“Sülh sazişi yoxdursa, ermənilər müharibəyə hazır olmalıdır” - Polkovnik

“Sülh sazişi yoxdursa, ermənilər müharibəyə hazır olmalıdır” - Polkovnik

“Ermənistanın şərti sərhəddə atəşkəsi pozması birinci dəfə deyil. 44 günlük müharibədən sonra rəsmi İrəvan siyasi vəziyyətə görə addımlarını daşıyır və birbaşa atəşkəsin pozulması hallarına səbəb olur”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev sərhəddə baş verən döyüşlərə münasibət bildirərkən deyib. 

Xatırladaq ki, hazırda Ermənistan-Azərbaycan şərti sərhədinin Kəlbəcər-Basarkeçər rayonları istiqamətində şiddətli döyüşlər gedir. Bundan əlavə, düşmən bölgəyə ağır artilleriya vasitələrini cəlb etməkdə davam edir. 

E.Şıxəliyev düşünür ki, Ermənistanın bunu etməkdə məqsədi bəllidir:

“Hazırda Ermənistanda Qarabağ məsələsi üzərindən yeridilən siyasətlə əlaqədar olaraq sıravi ermənilərdə Paşinyan iqtidarına qarşı gərginlik və nifrət mövcuddur. Hökumətə qarşı yönələn gərginliyin səbəbi isə budur ki, Ermənistan hökuməti niyə Qarabağ məsələsində real addımlar ata bilmir? Çünki İrəvandan və Fransadan sərhədə TIR-lar gəldi, eləcə də BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı səslənən ittihamlar nəticəsiz qaldı”. 

Onun fikrincə, belə situasiyalarda hökumət nə isə edə bilməyəndə,  cəmiyyətdə narazılıq yaranır: 

“Cəmiyyətdəki narazılıq da hakimiyyətə qarşıdır. Hökumət də narazılığı və mənfi enerjini bir yerə yönəltmək üçün təhlükə, təhdid, sərhəddə atışma və müharibə var deyərək, bu kimi atəşkəs pozulmalarını lokal döyüş durumuna gətirir. Bunun nəticəsi ondan ibarətdir ki, Ermənistan cəmiyyətinin fikri hökumətə qarşı gərgin münasibətdən sərhəddəki atışmalara yönələcək”. 

Polkovnikə görə, Ermənistan iqtidarının məqsədi bunun üzərinə hesablanıb:

“Düşünmürəm ki, Ermənistan bu təxribatlarda uğura nail olacaq. Lakin itkiləri mövcuddur. Xüsusən də şərti sərhəddə sərhəd infrastrukturunun yaradılması baxımından döyüş sahəsində onların nə isə etməsi mümkünsüzdür. Onlar bununla deyirlər ki, biz müharibə yolunu seçirik və görünən odur ki, onlar sülh sazişinə və Qarabağın reinteqrasiyasına razı deyillər. Onlar bizə başqa seçim buraxmırlar və bizi cavab verməyə təhrik edirlər. Hesab edirəm ki, cavablarını alacaqlar. Sülh sazişi yoxdursa, onlar müharibəyə hazır olmalıdırlar. Həm Qarabağda, həm də şərti sərhəddə baş verənlər Azərbaycanın hərbi-siyasi iradəsinə başqa seçim buraxmır”.






Fikirlər