“Xankəndindəki kriminal rejim rəhbərliyinin yerləşdiyi binaları da vura bilərik...”
“Bütün hallarda Azərbaycan çox məntiqi addım atıb. Antiterror əməliyyatıyla bağlı Azərbaycana qarşı beynəlxalq təzyiqin heç bir əsası yoxdur. Çünki Yuxarı Qarabağdakı kriminal rejim bizə qarşı son vaxtlar çox həddini aşmışdı. Azərbaycanın təklif etdiyi reinteqrasiya əvəzinə, hərbi müqavimət yolunu seçiblər. Mütəmadi olaraq atəşkəsi pozur, əraziləri minalayırlar. Bu günlərdə də neçə mülki insanımızın həyatına son qoyublar. Təbii ki, bunun cavabı yalnız hərbi yolla verilməli, qanunsuz erməni birləşmələrinə elə zərbələr endirilməlidir ki, onlar bir daha bizə tərəf baxa bilməsinlər və silahlarını yerə qoyub təslim olsunlar” Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib. “Əslinə qalsa, ABŞ da, Fransa da dolayısıyla bizdən tələb edirlər ki, Laçın yoluna nəzarəti Rusiyaya qaytaraq. Çünki tələb edirlər ki, Laçın yolu ermənilər üçün açılsın və onlar əvvəlki kimi, yəni “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulmamışdan öncəki kimi maneəsiz gedib-gəlsinlər. Bu da o deməkdir ki, Laçın sərhəd-buraxılış məntəqəsi götürülsün və yola yalnız Rusiya sülhməramlıları nəzarət etsin. Bu mənada da onların Azərbaycandan tələbləri məntiqsizdir... Ermənilər isə qoy növbəti dərs çıxarsınlar. İndiyədək siyasi diskussiyaları Azərbaycana qarşı revanşist, irqçi çıxışlar etdikləri mitinqlərdə-filanda aparırdılar. İndi də Azərbaycanın suveren ərazisində ordumuza qarşı işğalçı kimi döyüşən hərbçilərinin o içkili-filanlı yas məclislərində aparmağa məcbur olacaqlar. Çünki Azərbaycanın çağırışlarını vaxtında dinləmədilər”,- deyə davamında politoloq bildirib. “Yəqin ki, qısa çəkər bu dəfəki əməliyyatımız?” sualını isə politoloq belə cavablandırıb: “Hesab edirəm ki, ordumuzun bir sıra strateji mövqeləri azad etməsi istisna olunmur. Ancaq yaşayış məntəqələrinə, o cümlədən Xankəndinə daxil olmaq, zənnimcə, hələlik baş verməyəcək. Sadəcə, dəqiq nöqtəvi artilleriya, raket və dron zərbələri ilə düşmənin əsas istehkamları, zirehli texnikaları, digər qurğuları, hərbi obyektləri və silahlı canlı qüvvələri məhv ediləcək. Yəni elə hesab edirəm ki, biz bu dəfə erməni terrorçularına qarşı İsrailin taktikasından istifadə edəcəyik. Atəş gələn hər bir nöqtəni sərrast artilleriya, yaxud dron atəşləriylə birdəfəlik susdurmaq... Ancaq əgər bu dəfə də Ermənistan ordusunun qalıqları dərs çıxararaq təslim olmasa, yenə təxribatları davam etdirsə, artıq növbəti dəfə Xankəndindəki kriminal rejim rəhbərliyinin yerləşdiyi binaları da vura bilərik”- deyə sabiq baş diplomat vurğulayıb.