Can verən BMT-də erməni şousu: Qutyerriş də "narahat"mış
Sülhün və təhlükəsizliyin təminatı bəşəriyyətin üzləşdiyi daimi çağırışlardır. Belə problemlərin həlli, ən başlıcası isə humanitar fəlakətlərin qarşısını almaq üçün 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) yaradılmışdı. Lakin illər keçdikcə BMT bəyanatlar verməklə işini bitmiş saydı, çox nadir hallarda real, konkret addımlar atdı. Əfsuslar olsun ki, indiki vəziyyətdə də heç bir dəyişikliklər yoxdur - BMT-nin deqradasiyası, nüfuzdan düşməsi və zəifləməsi sürətlə davam edir. BMT-nin baş katibi Antoniu Qutyerriş, sən demə, "Laçın dəhlizi ilə azad hərəkətlə bağlı yaranmış problemlər barədə məlumatlardan dərin narahatdır". Bunu baş katibin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bəyan edib. "Cənab Qutyerriş tərəflərə Beynəlxalq Ədalət məhkəməsinin 22 fevral 2023-cü il və 6 iyul 2023-cü il tarixli, Laçın dəhlizi ilə hər iki tərəfə şəxslər, nəqliyyat vasitələri və yüklərin maneəsin hərəkətinin təminatı ilə bağlı qərarlarının icrasını xatırladır. O, yerlərdə humanitar vəziyyətin pisləşməsi ilə bağlı məlumatlardan xüsusilə narahatdır və ehtiyacı olanlara humanitar yüklərin çatdırılmasının asanlaşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinə çağırır. BMT-nin baş katibi bölgədə sülh və təhlükəsizltik naminə münasibətlərin uzunmüddətli normallaşması üçün səyləri fəallaşdırmağa çağırır", - F.Hak bildirib. Bəyanatdan belə məlum olur ki, Laçın yolununun "Laçın dəhlizi" adlandırıldığı bəyanatı imzalamış BMT baş katibi Antoniu Qutyerriş "dərin narahatlıq" içindədir. O, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan qarabağlı ermənilərin "humanitar vəziyyətinin pisləşdiyi"ni vurğulayır, Azərbaycanı "dərhal, təcili qaydada və təxirəsalınmaz olaraq" tədbirlər görməyə çağırır. Yəni sinyor Qutyerriş rəsmi Bakıdan az qala tələb edir ki, Laçın yolu ilə ermənilərin Xankəndidən Ermənistana və əks istiqamətdə "sərbəst", yəni hər hansı təftiş, yoxlama və nəzarət olmadan hərəkəti təmin edilsin. Ermənilər Xankəndidən Ermənistana, Ermənistandan da Xankəndinə istədikləri zaman gedib-gəlsinlər, istədiklərini də aparıb gətirsinlər.
Xankəndidəki separatçı rejimin vaxtilə belə sərbəst hərəkətdən hansı məqsədlər üçün istifadə etdiyini sinyor Antoniu Qutyerriş bilirmi? Ona çoxsaylı köməkçiləri, o cümlədən "təmsilçinin müavini" kimi meqaciddi postu olan Fərhan Hak deyibmi ki, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra həmin yolla Ermənistandan Xankəndiyə silah-sursat, amunisiya, şəxsi heyət və xüsusilə də minalar daşınıb? Müharibə 2020-ci ildə qurtarsa da, sonralar Azərbaycan vətəndaşları 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalara düşərək həlak olublar? Sinyor Antoniu Qutyerrişdə, ümid edirəm, koqnitiv dissonans və ya amneziya yoxdur. Düşünürəm ki, onun yaddaş pozuntuları kəskin fəsadlara çevrilməyibsə, BMT-nin baş katibi olan və indi "dərin narahatlıq" keçirən şəxs rəhbərlik etdiyi strukturun Təhlükəsizlik Şurasının 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il), 874 (14 oktyabr 1993-cü il) və 884 (12 noyabr 1993-cü il) saylı qətnamələrini Ermənistanın onillər boyu icra etməkdən