KASPAROVUN “ERMƏNİ QARIŞIĞI” NANKORLUĞU... - Yenə nə qədər riyakar biri olduğunu göstərdi
Qordona verdiyi müsahibəsini Azərbaycana qarşı təbliğata həsr edib Bakıda doğulub böyümüş, Azərbaycandan bəhrələnmiş, Azərbaycan rəhbərliyinin qayğısı və misilsiz dəstəyi, himayəsi sayəsində şahmat üzrə dünya çempionluğuna qədər yüksəlmiş Harri Kasparovun tanınmış ukraynalı jurnalist Dmitri Qordona verdiyi müsahibə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Növbəti dəfə öz nankorluğunu, riyakarlığını, ikiüzlüyünü və “erməni qarışığı” mahiyyətini ortaya qoyan Kasparov yenə Azərbaycanın əleyhinə ittihamlar, şər-böhtan səsləndirib. Ukraynalı jurnalist bu müsahibə zamanı hər nə qədər Azərbaycanı dəstəkləyən obyektiv mesajlar versə də, Kasparov hər dəfə söhbəti neqativ istiqamətə yönəldərək, xalq və dövlət olaraq, Azərbaycanın əleyhinə danışıb. Məsələn, Kasparov Bakının artıq onun doğulduğu şəhər olmadığını deyib. Deyib ki, Bakı həm də orada yaşayan insanlar demək idi və hazırda Bakıda başqa insanlar məskunlaşıb. Ona görə də şəhər onun üçün doğmalığını itirib. Yəni, Bakıda onun arzuladığı qədər erməni yaşamırsa, deməli bu şəhər onun üçün vətən deyil. Elə bunun özü adamın nə qədər satqın, riyakar, mənəviyyatsız biri olduğundan, əslində Bakının onun üçün heç vaxt vətən olmadığından xəbər verir. Onun məntiqindən belə çıxır ki, əgər məsələn, Ağdamda uzun illər azərbaycanlılar yaşamayıbsa, deməli bu illər ərzində bizim üçün Ağdam vətən olmayıb? Deməli, bu adam üçün vətən anlayışı yoxdur, yalnız yaşayış məskəni, məntəqəsi var. Və belə bir individ Rusiya demokratik müxalifətinin liderliyinə iddialıdır, özü də Qərbdə kifayət qədər ciddi fiqur kimi qəbul edilir, tədbirlərə Rusiya müxalifətinin rəhbərlərindən biri kimi dəvət olunur... Kasparov sözügedən müsahibəsində Zəngəzur dəhlizi məsələsinə aid suala da cavab verib. O, deyib ki, Ermənistanın bu dəhlizin açılmasının qarşısını ala biləcək gücü yoxdur. Ukraynalı jurnalist Qərbin vasitəçiliyi ilə Azərbaycanla Ermənistanın sülh bağlayacağından, Azərbaycanın iqtisadi imkanlarından, regionu çiçəkləndirə, inkişaf etdirə biləcəyindən, Qarabağdakı erməni vətəndaşlarına yaxşı münasibət göstərəcəyindən, insanların nəhayət, sülh və əminamanlıq içərisində yaşayacağından danışıb. Kasparov isə bununla razılaşmayıb və hətta bir qədər də irəli gedərək, bunun rusiyalılarla ukraynalıların müharibə nəticəsində heç zaman dost olmayacağı faktı ilə eyniləşdirib. O, bildirib ki, guya iki xalqın yenidən bərabər, mehriban qonşuluğunun əleyhinə deyil. Lakin buna o qədər də inanmır. Bir sözlə, müsahibənin bir hissəsini anti-Azərbaycan təbliğatı üzərində quran Kasparov növbəti dəfə gerçək simasını və məmləkətimizin “çörəyinin duzunun olmadığını” göstərdi. Ancaq digər tərəfdən, onun Bakını artıq öz vətəni hesab etməməsi hətta kifayət qədər sevindiricidir. Bakı zatən belələrinin vətəni olmamalıdır...