“Təxribat cavabsız qalmayacaq, Azərbaycan qırıcıları...” - Polkovnikdən mühüm anons

“Təxribat cavabsız qalmayacaq, Azərbaycan qırıcıları...” - Polkovnikdən mühüm anons

Ermənistan Silahlı Qüvvələrinin bizimlə hər hansı genişmiqyaslı müharibə aparmaq imkanı yoxdur”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib. 

O, Qarabağdakı sonuncu erməni təxribatından sonra Ermənistan ordusunda yaranmış vəziyyəti şərh edib:

“İkinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri hərbçilərinin 60-70%-i sıradan çıxarıldı. Bunların yerini doldurmaq üçün azı 5-10 il vaxt lazımdır. Zirehli texnika, artilleriya vasitələri və raket sistemlərinin yerini doldurnaq üçün böyük məbləğdə hərbi büdcəyə ehtiyac var”. 

Polkovnikə görə, hərbi texniki avadanlıqların Ermənistan ordusunda hərbi heyətlərin hazırlanması baxımından köməyi mümkünsüzdür: 

“Hazırda Ermənistan öz arsenalına İran PUA-larını və tank əleyhinə raket sistemlərini daxil etmək niyyətindədir. Eyni zamanda Hindistandan da raket sistemlərini və hava hücumundan müdafiə vasitələrini silahlanmaya daxil etmək niyyətindədir. Onlar bunu başlasalar belə, ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsinə uzun illər lazımdır. Çünki bunun arxasında maliyyə büdcəsi dayanmalıdır, o da Ermənistanda məhduddur. 

Bu gün güc nisbətinə baxanda Azərbaycan Silahlı Qüvvələrinin müharibədən sonrakı vəziyyətdə azı 30 pillə Ermənistanla arasında fərqi var. “Global Firepower” indeksinə görə, biz hazırda 57-ci pillədəyik, onlar isə 94-cü pillədə görünürlər. Bu, bir yanaşmadır və güc balansının nisbətidir”. 

Müsahibimiz söyləyib ki, ermənilərin bizimlə revanşist mövqedən danışmaqlarının arxasında hərbi güc dayanmır:

“Onlar Avropa İttifaqının mülki missiyasını Ermənistana dəvət edərək düşünürlər ki, əgər burada 100 nəfərlik monitorinq qrupu varsa, Azərbaycandan təhlükə yaranmaz. Çünki bu heyətlər atəşkəs pozuntularını sənədləşdirib Avropaya ötürürlər. Onların niyyəti budur ki, Avropa institutları atəşkəs pozuntularını Azərbaycana qarşı şantaj vasitəsi kimi istifadə etsin. Ermənistanın indiki niyyəti bundan ibarətdir ki, nə etsin ki, həmin o mülki missiyanın sayəsində Avropa ölkələri Azərbaycana sanksiya tətbiq etsinlər? Onlar bunu hərbi güclə edə bilmirlər deyə, bunu siyasi platformada etmək istəyirlər. 

Onlar bunu şərti sərhəddə edə bilməyəcəklərsə, sözsüz, bunu Qarabağ ərazisinə daşıyacaqlar. Onlar Qarabağdakı qeyri-qanuni daşımaları həyata keçirməklə Azərbaycanı təhrik edirlər ki, Azərbaycan genişmiqyaslı antiterror əməliyyatı keçirsin. Bunu da gətirib etnik təmizləmə və soyqırımına bağlamaq istəyirlər ki, həmin mülki missiyanın diqqətini Qarabağa cəmləşdirsinlər”. 

“Biz bu gün ermənilərin bu niyyətlərinin döyüş sahəsində konfliktə çevrilməsini görürük. Hazırda qlobal güclər Rusiya ilə qarşıdurmaya Ermənistan üzərindən getmək niyyəti güdürlər. Əslində, konfliktlərin silahlı münaqişəyə çevrilməsi daha çox olur, nəinki siyasi dialoqa. 

Hər bir halda geniş, yaxud lokal hərbi əməliyyatların başlaması istənilən halda Azərbaycanın lehinə bitəcək. Düşünürəm ki, burada lokal konfliktlər olacaq. Yəni atəşkəsin pozulmasından sonra adekvat cavablar, lokal və nöqtə zərbələri Azərbaycan tərəfindən həyata keçiriləcək”, - əlavə edib. 

O, hesab edir ki, hazırda antiterror əməliyyatlarının başlamasının tam zamanıdır: 

“Çünki bu kimi şeyləri görməzdən gəlsək, yenə də təkrar edəcəklər. Ermənilər bilməlidirlər ki, bu regionda güc dili ilə danışmaq şansları yoxdur. Onlar 2 variantdan birini seçməlidir: birincisi, sülh və inteqrasiya; ikincisi, müharibə. Hansını seçsələr də, misli ilə qarşılığını alacaqlar. 

Ermənilər bilməlidir ki, Azərbaycan 44 günə BMT-nin 30 illik 4 hərbi qətnaməsini hərbi güclə yerinə yetirən bir ölkədir. Biz 90-cı illərin Azərbaycanı deyilik. Bizi təhrik edəcəklərsə, adekvat cavablarını alacaqlar. Biz mesajımı net verməliyik”. 






Fikirlər