“Bəlkə Priqojinin qiyamı Kremlin 30 il ərzində Rusiyada qurduğu kimi, agenturaları və "5-ci kalonlar"ı vasitəsi ilə digər keçmiş sovet respublikalarına, xüsusən də Orta Asiya ölkələri və Azərbaycana transfer etdiyi “KQB”-“FSB”-“QRU”-korrupsiya şəbəkəsinin çöküşünə və nəhayət, 1988-ci ildən bəri başımıza gətirilmiş faciələrin, o cümlədən 4 İyunun sirrlərini açmağa kömək edəcək...”
"24 iyun - həm də 30 il öncə hakimiyyəti buraxıb kəndinə getmiş, 23 il öncə isə dünyasını dəyişmiş eks-prezident Əbülfəz Elçibəyin doğum günüdür... Allah günahlarını bağışlasın!.."
-FİKİR SAVAŞI...-
24 iyun gecəsindən başlayaraq Rusiya ətrafında baş verənlər, Putinin keçmiş aşpazı, “Vaqner” lideri Priqojinin Moskvaya “ədalət yürüşü” barədə bəyanatları Azərbaycanda çoxumuza 30 il öncənin 4 iyununu xatırlatdı...
...1992-1993-cü illər ərzində “KQB” və “QRU”-nun birgə, yaxud bir-birinə qarşı qurduğu oyunlar çərçivəsində Azərbaycanda yaratdıqları xaos, başımıza hördükləri kollapsın daha nəhəngi indi Rusiyada öz başlarına hörülməkdədir...
Doğrudan da fiqurlarda da oxşarlıq var; yun zavodunun direktoru, Milli Qəhrəman, demək olar ki, özəl şirkətə dönmüş korpusun komandiri polkovnik Surət Hüseynov və Putinin keçmiş aşpazı, “Vaqner” özəl hərbi şirkətinin qurucusu və lideri, Rusiya qəhrəmanı Yevgeni Priqojin...
Hər ikisi lideri olduqları hərbu qurumların hökumət qüvvələri tərəfindən atəşə tutulduğunu, ölkə rəhbərliyinin ədalətsiz olduğunu iddia edərək paytaxtlara doğru hərəkətə başlayıb...
Hər ikisi keçmiş sovet-Rusiya "KQB"(indi "FSB") və "QRU"-nun qurduğu oyunların fiquruna çevrilib...
Surət Hüseynov Bakıya "ədalət uğrunda", "dar ağacından asacağıq" hədələri ilə yürüşə 30 il öncə - 4 uyundan sonra başlayıb...
Priqojin isə 30 il sonra – 23 iyunda "Şoyqunu Qızıl meydanda dar ağacında asacağıq" hədələri ilə Putin rejiminə qarşı bəyanat versə də, əsas hadisələr, onun qoşunlarının Rostov şəhərinə daxil olması haqda xəbərlər 24 iyuna keçən gecə yayılıb...
Əsas fərqlərdən biri ondadır ki, Priqojin doğrudan da 23 ildən çoxdur Rusiya xalqını çapıb talayan, rüşvətə, korrupsiyaya bələnmiş Putin rejiminin üzərinə gedir, Surət Hüseynov isə cəmi 11-12 ay yenicə müstəqilliyini bərpa etmiş körpə bir dövlətin başında duran və milli, demokratik hakimiyyət sayılan Elçibəy iqtidarının üstünə gəlirdi...
Putinin əlində trilyonlarla pul, yüz minlərlə hərbçi, polis və ən əsası "KQB"-"FSB" şəbəkəsi var, Elçibəy isə dövlət büdcəsini də, ordunu da yenicə formalaşdırırdı... Elçibəy xalqa hakimiyyətin müdafiəsinə qalxması barədə müraciət etməyərək hər şeyi taleyin hökmünə buraxıb doğma Kələkisinə getdi... Görək, diktator, hiyləgər Putin nə edəcək?.. O, qaçana bənzəmir... Milyonların qanını tökər, amma hakimiyyəti verməz...
...Deyirlər ki, adətən xüsusi xidmət orqanları 30 il sonra bir çox olayların üzərindəki sirr pərdələrini qaldırırlar... Bəlkə Priqojinin qiyamı Kremlin 30 il ərzində Rusiyada qurduğu kimi, agenturaları və 5-ci kalonlar vasitəsi ilə digər keçmiş sovet respublikalarına, xüsusən də Orta Asiya ölkələri və Azərbaycana transfer etdiyi “KQB”-“FSB”-“QRU”-korrupsiya şəbəkəsinin çöküşünə 1988-ci ildən bəri başımıza gətirilmiş faciələrin sirrini açmağa kömək edəcək...
24 iyun - həm də 30 il öncə hakimiyyətdən getmiş, 23 il öncə isə dünyasını dəyişmiş eks-prezident Əbülfəz Elçibəyin doğum günüdür... Allah günahlarını bağışlasın!..
Sultan Laçın