HƏMAS-ın İsraillə toqquşması: İran yəhudi dövləti ilə müharibəyə girəcək?
“İran-İsrail müharibəsi nəzəri olaraq mümkündür, ancaq praktikada İsrailin bir neçə cəbhədə döyüşmək imkanı yoxdur. Bu məsələ ilə bağlı hansısa fikirlər söyləmək, təhlillər aparmaq olar, ancaq kiçik İsrailin buna imkanlarının çatacağına inanmıram”. Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O, İsrail-HƏMAS qarşıdurmasının perspektivdə İran-İsrail müharibəsinə çevrilmə ehtimalından söz açıb: “Hələ “Hizbullah”ın müharibəyə qoşulub-qoşulmayacağı birmənalı deyil. Qoşulduğu təqdirdə həm HƏMAS, həm “Hizbullah”, həm də İranın Suriyadakı proksi qüvvələri İsrailə müdaxilə edəcək. Bunun da üstünə İranı qatsaq, İsrail bu qədər qüvvə ilə mübarizə aparmaq üçün parçalana bilməz. Çünki bu həm fiziki, həm hərbi-iqtisadi və maliyyə, həm də canlı qüvvə cəhətdən mümkün deyil”. Siyasi təhlilçi xatırladıb ki, bu gün Birləşmiş Ştatlar İranla münasibətlərdə müəyyən qədər ehtiyatlı yanaşır: “Vaşinqton bildirilib ki, İranın prosesdə birbaşa iştirakı ilə bağlı konkret dəlillər yoxdur. İnanmıram ki, ABŞ indiki vəziyyətdə İrana müdaxiləni mümkün hesab etsin. Hazırkı situasiyada bu, arzuolunan deyil”. N. Miri hesab edir ki, hələlik uzağa gedən nəticələr çıxarmaq düzgün deyil: “Doğrudur, İsraildə baş verənlər bir neçə günlə məhdudlaşacaq müharibə deyil. Çünki məlum hadisəni fürsətə çevirən Benyamin Netanyahu hakimiyyəti HƏMAS-ı birdəfəlik, tamamilə ləğv etmək istəyəcək. Mənə elə gəlir ki, yaxın gələcəkdə İsrail ordusu Qəzza zolağında quru əməliyyatları başlayacaq. Çünki quru əməliyyatları olmadan HƏMAS-ı yox etmək mümkün deyil. Münaqişənin İran-İsrail müharibəsinə çevrilmə ehtimalı indiki perspektivdə mümkün deyil. İranı birbaşa prosesdə görmürük, əksinə, İran proseslərdə vəkalətən iştirak edir. Məncə, İranın və yaxud başqa dövlətlərin prosesə müdaxiləsinə qədər rəsmi Təl-Əviv çalışacaq ki, işi bitirsin”.