“BAKI RUSİYA SÜLHMƏRAMLILARINA VETO QOYACAQ” – “Azərbaycan hegemon mövqeyə malikdir”

“Ermənistana deyirlər ki, Qarabağın müstəqilliyi ideyasının yox olması ilə barışmaq lazımdır”

“Mən hazırda Azərbaycan tərəfindən ciddi eskalasiya gözləmirəm. Son iki ildə gördüyümüz kimi onların seçdiyi taktikanı “məcburetmə diplomatiyası” adlandırmaq olar. Bu, həm gücdən, həm də diplomatiyadan istifadədir. Bu o deməkdir ki, biz bəzən eskalasiyanın şahidi oluruq, amma bu, danışıqlar davam etdikcə tammiqyaslı müharibə həddinə çatmır”.

“AzPolitika.info” xəbər verir ki, bunu “Carnegie” Fondunun Qarabağ münaqişəsi üzrə aparıcı eksperti Tomas de Vaal Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan danışıqlarını “Azadlıq” radiosunun erməni xidmətinə şərh edərkən deyib.

 

 

Qarabağın erməni əhalisinin gələcəyi ilə bağlı suala cavab verən ekspert deyib ki, hazırda Bakı və İrəvan arasında yalnız ikitərəfli sülh sazişinin müzakirəsi gedir: “Aydındır ki, indiki Ermənistan hökuməti bundan əvvəlki hökumətlərdən xeyli irəli gedərək Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İrəvan bunu aşkar beynəlxalq təzyiq altında edir. Ermənistana deyirlər ki, Qarabağın müstəqilliyi ideyasının yox olması ilə barışmaq lazımdır”.

Tomas de Vaal deyib ki, Qarabağ erməniləri hazırda Rusiya sülhməramlılarından məyusdurlar, amma heç kimdənsə rusların orada olmasının daha yaxşı olduğunu bilirlər: “Düşünürəm ki, bu barədə pərdə arxasında bizim görmədiyimiz hansısa danışıqlar gedir”.

Ekspert bildirib ki, Qarabağda qalan  ermənilərin gələcəyinə dair onların özündə də məsələyə yanaşma birmənalı deyil: “Biz Qarabağın daxilində müxtəlif adamlardan müxtəlif cavablar eşidirik. Əminəm ki, siz bu sualı Vitali Balasanyandan və Samvel Babayandan soruşsanız, fərqli cavablar alardınız. Əminəm ki, Ruben Vardanyan deyərdi: “Biz Rusiya sülhməramlıları ilə danışmalıyıq”. Amma Samvel Babayan deyərdi ki, “biz azərbaycanlılarla sövdələşməyə gedə bilərik”.

Jurnalistin mümkün beynəlxalq mexanizmlər barədə sualına politoloq belə cavab verib: “2020-ci il müharibəsindən sonra problem bundan ibarətdir ki, Azərbaycan hərbi, siyasi və coğrafi mənada hegemon mövqeyə malikdir. Onlar Qarabağ ətrafındakı ərazilərə tam nəzarət edirlər. Onlar şərtləri diqtə edən mövqedədirlər. Ona görə də düşünürəm ki, qərar qismən Bakıda, qismən Moskvada, qismən Qərb paytaxtlarında və yalnız ən son növbədə İrəvanda qəbul ediləcək”.

Tomas de Vaal Qarabağda mümkün beynəlxalq sülhməramlı missiya barədə Ermənistandan səslənən nikbin proqnozlarla bağlı deyib: “Bu ssenarilərdən biridir. Amma biz Azərbaycan rəhbərliyinin ardıcıl olaraq dediyinə diqqət versək, başa düşərik ki, onlar Rusiya sülhməramlılarının çıxıb getməsini və onları heç kimin əvəzləməməsini istəyirlər. Həm də biz Qərb liderlərinin heç birindən bura sülhməramlı missiya göndərmək söhbətini eşitməmişik. Mənim fikrimcə, bu stabilləşdirici variant olardı. Azərbaycan belə bir sülhməramlı missiyanı, deyək ki, 5 və ya 10 il müddətinə qəbul etsəydi, bu vəziyyəti sabitləşdirərdi. Amma görünən budur ki, Bakıdan eşitdiyimiz bu deyil”.

 

 

Ekspertin firkincə, Bakı tələsmək lazım olduğunu hiss edir: “Onlar hiss edirlər ki, beynəlxalq situasiya onların xeyrinə inkişaf edir, çünki Rusiya zəifdir, onun diqqəti başqa yerdədir, şərtlərini diqtə edə bilmir”.

Tomas de Vaal xatırladıb ki, Ərdoğan yenidən prezident seçilib, avropalılar Bakı ilə qaz barədə danışıqlar aparırlar: “Amma bu, əbədi belə olmayacaq, çünki Avropa karbohidrogen energetikasından imtina etmək niyyətindədir. Ona görə də Bakıda hiss edirlər ki, onlar üçün bir və ya iki illik açıq pəncərə var və onlar kifayət qədər yaxşı nəticə əldə edə bilərlər. Vaşinqton və Brüssel Prezident Əliyevə mesaj veriblər ki, Qarabağda aşırı gücdən istifadə etməsin. Orada məhdud güc tətbiq edilməsinin bir səbəbi də budur. Prezident Əliyev də Laçın yolundan və sairdən istifadə etməklə Qarabağ ermənilərini sıxmağa çalışır”.

“Rusiya sülhməramlıları Qarabağda qalan  erməniləri niyə müdafiə etmirlər” sualına cavab verən politoloq deyib ki, sülhməramlı kontingentin sayı 2020-ci ildən bəri azalmasa da, missiyanın keyfiyyəti azalıb: “Bir çox yüksək rütbəli zabitlər Ukraynaya göndəriliblər. Qarabağdan belə xəbərlər də gəlir ki, sülhməramlılar blokadadan, başqa münaqişə zonalarında olduğu kimi aşkar biznes məqsədləri üçün istifadə edirlər. Onlar ərzaq və başqa malları gətirir və Qarabağ ərazisində qalan  ermənilərə daha baha qiymətlərə satırlar. Bu çox xoşagəlməzdir. Amma məncə Prezident Putini indi başqa məsələlər, o cümlədən şəxsən özünün salamat qalması narahat edir”.

Tomas de Vaal Rusiya sülhməramlı missiyasının gələcəyinə dair də fikrini bildirib: “Düşünürəm ki, hazırda nə Bakıda, nə də Moskvada Rusiya sülhməramlılarının çıxarılması təşəbbüsü yoxdur. Böyük bir ehtimalla, Azərbaycan 2025-ci ilin mayında Rusiya sülhməramlı missiyasının uzadılmasına veto qoyacaq ki, onlar 2025-ci ilin noyabrında çıxıb getsinlər. Amma, əlbəttə, o vaxtadək çox hadisələr ola bilər”.

 






Fikirlər