CƏNUBİ Qafqazı KİM SİLKƏLƏYİR?
Son iki ayda Cənubi Qafqazda çox ciddi proseslər cərəyan edir. Ermənistanda inqilab baş verdi, Gürcüstan isə son günlərdə baş verən aksiyalarla inqilabi dəyişikliklərə doğru gedir. Hər iki Qafqaz ölkəsində baş verən bu hadisələr çoxsaylı müzakirələr doğurub. Belə iddialar var ki, proseslər Amerika və Avropa ölkələri tərəfindən təşkil olunur. Səbəb kimi də Ermənistanın Rusiyanın himayəsində olması və Avropa yolu getməsinə baxmayaraq, Gürcüstana rəhbərlik edən iqtidarın rusmeylli olması göstərilir. Azərbaycanın bu proseslərdən tam kənarda qalması ilə bağlı da müxtəlif mövqelər var. Rəsmi Bakının balanslı siyasət yürütməsi nəticəsində ölkə daxilində Ermənistan və Gürcüstanda yaşanan hadisələrə bənzər proseslərin baş vermədiyi deyilir. Eyni zamanda hər iki ölkənin müxalifəti ilə müqayisədə Azərbaycan müxalifətinin iqtidardan zəif olmasının burada əsas rol oynadığı vurğulanır. Bu fikirlərə baxmayaraq, hər kəsdə belə bir sual yaranıb, Gürcüstan və Ermənistandakı hadisələr Azərbaycana da təsir edə bilərmi?
Politoloq Nəzakət Məmmədova hesab edir ki, Cənubi Qafqazda bütün güclər aktiv rol oynayır: “Rusiya ambisiyalı lideri, keçmiş çekist Putinin hakimiyyətə gəlməsindən sonra SSRİ-nin qüdrətini bərpa etmək üçün qlobal siyasət yeritməyə çalışır. Rusiyanın adı ən müxtəlif beynəlxalq qalmaqallarda hallanır. Amerikada seçkilərə müdaxilədən tutmuş, Suriyadakı müharibəyədək onun iştirakı var. Rusiyanın ”hibrid müharibəsi" apardığı deyilir. Bu, hərbi və qeyri-hərbi üsulların sintezidir. Burada enerji asılılığı olan ölkələrə təzyiq, bəzi keçmiş sovet respublikaları ilə faktiki müharibə, onların ərazilərinin birbaşa işğalı və ya Qarabağ məsələsində olduğu kimi digərinin nəzarətinə keçirmək və s. misal çəkə bilərik. Cənubi Qafqazda isə həm Rusiya, həm ABŞ, həm Avropa, həm də Türkiyə aktiv rol oynayır. Onların maraqlarındakı ziddiyyətlər və toqquşmalar regionu silkələyir. Artıq Cənubi Qafqaz Qərb-Rusiya qarşıdurmasının yeni poliqonudur. Geosiyasi güc mərkəzləri bizim birbaşa sərhədimizdə üz-üzə gəliblər. Bu hadisə hər nə qədər birbaşa Azərbaycana aid olmasa da, ancaq bizim sərhədlərimizdə baş verir və bizə çox böyük təsiri var. Ermənistandakı hadisələr ilk növbədə Qərb tərəfindən Rusiyaya, eyni zamanda İran və Türkiyəyə qarşı yönəlib. Çünki hər üç ölkə ilə hazırda Qərb arasında qarşıdurma kəskin xarakter alıb. ABŞ bu ölkələrin onun Suriya planının pozmasının revanşını, müharibə təhdidini onların bilavasitə sərhədinə daşımaqla göstərir. Son günlər Naxçıvanda baş verdiyi deyilən hadisələr də bununla bağlı ola bilər. Naxçıvan çox mühüm strateji ərazidir və burada baş verənlər Türkiyə, İran və Rusiyaya mesajdır". Xanım politoloq onu da bildirdi ki, Ermənistanda və Gürcüstanda baş verənlər ilk növbədə Rusiyaya çox ciddi mesajdır:“Burada Qərb güc mərkəzlərinin, kəşfiyyat orqanlarının rolu istisna edilə bilməz. Rusiya hələ ki müşahidəçi mövqeyi tutur. Çünki hadisələrə birbaşa müdaxilə böyük qarşıdurmaya səbəb ola bilər. Rusiyanın isə hazırda bir neçə cəbhədə müharibə aparmaq potensialı zəifləyib. Doğrudur, Rusiya bu proseslərə hətta hərbi müdaxilə də edə bilər və müəyyən həddə qədər qələbə də qazana bilər. Lakin sonunda məğlubiyyət qaçılmazdır. Suriyada Rusiyanın qələbəsini elan etməsindən sonra onun hərbi bazalarına hücumlar, terror aktları məlumdur. Odur ki, Rusiya postsovet ölkələrindəki hadisələrə birbaşa hərbi müdaxilədən daha çox, ”asimmetrik müharibə", “boz sahədə müharibə” deyilən vasitələrlə qoşulub. Rusiyanın hadisələrə birbaşa müdaxilə etməməsinin bir neçə səbəbi var: əvvəla, birbaşa hərbi əməliyyatlarda iştirak etmək-2008-də Gürcüstanla müharibə, Krımın ilhaq olunması, Ukraynada separatçı bölgələrə dəstək verilməsi onun beynəlxalq nüfuzuna ciddi zərbə vurdu. Rusiya növbəti belə addımlarla özünü daha da gözdən salmaq istəməz. Digər tərəfdən, hazırda sanksiyalar, beynəlxalq təzyiqlər və s. onun potensialını muəyyən dərəcədə zəiflədib. Ermənistan və Gürcüstandakı hadisələrə bilavasitə müdaxilə onun daha da zəifləməsinə səbəb ola bilər. Ən əsası isə Rusiyanın ərazisində dəhşətli terror müharibəsi başlaya bilər. Doğrusu, Rusiyanın xüsusilə cənub xidmət orqanları dünyada ən güclülər sırasındadır. Lakin Mossad da ən güclüdür, Həmasın və Hizbullahın hücumlarının qarşısını ala bilirmi? Biz birtərəfli qaydada Rusiyanı ittiham edə bilmərik. Qərb və Rusiya hər ikisi dünyanın bir çox bölgələrində geosiyasi üstünlük savaşı aparırlar və bizim olduğumuz Cənubi Qafqaz bölgəsi də bunun bir parçasıdır. Onlar bir-birinə qarşı ideoloji, hərbi, kəşfiyyat, enerji, maliyyə müharibələri aparırlar. Ölkəmizə gəlincə, Azərbaycanı qarışdırmaq istəyən qüvvələr həmişə olub və indi də var. Lakin Azərbaycan digər respublikalarla müqayisədə daha çox möhkəmdir. Siyasi sabitlik burada daha möhkəmdir, balanslı siyasət yürüdür ki, bu da onun manevr imkanlarını artırır. Azərbaycan konkret olaraq bir güc mərkəzi ilə işləmir, öz milli maraqlarına uyğun olaraq onların bir çoxu ilə əməkdaşlıq edir. Bu hadisələrin ölkəmizdə təkrarlanacağını inandırıcı hesab etmirəm. Heç bir ölkə Azərbaycanda dövlət çevrilişi edə bilməz. Bunun üçün həm daxili şərtlər baxımdan zəmin yoxdur, həm də xarici qüvvələrin bu istəyi əvvəllər dəfələrlə iflasa uğrayıb".Nəzakət Məmmədova: “Heç bir ölkə Azərbaycanda dövlət çevrilişi edə bilməz”