərəfli, qürurlu, qüdrətli dövrünü yaşayır”

200 ildən sonra yazılmış əbədi tarixi gerçəklik – İlham Əliyev, qalibiyyət fenomeni! - "İki sahil"

Aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması İkinci Qarabağ müharibəsindən sonra bəlkə də, Azərbaycanın ən önəmli və tarixi Qələbəsidir.

Bu münasibətlə xalqımızı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi və müzəffər  Ordumuzun qəhrəman zabit və əsgərlərini, eləcədə Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini təbrik edirəm. Azərbaycanın bu tarixi Qələbəsi Azərbaycan ordusunun ardıcıl olaraq düşmənə vurduğu zərbələrin məntiqi nəticədir. Beləki, “Qisas” əməliyyatı, 12-14 sentyabr toqquşmaları zamanı ordumuzun əldə etdiyi nailiyyətlər, eləcə də Xankəndi-Xəlfəli-Turşsu yoluna tam nəzarətin təmin olunması, bununla yanaşı, ekofəalların 12 dekabr 2022-ci ildən bəri davam edən aksiyaları bu tarixi qələbənin bazisi rolunu oynayır.

Heç şübhəsiz, bu Qələbəmizin memarı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Onun qətiyyətli, sarsılmaz siyasi iradəsi nəticəsində Azərbaycan ötən 200 illik tarixinin   ən şərəfli, qürurlu, qüdrətli dövrünü yaşayır. Hər sözü imzaya bərabər olan dövlətimizin başçısının hər bir bəyanatının arxasında qətiyyətli mövqe və siyasi iradənin dayandığını artıq bütün dünya dövlətləri qəbul etməyə məcburdur. Xatırlayırıqsa, Prezident İlham Əliyev çox qısa müddət əvvəl - Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşlər zamanı nəzarət-keçid məntəqəsinin yaradılmasını təklif etmişdi. Unutmayaq ki, dövlətimizin başçısı bu günə qədər heç bir sözü vaxtından əvvəl səsləndirməyib. Ona görə də bu təklif artıq həmin addımın atılması üçün tarixi şəraitin formalaşdığını göstərən bəyanat idi və addım atıldı. Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması bir daha sübut etdi ki, Prezident İlham Əliyev həqiqətən də “nəyi nə zaman edəcəyini yaxşı bilir.

 Azərbaycan tarixinin çox şərəfli və mürəkkəb dövrünü yaşayır. Azərbaycanın öz suveren ərazisində, sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur. Bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq atılıb. Bu, separatçılığın ləğvi və Xankəndidə Azərbaycan bayrağının dalğalanmasına gedən yolda həlledici addımdır.

Məlum olduğu kimi Laçın-Xankəndi yolunda 12 dekabr 2022-ci ildən etibarən azərbaycanlı ekofəallar ərazimizdəki təbii ehtiyyatların qanunsuz istifadəsinə qarşı etiraz aksiyası keçirir. Faktiki olaraq, bu aksiya fonunda yola nəzarət de-fakto Azərbaycan tərəfindən həyata keçirilib. Çünki 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri bu yoldan hərbi məqsədlər üçün istifadə edib. 

 Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır: “Əksinə bu qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Təbii ki, ekoaktivistlər etiraza başlayanda da erməni təbliğatçıları deyirdilər ki, “guya Xankəndidə humanitar fəlakət yaradılır”. İndi də erməni tərəfi və onun havadarları eyni təbliğata başlayıblar. Amma birmənalı şəkildə hamı dərk etməlidir ki, separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur.  Qarabağda yaşayan erməni əhalisi də yeni reallığı qəbul etməli, separatçı rejimin onlar üzərində oyun oynamasına qarşı çıxmalıdır. Prezident İlham Əliyev açıq şəkildə bəyan edib: Azərbaycan ərazisində yaşamaq istəyənlər vətəndaşlığı qəbul etməlidir, istəməyənlər çıxıb getməlidir. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər.” Prezident İlham Əliyevin dediyi kimi, "Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək!" 

İlqar Nəzərov,

"ŞƏRQ ELM İSTEHSALAT

BİRLİYİ" MMC-nin rəhbəri.






Fikirlər