QARABAĞDA ERMƏNİNİN ADINA KÜÇƏ OLSUN-OLMASIN? – İki partiya sədrinin fikir toqquşması
Sosial şəbəkələrdə Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa və Ümid Partiyasının sədri İqbal Ağazadə arasında sərt polemika başlayıb. “AzPolitika.info” xəbər verir ki, millət vəkili Fazil Mustafa bir neçə gün əvvəl “Facebook” səhifəsində geniş aspektdə terrorçu və sülhsevər erməni obrazlarının qarşılaşdırılmasını təklif edib, işğaldan azad olunmuş ərazilərdə ermənilərin yaşamağa davam edəcəyi hansısa küçəyə sülh naminə çalışmış Georgi Vanyanın (sülhpərvər aktivist – red.) adını verməyin mümkün olduğunu yazıb. Sitat: “Madam ki, bu ərazidə ermənilər az sayda da olsa milli azlıq kimi yaşayacaq, bizim təqdim etdiyimiz mətndə onları inteqrasiyaya təşviq etmək üçün bir və ya bir neçə sülhsevər erməni obrazını canlandırmaq və onları terrorçu, separatçı erməni obrazına qarşı qoymaqdan söhbət gedir. Bununla diplomatlarımıza, siyasətçilərimizə ölkəmizə qarşı yönələn hücumlara qarşı material veririk ki, bizim hansısa erməni fobiyası daşımadığımızı hər dəfə bədxahlarımızın gözünə soxa bilsinlər. Hətta bilərəkdən yazmışıq ki, işğaldan azad olunmuş ərazilərdə ermənilərin yaşayacağı küçələrdən birinə sülh uğrunda çalışmış Vanyan kimi birisinin adını vermək də mümkündür. Bu, Xankəndidə yox ha, Şuşada yox ha, hansısa diqqətdən kənarda kiçik bir qəsəbədə də edilə bilər. Buraya sabah gələcək missiyaların gözünə soxmaq üçün Puşkini də, Taras Şevçenkonu da, Şekspiri, Hüqonu da hansısa yerdə xatırlatmamız bizim üçün hansısa itkiyə səbəb olmaz. Onsuz da böyük əksəriyyətini özümüzə aid adları verəcəyik. Tanınmış şəxslərimizin, şəhidlərimizin adlarını verəcəyik. Ancaq və hələ ki, bu günün əsas tələbi diplomatiyamızın, xarici siyasətimizin əlini möhkəmlətməkdirsə, kömək üçün onu da hərə öz platformasında dəqiq icra etməlidir”. Ümid Partiyasının sədri İqbal Ağazadə isə bu gün “Facebook” səhifəsində geniş yazı ilə çıxış edərək, Fazil Mustafaya cavab verib və onu sərt tənqid edib. “Gəlin, əvvəlcə tarixi səhvlərimizə ekskurs edək... 1923-cü ildə Xankəndinın adını bolşeviklər Stepanakert etdilər. Bu gün də hələ Stepanakert adından qurtula bilmirik, beynəlxalq sənədlərdə belə hələ də Xankəndi qeyd edən yoxdur. Tarixi şəhərimizin adını Stepanakert etməklə, öz halal yurdumuzu erməniləşdirdik… O dövrün ad dəyişdirənləri də bizi beynəlmiləlçi, marksist, leninçi, kommunist olmağa çağırırdılar”. İqbal Ağazadə daha sonra Fazil Mustafaya xitabla yazır: “Əvvəla, Sülh quşu olmaq üçün mütləq quş olmağa ehtiyac yoxdur, elə insan olaraq da sülhpərvər olmaq olar. Lakin sülhpərvərlik öz xalqının gələcəyi üçün söz demiş Vanyanın adını əbədiləşdirməklə ölçülmür. …Bircə anlıq düşündünüzmü, bir şəhidin övladının şəxsiyyət vəsiqəsində ünvan "Vanyan küçəsi" yazılıb? Düşündünüzmü, ayağını, qolunu itirən qazi "Vanyan küçəsi"ndə əlil arabasında gedir?” İki partiya sədri arasında fikir toqquşmasının davam edəcəyi gözlənilir.