“Biz hansı əsasla özünü yalandan Qarabağdakı erməni icmasının nümayəndəsi kimi təqdim edən Ermənistan məmuru ilə danışıq aparmalıyıq? Onsuz da biz Ermənistan hökumətinin, Xarici İşlər Nazirliyinin və s. məmurları ilə rəsmən danışıq aparırıq da...”
Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov Moderator.az əməkdaşı ilə qısa telefon söhbətində son günlər Qarabağ ətrafında baş verən olaylardan bəhs edib.
-Tofiq müəllim, son günlər həm Rusiya, həm də Avropa, ABŞ siyasi dairələrində müzakirə olunan və gah Sofiyada, gah Bratislavada, gah da Bakı, yaxud Yevlaxda təşkil olunması nəzərdə tutulan, amma hələlik baş tutmayan Xankəndi-Bakı dialoqu haqda nə düşünürsünüz?
-Bilirsiz, rəsmi Bakının Xankəndində özünü “prezident”, “nazir”, “parlament üzvü” kimi təqdim edənlərlə danışıq aparmasının heç bir məntiqi və mənası yoxdur. Çünki onlar maaşlarını Ermənistan büdcəsindən aldıqlarına görə faktiki olaraq Ermənistan hökumətinin məmurlarıdır...
-Həm də separatçıdırlar...
-Yox, əslində, Xankəndindəki araiklər, qurgenlər separatçı deyillər, dediyim kimi, Ermənistan məmurudurlar. Və bizdə “separatçı” termini səhvən onlara aid edilir. Bunlara aid beynəlxalq termin- iredentistlərdir... Yəni guya öz millətinin keçmişindən "itirilmiş" (və ya "oğurlanmış") hesab etdiyi əraziləri, torpaq iddiası / bərpası və işğal etmək yolu ilə ölkəsinə qatmaq niyyəti güdən siyasi və ya xalq hərəkatının nümayəndələri... Bir sözlə, biz hansı əsasla özünü yalandan Qarabağdakı erməni icmasının nümayəndəsi kimi təqdim edən Ermənistan məmuru ilə danışıq aparmalıyıq? Onsuz da biz Ermənistan hökumətinin, Xarici İşlər Nazirliyinin və s. məmurları ilə rəsmən danışıq aparırıq da... Qarabağdakı ermənilərlə danışıqlar yalnız o zaman ola bilər ki, onlar rəsmi şəkildə Azərbaycan vətəndaşlığını qəbul etmək haqda müraciət etsinlər. Bundan sonra Azərbaycanın müvafiq qurumları araşdırma apararaq onların arasında Azərbaycana qarşı cinayət törətmiş şəxsləri aşkar etməlidirlər... Yalnız bundan sonra biz digərləri ilə dövlət olaraq əlaqə yarada bilərik. Çünki Azərbaycan qanunlarına görə dövlət hər hansı məsələ barədə vətəndaşla rəsmi danışıq aparmır. Dövlətin vətəndaşla əlaqəsi və anlaşması müxtəlif qurumlar vasitəsilə baş verir; hər hansı nazirlik, ASAN xidmət, icra hakimiyyəti və s. Nə vaxt görünüb ki, Azərbaycan dövləti öz vətəndaşlarla danışıqlar aparsın? Bir istisna olaraq Qarabağdakı ermənilərlə əlaqə yarada bilərik. Amma birincisi, bu əlaqə danışıqlar statusunda olmayacaq, ikincisi, arada heç bir vasitəçi ola bilməz və üçüncüsü, ən əsası isə onlar bu əlaqədən öncə bəyan etməlidirlər ki, məqsədləri Azərbaycana reinteqrasiyadır. Başqa cür biz onlarla heç cür əlaqə qura bilmərik...
-Necə düşünürsüz, müzakirəsini apardığımız son olay və proseslər Azərbaycan-Ermənistan sülh danışıqlarına hansı təsiri göstərəcək?
-Sözsüz ki, bu proseslər sülh danışıqlarına birbaşa təsir edir. Çünki ermənilərin mövqeyində əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Qarabağda yaşayan ermənilərlə beynəlxalq vasitəçilərin iştirakıyla danışıqlar aparsın və orada status məsələsi müzakirə olunsun. İndi birbaşa “status” demirlər, “təhlükəsizlik və hüquqlar”dan danışırlar. Bu da elə status deməkdir əslində... Amma biz həm Ermənistana, həm də beynəlxalq güclərə göstərməlıyik ki, əvvəla, biz öncə dediyimiz kimi, Qarabağdakı ermənilərlə yalnız reinteqrasiya istəyində olan gələcək vətəndaşlarımız səviyyəsində əlaqə qura bilərik, ikincisi də, heç bir statusdan-filandan söhbət gedə bilməz...
Sultan Laçın