qətiyyətlə, inadla boyun qaçırdığını unutmayıb. Azərbaycan ərazilərinin 20 fazinin 30 il sürmüş işğalı ərzində Ermənistan BMT TŞ-nin "icrası məcburi" sayılan bu qətnamələrini adi kağız parçası sayaraq bir kənara atmışdı. Həmin 30 il ərzində BMT-nin baş katibləri olmuş Butros-Butros Qali, Kofi Annan, Pan Gi Mun və sonda da indiki "rəhbər" Antoniu Qutyerriş ermənilərin belə davranışı, yürütdükləri siyasət və aqressiv ritorikası ilə bağlı hər hansı sərt bəyanatlar vermədilər. Azərbaycanın şəhər, kənd və qəsəbələri işğal edilərək viran qoyulanda, minlərlə dinc azərbaycanlı vəhşicəsinə qətlə yetiriləndə, girov götürüləndə, 1 milyona yxın vətəndaşımız aclıq təhlükəsi ilə üzləşəndə, İkinci Dünya Müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətlərindən biri məhz Azərbaycanda yaşananda BMT-nin baş katibləri "dərin narahatlıq" keçirmədilər, Ermənistanı işğalçılıq siyasətini və neonasizm ünsürlü "hayizm" ideologiyasından əl çəkməyə çağırmadılar. BMT-nin baş katibləri faktiki olaraq, susdular. Azərbaycan isə BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə və sülh danışıqlarında vicdanlı şəkildə iştirak etməyə çağırıb. Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev Təşkilatın Təhlükəsizlik Şurasında "Aclıq və münaqişələrin səbəb olduğu ərzaq problemi" mövzusunda açıq debatda çıxışında bildirib.
"Ermənistan öz beynəlxalq öhdəliklərinə əməl etməli, silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalı, ərazi iddialarına, qanunsuz fəaliyyətlərə və dezinformasiyalara son qoymalı, mina terrorunu dayandırmalı, münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə işıq salmalı, Azərbaycana, o cümlədən onun ərzaq təhlükəsizliyi sistemlərinə dəymiş zərəri ödəməli və iki dövlət arasında sülh müqaviləsi və sərhədin delimitasiyası üzrə danışıqlarda vicdanlı şəkildə iştirak etməlidir. Azərbaycan öz xalqını, suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmində qətidir və dinc, təhlükəsiz, sabit və çiçəklənən region məqsədlərinə tam sadiqdir", - o vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Ermənistanın humanitar yardım məsələsindən öz pisniyyətli məqsədləri üçün sui-istifadə etmək üzrə ardıcıl səylərini qınayır. Laçın sərhəd-keçid məntəqəsinin yaradılması hər hansı digər dövlətin öz sərhədlərinin təhlükəsizliyini və mühafizəsini təmin etmək, yolboyu insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etmək hüququ kimi Azərbaycanın danılmaz suveren hüququdur. Diplomat xatırladıb ki, cari ilin iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını əsassız hesab edib, eyni zamanda bu ölkənin keçid məntəqəsi ilə bağlı müvəqqəti tədbirlər görmək tələbini yekdilliklə rədd edib. Bu, öz yerində. BMT-nin baş katibi Antoniu Qutyerriş yaxşı olardı ki, Azərbaycanın ayrılmaz və tərkib hissəsi olan Qarabağ iqtisadi rayonunda hazırda təqribən 30 min qarabağlının Ermənistan pasportu ilə qanunsuz yaşamaları, onların məskunlaşdıqları məkanlarda bir nəfər də (!) azərbaycanlı qalmadığını - çünki hamısı erməni işğalı zamanı yurd-yuvalarından didərgin salınıblar - xatırlayaraq "dərin narahatlıq hissi" keçirsin. 