Ağdam yolundan imtinanın arxasında məkrli niyyət dayanır...

Ağdam yolundan imtinanın arxasında məkrli niyyət dayanır...

44 günlük Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatması bölgədə yeni siyasi şərait yaradıb. Azərbaycanın məğlub tərəfdən qalib tərəfə çevrilməsi münaqişənin ədalətli əhllinə olan inamı bir qədər də artırıb. 

Hazırda regionda əsas söz sahibi Azərbaycandır və rəsmi Bakının tərəflər üzərindəki təsiri sürətlə artır. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlaması, ermənilərin bu məntəqədən qanunsuz silah-sursat və digər malların daşınmasının qarşısının alınması, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətindəki qanunsuzluqların ifşa edilməsi yuxarıda sadaladıqlarımızı təsdiqləyən əsas arqumentlərdir. 

Qeyd edək ki, yaranmış yeni siyasi şəraitin onların əleyhinə olduğun dərk edən ermənilər növbəti dəfə qaralama kampaniyasına başlayıblar. Laçın yolunun bağlanmasından sonra isə bu kampaniya daha geniş vüsət alıb. Ermənilər “humanitar fəlakət” nağıllarından bəhs edərək dünyanı Azərbaycanın üstünə qaldırmağa çalışırlar. Amma cılız arqumentləri onları yenə də çıxılmaz vəziyyətdə qoyub. 

Azərbaycanın Qarabağda yaşayan erməniləri “blokada”da saxladığını iddia etmək nə dərəcədə doğrudur? Axı Azərbaycan alternativ marşrut təklif edib. Niyə ermənilər Ağdam yolundan istifadə etmək istəmirlər? Laçın yolu müqayisədə daha qısa və rahat olan Ağdam yolundan imtinanın arxasında dayanan məkrli niyyəti görməmək mümkün deyil. Bu yolun üstünlüyünü Brüssel görüşündə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də dilə gətirmişdi. Maddi çarəsizlikdən şikayətlənən ermənilər niyə ucuz daşıma hesabına başa gələn Ağdam yolundan istifadə etmirlər? 

Bu gün Qarabağdakı siyasi sferaya baxanda çarəsizlikdən qapana qısılan separatçıların öz havadarlarından necə kömək dilənməklərini görmək mümkündür. Müddətsiz aksiyalara başladıqlarını deyən separatçıların mitinq-mitinq oyunun nə ilə nəticələnəcəyinə inanmamaq isə sadəlövhlük olar. 90-cı illərdə əliyalın azərbaycanlıları Xankəndi, Şuşa və ətraf yerlərdən qovan, Xocalını aylarca blokadada saxlayan ermənilər məgər bilmirdirlərmi ki, tarix təkrardan ibarətdir? Amma bu dəfə Azərbaycan onlara rəhmli davranır. Bu dəfə Azərbaycan onlara alternativ yol təklif edir, onları qida ilə təmin edəcəyinə söz verir və bütün bunların qarşılığında yenə də ermənilərə Azərbaycan vətəndaşı olmaq şansını tanıyır. 

Separatçı zümrənin oyuncağı olan sıravi xalq bu gün arada qalıb. Onlar nə edəcəklərini bilmirlər. Çünki bir yandan terrorçu xuntanın hədə-qorxuları, digər yandan isə Rusiya sülhməramlılarının hərəkətləri onlara həyatı cəhənnəm edib. Çıxış yolu isə yalnız Azərbaycandır. Bunu anlamaqları üçün Azərbaycan şans verir. Hələ vaxt var, hələ gec deyil. Amma bir gün hər şeyin gec olduğu həqiqəti ilə qarşılaşanda son gülənin Azərbaycan olacağına çoxumuz əminik. Yenisabah.az






Fikirlər