Separatçılar üçün “əcəl zəngi”: çənbər daralır, uzağı, ilin sonunadək...

Oyuncaq qurumun “kitabı” həmişəlik bağlanıb; siçan-siçovullar “artsax” adlı dəlmə-deşik “qayığı” tərk edir, tərk etməyənlər isə...; Bakı hər an əməliyyata başlaya bilər!

Azərbaycan, hələ ki, səbirlə gözləyir. Gözləyir ki, Qarabağ iqtisadi regionunun müvəqqəti nəzarətimizdə olmayan hissəsindəki erməni icması, nəhayət, separatçı-revanşist ünsürlərin təzyiq və təhdidlərinə rəğmən, yeganə doğru seçimini edəcək. O gün uzaqda deyil. Proses başlayıb. Qarabağda vəziyyətin nəyə doğru getdiyini anlayanlar artıq şələ-külələrini yığışdırıb “Laçın” postu vasitəsilə çıxıb getməyə üz tutublar - özü də separatçı elementlər arasında didişmənin şiddətləndiyi vaxtda.

“Qarabağ erməniləri iki yerə bölünüb - barışıq tərəfdarı olanlar və aqressiv qrup”.

Bu fikir “Türkiyə” qəzetinin Azərbaycanın işğaldan azad olunan ərazilərindən hazırladığı reportajda əksini tapıb.

Yəqin ki, belədir. Və yəqin ki, zamanla nisbət birincilərin - barışıq tərəfdarlarının, yəni Azərbaycanın xeyrinə dəyişəcək. Çünki xuntaçılar sadə erməni əhaliyə 35 ildə iztirab, sink tabutlardan savayı heç nə bəxş eləməyiblər. Azərbaycan cəmiyyətinə reinteqrasiya isə etibarlı gələcək, təhlükəsiz və sakit həyat, iş yerləri, normal dolanışıq, mədəni və mənəvi ehtiyacların zəmanətli şəkildə qarşılanması, öz dilinin inkişaf etdirilməsi, nəhayət, iqtisadi özünüidarə demək olacaq.  

Hələlik isə separatçı-kriminal elementlər Rusiya “sülhməramlıların”ın himayəsi altında ərazimizdə Azərbaycan əleyhinə təxribatlardan qalmırlar. Erməni əhalini faktiki girov saxlayan silahlı banditlər hərbi yüklərin yerdəyişməsini həyata keçirir, yenə səngərlər qazmağa və təzə “cəbhə xətti” çəkməyə cəhdlər göstərirlər.

Azərbaycan bu demarşların cavabını, təbii ki, dərhal verir. Amma nə vaxtsa Bakı daha radikal tədbirlər görməli olacaq. Separatçılar üçün “əcəl zəngi” artıq çalınmağa başlayıb...  

Erməni separatçılar təlaşdadır: onların çıxış yolu qalmayıb

“Erməni tərəfinin son təxribatları, sözsüz ki, sülh prosesinə zərbə vurur. Amma qarşı tərəf bu təxribatlarla heç nəyə nail ola bilməyəcək. İkinci Qarabağ müharibəsində Ermənistan ağır məğlubiyyətə uğrayıb. Ermənistanın müttəfiqi Rusiya belə, ondan üz çevirib. Belə olan halda erməni tərəfinin heç bir gücü yoxdur ki, öz qanunsuz iddialarını həyata keçirsin”.

“Yeni Müsavat” xəbər verir ki, bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan addım-addım öz hədəflərinə çatır: “Azərbaycan tərəfi tələblərini irəli sürür, danışıqlar aparır. Ermənistan isə çarəsizlikdən ora-bura üz tutur. Onun BMT Təhlükəsizlik Şurasındakı uğursuzluğu da bu qəbildən idi. Nicat yolu kimi baxdıqları rus sülhməramlılarına belə, ermənilər indi nifrət edir”.

Politoloq sülhməramlıların bölgədə uzun müddət qalmasını mümkün saymır: “Əslində rus ordusunun Azərbaycan, Gürcüstan və Ermənistanda mövcudluğu münaqişələr, separatizm meyillərinin alovlanmasına xidmət edir. Amma burada Azərbaycanla bağlı məsələ tamam fərqlidir. Azərbaycan sülhməramlıları bölgədən uzaqlaşdırmaq üçün mühüm səylər göstərir. Qarabağda yaşayan erməni sakinlərlə Azərbaycan hakimiyyəti arasında dialoqun olması da labüddür. Artıq il yarım vaxt qalıb. 2025-ci ilin mayına kimi bu məsələlər həll edilməlidir”.

Zərdüşt Əlizadəyə görə, Ermənistan BMT-dən istədiyini ala bilmirsə, Beynəlxalq İdman, Şahmat, Qılıncoynatma, Güləş, Badminton federasiyalarına müraciət edə bilər: “Ən yüksək ali qurum olan BMT Təhlükəsizlik Şurasında ermənilərə dedilər ki, gedin özünüzə başqa yerdə çarə axtarın. Məsləhət oldu ki, ermənilər gedib Azərbaycanla dil tapsın. Çünki heç kim gəlib burada Azərbaycanla müharibə aparıb ermənilərinn qanunsuz istəkləri uğrunda ölməyəcək”.