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası ilə vətəndaşları, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə sərbəst, maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi tələb olunur, amma Ermənistan bu şərti hələ də yerinə yetirməyib. Antoniu Qutyerriş bundan narahat olubmu? Azərbaycanın problemlərinə, ölkəmizin üzləşdiyi erməni aqressiyasına biganəlik BMT-nin fəaliyyətindəki yeganə problem deyil: Suriya. Bu ölkədə 10 ildən artıqdır ki, milyonlarla insanın əzablarına və humanitar fəlakətə səbəb olmuş vətəndaş müharibəsi davam edir. BMT-nin çoxsaylı qətnamələrinə və bəyanatlarına rəğmən, böhran davam edir. Zorakılığın qarşısının alınması və müharibəyə son qoyulması üçün BMT real heç nə edə bilmir. Yəmən. Bu ölkədəki müharibə milyonlarla qaçqın və kütləvi qətllərlə müşayiət olunan ən ağır humanitar fəlakətlərdən birinə çevrilib. BMT müharibəni dayandırmaq və mülki əhaliyə yardım etmək gücündə deyil. Myanma. Bu ölkədəki dövlət çevrilişi bitmək bilməyən zorakılıqlar və genişmiqyaslı insan haqları pozuntularına səbəb olub. Ölkədəki müsəlman rohincaların soyqırıma məruz qalmasının və yaşayış məkanlarından qovulmasının qarşısını ala bilməyən BMT hələ də müşahidəçi mövqeyindədir. İsrail-Fələstin münaqişəsi. Onillərdir ki, BMT bu problemi həll edə bilmir. Təşkilatın siyasi və diplomatik səyləri nəticəsizdir. Koreya. Onillərdən bəri davam edən sərt qarşıdurma, nüvə sınaqları, aclıqlar və s. kimi rpoblemləri çözə bilməyən BMT effektiv nizamlanmanı təklif edə bilmir. Ukrayna. Bu ölkədəki müharibədə BMT ümumiyyətlə, zəifliyini və yarıtmaz fəaliyyətini aşkar göstərdi. İqlim dəyişiklikləri. Qlobal iqlim dəyişiklikləri ilə bağlı çoxsaylı konfransalarına, toplantılarına və sammitlərinə rəğmən BMT problemin həlli üçün real heç nə etməyib. BMT üzvü olan ölkələrin tam əksəriyyəti təşkilatın göstərişlərini yerinə yetirmir. Afrikadakı aclıq. Bütün bəyanatlarına və çağırışlarına rəğmən, Afrikadakı aclıq probleminin həllində BMT-nin fəaliyyəti yarıtmazdır. ... "Laçın dəhlizi, humanitar problemlər" və s. kimi ifadələr vasitəsilə Azərbaycaan təzyiq göstərmək cəhdlərinin əvəzinə BMT rəhbərliyi təşkilatın daxilindəki çox ciddi problemlərin həllinə başlamalıdır. Daxili münaqişələr, ifrat bürokratiya, müxtəlif strukturlar və proqramlar arasında koordinasiyanın olmaması onsuz da geosiyasi rudimenti xatırladan BMT-ni daha da zəiflədir.
BMT indi real fəaliyyətlə müşayiət olunmayan formal bəyanatlar verib qətnamələr qəbul edən beynəlxalq quruma dönüb. Dünya dəyişir, əvvəlki geosiyasi düzən dağılıb, fərqli geostrateji mexanizmlər işə düşüb, labüdlüyü şübhə doğurmayan konstruksiyalar formalaşır. BMT münaqişələri çözmək, müasir çağırışların öhdəsindən gəlmək istəyirsə, dəyişməli, ciddi islahatlara məruz qalaraq normallaşmalıdır. Məhz bu səbəbdən dövlətlər indi BMT-yə alternativ arayır, beynəlxalq əməkdaşlığın daha çevik, effektiv və sürətli formasiyalarını qurmağa çalışırlar. BMT-nin baş katibi Antoniu Qutyerriş bundan narahat olmalıdır. Ermənilərə gəldikdə isə, Azərbaycanın BMT-dəki nümayəndə heyətinin rəhbəri Yaşar Əliyevin çıxışında söylədikləri İrəvanın ucuz şoularına, revanşizminə və propaqandasına növbəti sərt cavabdır. Elçin Alıoğlu
TREND