Qərb Ermənistanı, Rusiya Azərbaycanı dəstəkləyir: Geosiyasi savaşda kim qalib gələcək?
Rusiya-ABŞ geosiyasi mübarizəsi Cənubi Qafqazda günbəgün kəskinləşir. Vaşinqton Ermənistanın, Rusiya isə Azərbaycanın yanındaymış kimi görünür. Verilən açıqlamalar da bu yöndədir. Maraqlıdır, nə üçün Qərb Ermənistanı, Rusiya Azərbaycanı dəstəkləyir? Mövzu ilə bağlı Globalinfo.az-a danışan Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib ki, dünya siyasətinə iki super güc ölkənin maraqları toqquşur: “ABŞ ilə Rusiyanın həm iqtisadi həm siyasi, həm də hərbi maraqları toqquşur. Dünyada baş verən geosiyasi qarşıdurmalar da məhz bundan qaynaqlanır. Bildiyiniz kimi, ABŞ və NATO Rusiyanı özünə düşmən elan edib. Rusiyanı dünya siyasi xəritəsindən sıxışdırmaq və çıxartmaq, habelə Kremlin ətrafında qaynar ocaqlar yaratmaq istəyirlər. Bu istiqamətdə Rusiyaya yaxın olan respublikalarda da demokratiya adı altında rəngli inqilablar dövlət çevrilişləri edir. Bununla da özünə sadiq qüvvələri hakimiyyətə gətirərək Rusiya əleyhinə istifadə edirlər. Buna ən yaxşı nümunə şübhəsiz Gürcüstan Ermənistan və Ukraynadır. Vaşinqton Soros Fondunun, Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə bu dövlətlərdə çevriliş edib, özünə sadiq qüvvələri hakimiyyətə gətirdi. Daha sonra bundan Rusiya əleyhinə istifadə etdilər. Ukraynada baş verən münaqişə də bununla bağlıdır”. Ekspert deyib ki, hazırda bu qarşıdurma Cənubi Qafqaza da sıçrayır: “Rusiya-ABŞ qarşıdurmasının birinci episentri Ukraynadırsa, ikinci episentri Cənubi Qafqazdır. Çünki ABŞ Rusiyanı dünya siyasi arenasından silmək üçün Ukraynada münaqişə yaradaraq Avropa ilə əlaqəsini kəsdi. Cənubi Qafqazı da öz təsirinə salaraq Rusiyanın nüfuzunu qırmaq, regiondan çıxartmaq istəyir. Buna görə də Ermənistanda narıncı inqilab edib Paşinyanı hakimiyyətə gətirdilər. Paşinyanı hakimiyyətə gətirdikdən sonra bu gün onu Rusiyanın əleyhinə istifadə edirlər. Aİ isə ümumiyyətlə ABŞ-ın bir ştatına çevrilib. Xarici siyasət ilə bağlı Vaşinqtondan nə təlimat gəlirsə, Avropa o mövqeyi nümayiş etdirir. Hal-hazırda Cənubi Qafqazda ABŞ-ın oyunçuları Almaniya və Fransadır. Ukrayna gərginliyində isə Böyük Britaniya və Polşa bu funksiyanı icra edirdi”. A.Məsiyev deyib ki, Paşinyan özünü Ermənistan dövlətinin rəhbəri kimi yox, ABŞ-ın kadrı kimi aparır: “ABŞ bundan maksimum dərəcədə istifadə edir. Hazırda isə qarşıdurmada Qərb Paşinyanın əlini gücləndirir. Bunun üçün Ermənistanın lehinə mövqe sərgiləyir. Azərbaycan əleyhinə qəbul edilən qətnamə, habelə Fransa və Almaniyanın sərgilədiyi mövqe Paşinyanın əlini gücləndirir. Nəticə etibarilə Cənubi Qafqazda Rusiya və ABŞ arasında savaş gedir. Ermənistan və Azərbaycan bu savaşın elementləridir. Bütün bunlara baxmayaraq Azərbaycan öz maraqlarını nəzərə alaraq balans yaratmağa çalışır. ABŞ təzyiq edir ki, Azərbaycan antiRusiya koalisiyasına qoşulsun. Bu isə bizim maraqlarımıza uyğun deyil. Rusiya ilə düşmənçilik etmək doğru deyil. Kreml ilə düşmənçilik edənin sonu Ukrayna kimi olacaq. Ukrayna Rusiyaya xəyanət etdiyinə görə bu vəziyyətdədir”.