Artıq Rusiya pasportu almış separatçıların Qarabağdan köçü başlayıb. Çünki “artsax” adlı dəlmə-deşik “qayığın” labüd olaraq suyun dibinə gedəcəyinə əmin olublar. Xüsusən də BMT TŞ-də 17 avqust fiaskosundan sonra.      

Oxu.az - Separatçılar növbəti təxribata əl atır: “Atəş hazırlığı”na başlayırlar

“Hazırda Qarabağdan gedənlərin əksəriyyəti, çox güman ki, müharibədə iştirak edən şəxslərdir. Sülhməramlıların nəzarət etdiyi ərazidə yaşayan erməni separatçılardan hər hansı birinin Azərbaycana qarşı cinayət törətmədiyinə inanmıram”.

Bu fikri isə politoloq Turab Rzayev deyib (Axar.az).

Onun sözlərinə görə, Azərbaycan tərəfinin qəti mövqeyi separatçıları aradan çıxmağa məcbur edib: “Qarabağda yaşayan Rusiya vətəndaşlarının çoxunun əli azərbaycanlı qanına batıb. 44 günlük Vətən müharibəsində təkcə Rusiya deyil, Fransa, Livan, Kanada vətəndaşlarının da bu münaqişədə aktiv iştirakını gördük. Odur ki, bu şəxslər yavaş-yavaş ərazini tərk edir. Gələcəkdə sərhəd- keçid məntəqəsində həbs olunmasınlar deyə, əli Azərbaycan əsgərinin qanına batan şəxslər Rusiyanın köməyi ilə oradan çıxarılır”.

Təhlilçi əmindir ki, Azərbaycanın separatçılara qarşı həyata keçirə biləcəyi antiterror əməliyyatı da bu cür qaçışları intensivləşdirib: “Onlar separatçı rejimin qalıqlarına qarşı yaxın zamanlarda Azərbaycanın təmizləmə əməliyyatı aparacağını gözləyirlər. Məhz bu səbəbdən onların içərisində olan Rusiya vətəndaşları hədəf olmasınlar və Azərbaycan əsgərinin əlinə keçməsinlər deyə, Qarabağdan çıxarılır”.

Öz növbəsində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu hesab edir ki, Azərbaycanda erməni separatizminin yenidən dirçəldilməsi üçün nəzərdə tutulan mümkün ssenarilərdən biri Qarabağda yaşayan ermənilərə kütləvi şəkildə Rusiya vətəndaşlığı verməklə onları Rusiyanın himayəsində göstərmək və beləliklə, separatizm fəaliyyəti üçün yenidən imkanlar əldə etmək olub.

Millət vəkili hələ 44 günlük Vətən müharibəsi zamanı təşviş içərisində olan erməni terrorçuların Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı çağırışlar elədiyini xatırladaraq deyib: “Bu gün isə Azərbaycanın doğru və dərin strateji diplomatiyası sayəsində Rusiya pasportu daşıyan ermənilər artıq Qarabağımızı tərk edirlər. Bu hadisə, sadəcə, rus pasportluların ölkəmizi tərk etməsi deyil, eyni zamanda Azərbaycan qanunları ilə yaşamaq istəməyən digər ermənilərə verilən mesajdır”.

Prezidentin çıxışı separatçıları qorxuya saldı - Təslim olmasalar, onları NƏ GÖZLƏYİR...

Ona görə də H. Babaoğlu ermənilərə təklif edir ki, baş verənlərdən nəticə çıxarsınlar. “Rusiya pasportu daşıyanlardan dərhal sonra Qarabağda mövcud olan 10 min terrorçu ölkəmizi tərk etməlidir. Eyni zamanda Qarabağa 30 illik işğal dövründə Ermənistan və digər ölkələrdən gətirilib yerləşdirilənlər də təcili ərazimizi tərk etməlidirlər. Qarabağda kimin qalıb yaşamaq hüququ əldə edəcəyinə isə Azərbaycan qanunları qərar verəcək. İlkin şərtlər belədir ki, ilk növbədə Azərbaycan qanunlarını pozmayan ermənilərin belə bir şansı ola bilər. Ancaq zaman daralır və ilin sonunadək bu proses başa çatmalıdır. Rus pasportlu Ruben Vardanyana gəldikdə isə onun taleyini də Azərbaycan xüsusi xidmət orqanları lazımı formada həll edəcək”, - deyə o, xəbərdarlıq edib.

Xəbərdarlıqlar isə sonsuzadək edilməyəcək. Onları ciddiyə almaq zamanı çatıb...

P.S. Yazı hazırlanarkən erməni mənbələri yaxın günlərdə Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağın erməni icması arasında Bərdədə görüş keçirilə biləcəyi haqda xəbər yaydı. Məlumata görə, görüşdə Ağdam-Xankəndi yolunun açılması məsələsi müzakirə olunacaq.  

Siyasət şöbəsi,
“Yeni Müsavat”






Fikirlər