“Bu qərar erməni millətçilərinin üzünə tüpürməkdən başqa bir şey deyildi...”

Sentyabrın 27-dən qəsbkar  Ermənistanın təxribatları nəticəsində Azərbaycanın başlatdığı əks-hücum əməliyyatlarının nəticəsində işğalçı ordunun verdiyi itkilərdən quduzlaşaraq işğal altındakı ərazilərdən yüz kilometrlərlə uzaqdakı bölgələrimizdəki dinc vətəndaşlarımıza qarşı artilleriya və raket mərmiləri atması da beynəlxalq təşkilatları ikili standartlardan, çoxüzlülükdən uzaq durmağa vadar edə bilmədi. 
BMT Təhlükəsizlik Şurası Qarabağdakı hərbi gərginliklə bağlı keçirdiyi iclasda da 27 il öncə Ermənistan qoşunlarının Azərbaycanın hüquqi ərazilərindən çıxmasıyla bağlı verdiyi qətnamələri özü qulaqardına vuraraq işğalçı ölkədən təcili onların icrasını həyata keçirməsini tələb etmədi.
Mövzuyla bağlı Moderator.az-a açıqlama verən tanınmış politoloq Eldar Namazov isə bu cür situasiyada belə, Ermənistanın  BMT-dən gözləntilərinin puç olduğunu ifadə edib.
“Azərbaycan dövləti, o cümlədən biz politoloqlar BMT TŞ-nin məlum qətnamələrinin icra edilməsinin zəruriliyinin həmin qurumun özü və digər beynəlxalq təşkilatlar və dövlətlər qarşısında  geniş izahını  zaman-zaman  vermişik. Və bundan sonra əməliyyatların gedişi boyu da bu məsələni vurğulamaqda davam edəcəyik. Amma onu deyim ki, sözügedən iclasda maraqlı olan ilk növbədə Ermənistan idi. İşğalçı ölkə ümid edirdi ki, BMT-nin Təhlükəsizlik Şurası təcili yığışıb Azərbaycana qarşı nəsə bir sərt qərar verəcək. Lakin BMT-dəki diplomatlar da, həmin təşkilatda təmsil olunan ölkələr də Qarabağ münaqişəsinin tarixçəsini çox gözəl bilirlər. Eləcə də bəhs edilən qətnamələrdə Ermənistandan nələrin tələb olunduğunu  da   aydın dərk edirlər. Və onlara da məlumdur ki, qəsbkar ölkə BMT TŞ-nin həmin qətnamələrin icrasından 30 ildir  imtina edir...
Düzdür, sentyabrın 27-də  Qarabağda hərbi vəziyyətin gərginləşməsiylə bağlı həmin qurum yığışdı. Amma öncədən bəyan etdilər ki, bu, sadəcə, qapalı bir məsləhətləşmə olacaq. Yəni heç bir səsvermə olmayacaq. Səvermə olmayacaqsa da, deməli, heç bir sənəd-filan qəbul edilən deyil. Və  nəticədə faktiki olaraq Ermənistanın və Qarabadakı separatçı rejimin BMT TŞ-nın iclasından gözləntiləri və bununla bağlı planları puç oldu. O cümlədən Avropa Birliyinin də toplantısına ermənilər çox ümid edirdilər. Bundan da bir şey alınmadı. Təəssüf ki, Fransa prezidenti Makron bütün beyməlxalq prinsiplərə, diplomatik etiketə  zidd olaraq bəyanatlar verdi və dedi ki, AB-nin sammitində də bu məsələdən ciddi danışacağıq. Nəticəsi nə oldu? AB qərar verdi ki, hər iki tərəfə kifayət qədər az bir məbləğdə, təxminən 500 min avro humanitar yardım göstərilsin. Bir də, sadəcə, sülhə ümumi çağırış oldu. Bu qərar da, əslinə qalsa, erməni millətçilərinin üzlərinə tüpürməkdən başqa bir şey deyildi...”-deyə politoloq vurğulayıb.
Sultan Laçın
 






Fikirlər